"Təxminən bir il əvvəl fevralın 6-da səhər saatlarında yaşadığımız Kahramanmaraş mərkəzli zəlzələdə itirdiyimiz canların acısı ilk günki kimi ürəyimizi yandırmağa davam edir. Zəlzələdə itirdiyimiz 53 mindən çox vətəndaşımızın hər birinə Allah rəhmət eləsin. Əsrin fəlakətində xəsarət alan 107 mindən çox vətəndaşa bir daha başsağlığı vermək istəyirəm".
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hatayda zəlzələdən sonra mənzillərin təhvil verilməsi mərasimində çıxışı zamanı deyib.
O qeyd edib ki, zəlzələdən can itkisi və dağılan binaların sayına görə ən çox zərər çəkən şəhər Hataydır. Hatayda paylanan çadırların sayı 286 min, konteynerlərin sayı isə 57 mindir.
"Zəlzələ 11 vilayət, 124 rayonu əhatə edib, 7 minə yaxın kənd və məhəllə böyük dağıntılara səbəb olub. 14 milyon vətəndaşımız təbii fəlakətdən birbaşa zərər çəkib. İş o yerə çatıb ki, zəlzələdə dağılan 39 minə yaxın binanın 26 minində axtarış-xilasetmə işləri aparılmalı olub. Bundan əlavə, 200 mindən çox ağır zədələnmiş binaya rast gəlinib. Zəlzələ bölgəsinə 1 milyon çadır göndərilib, 215 mindən çox konteyner qurulub, 349 min ailəyə kirayə yardımı edilib, köçürmə və dəstək ödənişləri həyata keçirilib. Böyük fəlakətlər, böyük iztirablar həm də xalqların birliyinin, həmrəyliyinin, qardaşlığının, gücünün sınandığı dönüş nöqtələridir. Xalqımız bu ağrılı və tarixi sınaqdan uğurla çıxdı. Əsrin fəlakətini əsrin həmrəyliyinə çevirərək o ağır günlərin arxada qalmasına əmin olduq.
Zəlzələ bölgəsindəki müdaxilə işlərində cəmi 650 min personal iştirak edib. Zəlzələ bölgəsinə 150 min TIR yardım göndərilərkən, 20 milyon ərzaq bağlaması paylanıb. Gündə 4 milyon insana yemək xidməti göstərilib. Əslində, bu fəlakət müəyyən mənada dünyanın ən böyük axtarış-xilasetmə və bərpa əməliyyatıdır. Fəlakətdən sonra həm dağıntıların çıxarılması, həm də yenidənqurma işlərinin mümkün qədər tez aparıldığı bir nümunəni bir daha yaşadıq. Zəlzələdən sonra şəhərinin, ailəsinin, biznesinin, torpaqlarının qayğısına qalan, çətin şəraitə baxmayaraq evlərini tərk etməyən vətəndaşlarımıza minnətdarlığımızı bildiririk. Bu fəlakət bizə verdiyi çoxlu dərslərlə yanaşı, dövlət-millət həmrəyliyinin ən yüksək səviyyədə olduğunu göstərdi. Biz fəxr edirik ki, belə bir vəfalı, fədakar bir xalqın övladıyıq".