26 İyun 16:46
3 930
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Konstitusiyası dəyişdirilmədən sülh mümkün deyil.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Ermənistanda konstitusiya referendumu rəsmi Bakının dayanıqlı sülh üçün əsas şərtlərindən biridir:

“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanla bağlı iki açıqlama verib. Onun birinci açıqlaması odur ki, rəsmi Bakı Baş naziri Nikol Paşinyanın sərhəddə gərginliyi azaltmaq və atəşkəs pozuntularını aradan qaldırmaq üçün ikitərəfli mexanizmin yaradılması təklifinə cavab verməyib. Qriqoryanın ikinci açıqlaması isə budur ki, Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı onuncu təkliflər paketini alıb. Bundan əvvəl İrəvan növbəti təkliflərini Bakıya göndərmişdi. “Biz çox çalışırıq”, - söyləyən Qriqoryan prosesin dinamikliyinə diqqət çəkib: “Bəzən irəliləyiş olur, bəzən yox”.

Paşinyanın atəşkəsin pozulmasıyla bağlı İrəvanın Bakı ilə birgə “ortaq mexanizm” qurması təklifinin arxasında onun Ermənistan ordusuna tam nəzarət edə bilməməsinin etirafı var. Paşinyan açıq şəkildə “atəşkəsi Ermənistan ordusu pozmayıb” deyə də bilmir, şübhələri var. Çünki baş nazir bu ilin fevralında atəşkəsi ordu içindəki “Yerkrapa” qruplaşmasının üzvünün pozduğunu etiraf etmişdi. Başqa təxribatçılar da var. Belə olan halda Paşinyan “ortaq mexanizm” vasitəsilə ordusundakı təxribatçıları müəyyənləşdirmək istəyir. Ancaq Ermənistan ordusundakı təxribatçıları və “atəş açın” əmrini verən zabitləri müəyyənləşdirmək Azərbaycanın problemi deyil, bu işin öhdəsindən Paşinyan gəlməlidir”.

Elxan Şahinoğlu xatırladıb ki, başda Prezident İlham Əliyev olmaqla, bütün rəsmilərimiz iki ölkə arasında sülh sazişinin imzalanması üçün özündə ərazi iddialarını ehtiva edən Ermənistan konstitusiyasının dəyişdirilməsinin zəruri olduğunu vurğulayırlar:

“Böyük ehtimalla, Azərbaycanın Ermənistana göndərdiyi növbəti təkliflər paketində bu zərurət yenidən qeyd olunub. Əvvəlki açıqlamalarında konstitusiyanın yenilənməsində israrlı olan Paşinyan son vaxtlar bu məsələnin iki il sonra həll oluna biləcəyinə eyham vurmağa başlayıb. İki il gecdir. Əgər Paşinyan söylədiyi kimi, Azərbaycanla qısa müddətdə sülhün əldə olunmasını istəyirsə, iki ili gözləmədən heç olmasa, konstitusiyada ərazi iaddialarını ehtiva edən bəndlərin çıxarılmasına nail olmalıdır. Bunsuz iki ölkə arasında sülh mümkün deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər