28 İyun 19:59
1 314
12 Punto 14 Punto 16 Punto 18 Punto

MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov, Tofiq Musayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Elgün Tağızadə ifadə verib.

O bildirib ki, Bakı şəhəri Haqlası Əməliyyat Şirkətində işləyib və “Rizin” Döyüş Federasiyasının keçirdiyi tədbirin təşkilatçısı olub.

Onun sözlərinə görə, təqsirləndirilən şəxslərdən Vüqar və Ruslanı tanıyıb: "Onları da tədbirdən tanımışam. Bizim şirkət həmin tədbirin təşkilatçısı olub. Mənim işim tədbir keçirilən "Dəniz Mall"da iştirakçıları liftə qədər yola salmaq olub. Mənim hadisə ilə bağlı məlumatım olmayıb. Mən səs-küy eşitmişəm. Amma hadisəni görməmişəm. Kiminsə döyülməsinin şahidi olmamışam".

Daha sonra ifadə verən Səbri Gülmalıyev bildirib ki, istintaq ifadəsini təsdiqləyir. Şahid qeyd edib ki, sözügedən tədbirə təşkilatçılıq edib. Onun sözlərinə görə, Ruslan Əfəndiyevi həmin tədbirlə bağlı tanıyıb: "Tədbirdən əvvəl bir nəfər vətəndaş mənə yaxınlaşdı və xarici idmançılardan birinin məşqçisi olduğunu dedi. Həmin şəxs içəri keçmək istəyirdi. Mən onu içəri buraxmaq istəmədim. Çünki protokola uyğun deyildi. Səbəb isə idmançılar və məşqçilər oteldən tədbirə gəlməli idilər.

Mənim ixtiyarım yox idi. Buna görə də sonradan adını öyrəndiyim Həsən Əzizov mübahisə yaratdı. Həmin vaxt tədbirlə bağlı mən Ruslan müəllimlə əlaqədə idim. Həsən Əzizov da mübahisə yaradan zaman Ruslan müəllimlə telefonda danışırdım. Sonra Ruslanla telefonda danışan zaman Həsənin mübahisə yaratdığını eşitdi. Məndən telefonu ona verməyimi istədi. Mən də telefonu Həsənə verdim. Onlar telefonda danışdılar. Amma nə danışdıqları bilməmişəm".

Səbri Gülmalıyev qeyd edib ki, Həsən Əzizov və təqsirləndirilən şəxslərin arasında olan mübahisənin şahidi olmayıb. O bildirib ki, Həsən Əzizov və digər şəxslərin üz-gözlərində xəsarət izləri görməyib.

Digər şahid Taleh Hüseynov və Nicat İbrahimov da baş verən hadisənin şahidi olmadığını deyiblər.

Daha sonra ifadə verən idmançı-məşqçi Şəhriyar Abbasov bildirib ki, hadisənin birbaşa şahidi olmayıb. O bildirib ki, hadisə baş verən zaman mübahisəli tərəfləri sakitləşdirən olub.

Şahid istintaqa verdiyi ifadəsində hadisə baş verən gün müttəhim və zərərçəkmiş Həsən Əzizov arasında sözlü mübahisə yarandığını, səs-küy eşitdikdən sonra hadisə baş verən yerə getdiyini deyib. Dediyinə görə, onun müdaxiləsindən sonra ara sakitləşib.

Amma Şəhriyar Abbasov məhkəmədə müstəntiqə dediklərinin əksini danışıb. Şahid idmançı bu cür xırda hadisələrin döyüş idman növlərində çox olduğunu deyib: “Bu cür idmanlarda belə hallar ağlagəlməz qədər çox olur. Çox təəssüf edirəm ki, belə hadisəyə görə bu uşaqlar neçə vaxtdır içəridə oturublar. Həmin günə gəldikdə isə mənə məlumat gəldi ki, aşağıda mübahisə var. Mən otağa daxil olan kimi bunları (təqsirləndirilən şəxsləri nəzərdə tutur - red) götürüb çölə çıxdım. Sonra da həm Həsən, həm Ruslangillə danışdıq, razılaşdıq ki, axşam görüşüb barışıq elan edək. Amma axşam səbəb göstərmədən barışmaq istəmədiyini dedi. Ondan sonra da gedib şikayət edib”.

Prokuror Müslüm Şahmarov bildirib ki, onu maraqlandıran məsələ şahidin hadisə vaxtı zərərçəkmişin üzərində hər hansı xəsarət olub-olmaması məsələsidir. Şəhriyar Abbasov həmin vaxt Həsən Əzizovun üzərində heç bir xəsarət görmədini deyib.

Vəkil Faiq Nəcəfov isə şahiddən müvəkkili Vüqar Kərəmovu hadisə baş verən vaxt dəqiq harada gördüyünü soruşub.

Bu yerdə məlumat üçün deyək ki, digər müttəhimlər və ötən iclasda dindirilən şahidlər Vüqar Kərəmvun mübahisə baş verən yerdə olmadığı deyiblər.

Şəhriyar Abbasov da deyilənləri təsdiq edib.

Hətta Vüqar Kərəmovun həmin vaxt onun yanında olduğunu bəyan edib: “Vüqarın saxlanılmasını eşidən kimi dedim ki, bu yetimi niyə tutublar. Yəni Vüqarı tuturlarsa, məni də tutmalı idilər. Adam mənimlə birlikdə olub".

Ruslan Əfəndiyev deyib ki, bu işin böyüməsində üçüncü şəxsin rolu olub. Şahid məhz bu məsələyə münasibət bildirərkən maraqlı iddia səsləndirib. Şəhriyar Abbasovun sözlərinə görə, Həsən Əzizov onunla söhbətində şikayət etməsinin səbəbkarının Azərbaycan MMA və Qrapplinq Federasiyasının prezidenti Azad Əsgərov dünya çempionu Azad Əsgərov olduğunu etiraf edib: “Mən bu söhbəti barışıq yolu ilə həll edəcəkdim. Amma sonradan Azad Əsgərov Həsənə deyib ki, gedib polisə şikayət eləsin. Məqsəd də o, olub ki, tədbir baş tutmasın”.

Şahidin zərərçəkmişə istinadən dedikləri prokurorda yeni suallar yaradıb. Prokuror iddiaya aydınlıq gətirilməsi üçün Azad Əsgərovun mütləq məhkəmədə dindirilməli olduğunu bildirib.

Təqsirləndirilən şəxslər və müdafəçiləri isə ittiham tərəfinin vəsatəti ilə razılaşmayıblar.
Ruslan Əfəndiyevin vəkili Kənan Məmmədov, Tofiq Musayevin vəkili Şaiq Mirzəyev, Vüqar Kərəmovun vəkili Faiq Nəcəfov və digər təqsirləndirilənxsləron də vəkilləri Azad Əsgərovun dindirilməsi barədə prokurorun vəsatətinə etiraz ediblər.

Vəkillər deyib ki, bu məsələ lazım olsaydı ilkin istintaq vaxtı araşdırılardı. İndiki halda isə vəsatətin təmin edilməsi işin uzadılmasına xidmət edəcək.

Qısa fasilədən sonra prokuror fikrini dəyişib, vəsatətindən imtina etdiyini elan edib.

Daha sonra Həsən Əzizovun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilib. O, həmin ifadəsində göstərib ki, peşəkar məşqçidir, ukraynalı idmançı Anastasiya Sevçenkovanın məşqçisi olub, Bakıda keçirilən turnirdə iştirak etmək üçün birlikdə gəliblər.

Həsən Əzizovun ifadəsindən məlum olur ki, onun Ruslan Əfəndiyev və tələbləri arasında mübahisəsi yaranıb. Zərərçəkmiş özü də etiraf edib ki, onların mübahisəsi 20 saniyə ərzində olub. İddia edib ki, onu yumruq və təpiklə vurublar.

Bundan sonra cinayət işində olan sənədlər elan edilib. Cinayət işində olan ekspert rəylərindən məlum olur ki, Həsən Əzizovun bədən nahiyələrində heç bir xəsarət olmayıb.

Daha sonra məhkəmə istintaqının tamamlanması barədə tərəflərin fikirləri öyrənilib. Dövlət ittihamçısı və vəkillər məhkəmə istintaqının tamamlanmasına, çıxışlar mərhələsinin keçirilməsi mərhələsinə etiraz etməyiblər. Yerində müşavirə keçirən hakim məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edib.

İttiham nitqi ilə çıxış etmək üçün dövlət ittihamçısına söz verilsə də, o, çıxışa hazırlaşmaq üçün vaxt istəyib.

Növbəti proses iyulun 1-də davam edəcək.

İttihama görə, hadisə Səbail rayonu ərazisində baş verib. “Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı şou mərasimindən əvvəl “Dəniz Mall”ın konfrans zalından kənar yerdə təqsirləndirilən şəxslər idmançı Həsən Əzizovla mübahisə ediblər.

İttihama görə, təqsirləndirilən şəxslər Həsən Əzizovu cəzalandırmaq qərarına gəliblər. Buna səbəb Həsən Əzizovun keçmiş zamanlarda məşqçisi olmuş Ruslan Əfəndiyevə kobud cavab verməsi olub.

Dəstə üzvləri Həsən Əzizovun onların yanına gəlməsinə nail olublar. Bu zaman onun üz və baş nahiyələrinə vurublar.

Daha sonra Həsən Əzizovun şikayətindən sonra Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov, Tofiq Musayev cinayət məsuliyyətinə cəlb olunublar.

Təqsirləndirilən şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə yekun ittiham elan edilib.

Məhkəmədə ittihama münasibət bildirən təqsirləndirilən şəxslərin hər biri onlara elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər