18 Mart 14:24
1 328
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəngəzur dəhlizi və 8 kəndin azad olunması üçün Azərbaycanın hərbi əməliyyatlara başlaması ilə bağlı fikirlər mübahisəlidir. Hərbi əməliyyatlar o halda başlaya bilər ki, Rusiya Ermənistanda hərbi çevriliş etsin. Moskva ordunu İrəvana yeridərsə, Azərbaycan dövlət və milli təhlükəsizliyini təmin etmək üçün Zəngəzur dəhlizinə doğru hərəkət edə bilər. Ölkəmizin sərhəd boyu təhlükəsizliyi təmin etmək üçün digər addımlar da atması mümkündür.

Bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

O qeyd edib ki, bu halda Zəngəzurun da Azərbaycan Ordusu tərəfindən azad edilməsi reallaşar:

“Bunun əksinə olacaq situasiyada Azərbaycanın Zəngəzura hücum, Ermənistanla müharibə aparması ehtimalı yoxdur. Azərbaycanın hələ də Ermənistanın işğalında olan 8 kəndi ilə bağlı (Qazaxın 7-i kəndi, Naxçıvanın 1 kəndi) məsələ isə tam aydınlaşmayıb. Nikol Paşinyanın açıqladığı xəritələrdə belə bu kəndlər Azərbaycan ərazisi kimi qeyd olunub”.

Partiya sədri hesab edir ki, kəndlərin təhvil verilməsi ilə bağlı Ermənistanda müzakirələr gedir:

“Burada müxtəlif qütblü yanaşmalar var. Xüsusi ilə anklav olmayan Qazaxın 4 kəndinin qısa zamanda boşaldılması ilə bağlı Azərbaycanın tələbi ortadadır. Digər məsələlər, o cümlədən anklav kəndlər də müzakirələrin yekununda Azərbaycana təhvil verilməlidir”.

Fəzail Ağamalıya görə, kəndlərin boşaldılması ilə bağlı Ermənistan addım atmasa, Azərbaycan Silahlı Qüvvələri hərəkətə keçəcək:

“Burada başqa variant yoxdur. Bu, həmçinin an məsələsidir. Yaxın bir ayda kəndlərin boşaldılması ilə bağlı Ermənistan addım atmasa, Azərbaycan Ordusu azadetmə əməliyyatına başlayacaq”.


Müəllif: Tapdıq Qurbanlı