28 İyun 16:44
1 849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Növbədənkənar parlament seçkilərində də iştirak etmək niyyətindəyik. Bununla bağlı Ana Vətən Partiyasında ilkin müzakirə keçirilib. Müəyyən fikirlər ortalıqdadır. Namizədlərimizin konkretləşməsi və hansı dairədən verilməsi indiki qanunvericilik çərçivəsində partiyanın müvafiq qurumları tərəfindən irəli sürülməlidir.

Bunu Teleqraf.com-a açıqlamasında Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, artıq ölkə başçısının sərəncamı ilə seçkilərin tarixi məlumdur, Ana Vətən Partiyasının mərkəzi şurası sonra ali məclisi çağırılacaq:

“Orada seçkidə necə iştirak edəcəyimiz, hansı dairələrdə namizədlərimizin verilməsi məsələləri müzakirə olunacaq".

Fəzail Ağamalı oğlu Elçin Ağamalı və qızı Günay Ağamalının seçkilərdə namizəd olub-olmayacağı barədə sualı belə cavablandırıb:

"Oğlum Elçin Ağamalı son illər siyasi fəallığı nisbətən zəifləyib. Partiyanın yaradıldığı ilk gündən oğlum mənimlə bərabər olub. İndi isə daha çox özünün digər işləri ilə məşğul olmağa vaxt ayırıb.

Qızım Günay Ağamalı isə sosial şəbəkələrdə, partiya işində kifayət qədər fəal iştirak edib. İctimai işlərdə də aktivdir. Övladlarımın parlamentdə iştirak edib-etməməsi məsələsinə gəldikdə isə bununla bağlı hər hansı istəklərini mənə bildirməyiblər. Ailəmizdə hər kəs öz seçimini özü edir. Son olaraq müzakirələr aparacağıq. Baxaq görək nə olacaq. Bütün bunlarla bağlı müzakirələr bitdikdən sonra konkret danışmaq olar".

Fəzail Ağamalı budəfəki seçkilərdə layiqli namizədlərin deputat seçiləcəyinə ümid etdiyini söyləyib: "Seçildiyim dairələrdə 1 və 2-ci çağırış Milli Məclisə seçkilərdə nisbətən ciddi təzyiqlər və xoşagəlməz hallar olmayıb. Amma sonrakı 3, 4, 5 və 6-cı çağırışlardakı seçkilərdə təzyiqlərə məruz qalmışam. Eyni zamanda anti-Azərbaycan və anti-milli qüvvələr tərəfindən təhdid və təzyiqlər olunub. Bunların heç biri məni yolumdan döndərə bilməyib. Əksinə daha prinsipial hədəflərimə doğru irəliləməyə çalışmışam. Komandamla mənə qarşı yaradılmış çətinlikləri aradan qaldırmağı bacarmışam. Ümid edirəm ki, bu seçkilərdə bu təzyiqlər olmayacaq. Əgər olarsa, yenə mübarizəyə hazıram”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər