4 Mart 13:06
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb platformasında Azərbaycanın Ermənistana “hücum”a hazırlaşması ilə bağlı yanlış informasiyalar tirajlanır. Avropa Parlamentinin sonuncu qərəzli yanaşması da bu ritorikaya söykənmişdi. Burada məqsəd tamam fərqlidir. Onların bölgədə gərginliyi artırmaq, Azərbaycanın hücum edəcəyi bəhanəsi ilə Ermənistanı silahlandırmaq niyyətləri var.

Bunu Teleqraf.com-a Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.

“Əslində Qərb özü bununla Ermənistanı yeni təxribatlara sövq edir. Bu ritorikanın arxasında əsasən Fransa durur. Rəsmi Paris digər Avropa Birliyi ölkələrinin siyasətçilərini şantaj edərək bu “proses”ə qoşulmağa vadar edir” - deyə o qeyd edib.

Millət vəkili hesab edir ki, məqsəd seçki öncəsi Emannuel Makrona dəstək qazanmaqdır:

“Erməni lobbisinin bu yolla dəstəyini qazanmaq niyyətləri ortadadır. Ona görə də, Makron özünü yeni Napoleon kimi apararaq Cənubi Qafqaza daxil olmaq istəyir. Bunun üçün də Ermənistandan alət kimi istifadə edilir”.

Asim Mollazadə bildirib ki, Avropa İttifaqının Ermənistandakı “missiya”sının sayının çoxaldılması və onlara əlavə səlahiyyətlərin verilməsi ilə bağlı niyyətlər var:

“Bunlar eyni oyunun parçasıdır. Gərginliyi artırmaqla Ermənistanı revanşizmə sövq etmək istəyirlər.

Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının getdiyi ərəfədə belə yanaşmalar prosesə açıq zərbədir. Ermənistan da sülh prosesinin pozulmasında maraqlıdır. İrəvan danışıqların 30 illik imitasiyası ilə məşğul olan tərəf kimi belə davranışlar onun üçün yad deyil”.


Müəllif: Tapdıq Qurbanlı