Albanların varisləri indiki Udinlərə bağlamaq qeyri peşəkarlıqdır. E.ə. IV əsrdən eramızın VII əsrinədək dövləti olan, ən geci V əsrdən yazısı olan albanlarla kiçik bir tayfa olan udinlərin eyniləşdirilməsi heç bir məntiqə sığmır. Tarixçilərin qeyd etdiyi kimi, Qafqaz dillərindən, daha dəqiq desək, Nax-Dağıstan dillərindən heç biri Azərbaycan ərazisində heç vaxt ümumünsiyyət vasitəsi olmamışdır.
Bunu Teleqraf.com-a açıqlamasında AMEA-nın əməkdaşı, dosent Zaur Əliyev deyib.
Onun sözlərinə görə, 1917-ci il-də nəşr edilmiş "Rus-Çin lüğəti" adlı kitabda bizi maraqlandıran bir məqam var:
“Belə ki, rus dilindən Çin dilinə tərcümədə “Alban” sözünü “Azərbaycan” deyə tərcümə ediblər. Bu barədə Oljas Süleymanov da öz əsərində qeyd edir. Qafqazda yerləşən Albaniya ölkəsini bəzi xalqların adına bağlamağa cəhdlər olub. 1846-cı ildə rus şərqşünası M.Yanovskinin tədqiqatlarından sonra Albaniyanın Azərbaycan olduğu bütün dünyaya bəyan edilib. Onun bu mövqeyi B.Dorn tərəfindən də qəbul olunub. Beləliklə, Albaniyanın “Qafqaz Azərbaycanı” olması təsdiqlənib. Albaniya Azərbaycanın ilkin dövlətlərindən biridir. Bu dövləti formalaşdıran Azərbaycanın avtoxon türk xalqlarının 32 tayfası olub. Amma çox zaman 26 tayfanın adi qeyd edilir. Bu yanlışdır. Sadəcə qədim yazılı abidələrimizdən biri olan Dədə Qorqud dastanına baxmaq kifayət edər, bu, Albaniyaya daxil olan oğuz, qıpçaq, sak, qarqar və digər türk tayfalarının ümumi dastanıdır. Hər bir Alban dövlətinə daxil olan türk tayfasının bir səlnaməsidir.
Tarix mənbədən, əlyazmadan oxumaqla yazılmır. Azərbaycanın hər bölgəsində yaşı minilliklərə gedən abidələr, qalalar, tikililər, kurqanlar və sairələr var. Hər birinin üstündə də milli kimliyi sübut edən damğalar var. Onları bilmədən, oxumadan sən necə tarixi yaza bilərsən axı?
Alban dövrü memarlıq abidələrinin daş və divar rəsmlərində və eləcə də süjet xarakterli oymalarda daha çox türkdilli xalqlara məxsus elementlərdən istifadə edilməsini çox rahat görmək olur. Albanlara məxsus kilsələrə baxan kimi dərhal bilinir ki, o dövrdə Günəşə ibadət edən albanlar tərəfindən, yəni hələ xristianlığın tam mənimsənilmədiyi və səma cisimlərinə ibadətlə qarışdırıldığı dövrlərdə tikilib. Qapı və pəncərələri Günəş doğan tərəfə tikilib. Alban memarlıq üslubunun bütün ornamentlərində isə atəşpərəstliyin təzahürləri, göy cisimlərinə ibadətin motivləri öz əksini tapır. Bu cəhət erkən xristianlıq dövrü alban xaçlarında da özünü göstərir. Alban xaçı dünyada yeganə xaçdır ki, xristianlığa qədərki inamların və kainatı dərketmənin əlamətlərini özündə cəmləşdirən işarələrə malikdir. Bu xaçların bütün kompozisiyaları göylə yerin əlaqəsi, günəş, işıq, nur və məhsuldarlıq simvolu kimi əks olunmuşdur. Bütün alban yazılı daşlarının üzərindəki xristianlığa qədərki inamların və kainat qüvvələrinin qanunauyğun şəkildə yerləşməsi ilə dini-bədii qanunlara tabe edilmiş özünəməxsus təsvirlər təşkil edir ki, bu da başqa xalqların xaç təsvirlərində yoxdur.
Alban dövrü abidələrində, xüsusilə xaçdaşların dekorundakı bədii kompozisiyalarda xristianlığın simvolu olan xaç təsvirləri ilə yanaşı, türk etiqadları, dünyagörüşü, sənət ənənələri və mədəniyyətinə məxsus müxtəlif elementlər müşahidə olunur. Bütün bunlar alban abidələrinin türk etnomədəniyyətinə məxsus olmasını birmənalı şəkildə təsdiq edir. İngilis şərqşünası və arxeoloqu K.Vilson Qədim Şərq mədəniyyətindən danışarkən göstərir ki, “əldə edilən məlumat və nişanələr deməyə əsas verir ki, daha qədim mədəniyyət mərkəzi Azərbaycan olmuşdur”.
Daha vacib bir məqam, Alban dili yeni minilliyin başlanğıcında başqa türk etnoslarının dili ilə qaynayıb qarışaraq formalaşmış Azərbaycan türk dili idi. Tədqiqatçılar alban dilinin mənşəyini izah etmək üçün saysız toponim və antroponimlər üzərində etimoloji araşdırmalar aparıb, etnonimlərin etimoloji izahını veriblər. Bugünkü müasir dilimizin spesifik fonetik, leksik və qrammatik xüsusiyyətləri, əlbəttə, onun xalis oğuz mənşəli olmasını sübut edir. Amma unutmaq olmaz ki, Azərbaycan dili təkcə oğuz dilləri qrupu əsasında formalaşmayıb və formalaşa da bilməzdi. Hələ bu 16 gün də dilimizdə qıpçaq və qismən də karlukuyğur qrupu dillərinin ünsürləri də qalmaqdadır. Bir misal olaraq qədim Alban dilində dua:
"Atamız bizim ki köktəsən, ari bolsunq atınq seninq, kəlsin xanlıxın səninq, bolsun erkinq səninq neçik köktə alay yertə, ötməkimizni bizim kündəlik ber bizgə, bu gün boşat bizgə borçumuznu bizim, neçik ki biz boşatırbiz bizim borçlularimizgə, bermagin bizni sınamaxlıxka, yoxsa xutxar bizni yamandan, zera seninqdir xanlıx da, xuvat da, sənqə haybat menqlik. Amen."
İndiki dilimizlə tam oxunuşu: "Göydə olan atamız, təmiz qalsın adın sənin, gəlsin xanlığın (hakimiyyətin) sənin, göydə olan ərkin yerə ələnsin. Ruzimizi gündəlik ver bizə, Bizi sınaqlara soxma, pisliklərdən qurtar, çünki sənindir xanlıq da (hökm də), qüdrət də. Əbədi olmaq sənə yaraşır. Amin".
Daha önəmli məqamlardan biri Albaniya dövlətinin bayrağı üzərində olan ikibaşlı qaral simvoluna baxaq. Türk mifalofiyasına görə ikibaşlı qartal Günəşi və Ayı təmsil edir. Qədim türk tanrısı Ülgənin, gecə və gündüzün simvoludur. İkibaşlı qartal Səlcuq dövlətinin bayrağında və gerblərində iştirak etmişdir. Cüt başlı qartal motivinə, qədim dövrlərdə şumerlerdə rast gəlinir. Şumerlərdə Laqaş şəhərinin simvolu cüt başlı qartaldır. Onlardan Akkadlara, Assurlara, Sasanilər və Bizanslara keçib. Eyni zamanda xititlərdə, böyük krallıq dövründə Hattuşa, Alacahöyük və Yazılıkayadakı relyeflərdə, yenə cüt başlı qartal görülər. Anadoluda vəziyyət belə ikən Orta Asiyada şamanizmə görə yer ilə göyün arasındakı polad qapını qartal qoruyur. İnsanlara səma və yer üzü səfərlərində müşayiət edən varlıqlar, quş şəklindədir. Qartal quşlar arasında, ululuq və yüksəklik timsalidir. Buna görə türklər qılınc qınlarında, cüt başlı qartal fiquru istifadə edirdilər”.
Tarixçi bildirib ki, Albanlar heç yerə yoxa çıxmayıblar:
“Onlar bizlərik. Bir ucu Anadolu, Dağıstan, Borçalı, Qərbi Azərbaycan, Güney Azərbaycanda yaşayan türk soylu Azərbaycanlılardır.
Sadəcə bizim kimliyimizi Ruslar bu torpaqları işğal edəndən sonra dəyişməyə başladılar. 1836-cı ildə ermənilər mərkəzi Gəncəsər olan müstəqil Alban kilsəsinin ləğv edilərək Eçmədzinə tabe edilməsinə nail olduqdan sonra, 1910-1911-ci illərdə müqəddəs Rusiya Sinodunun dini arxivlərdə yerləşən “lazımsız sənədlərin məhv edilməsi” qərarı adı altında Alban kilsəsinə məxsus dini və tarixi əsərləri məhv etdilər. Məhz yuxarıda göstərilən səbəblər nəticəsində alban yazısı və geniş yayılmış ədəbiyyatı tədricən aradan çıxıb. İlk hədəf isə Qarabağ və Qərbi Azərbaycan ərazisində olan Alban dövrü xaç rəmzlərinin ya tamamilə məhv edilməsi ya da formalarının dəyişdirilməsi üçün çoxsaylı layihələrə külli miqdarda pulların ayrılması oldu. Sovet dövründə isə nəinki Qarabağ və Qərbi Azərbaycan ərazilərində olan, hətta harada Alban kilsəsi var orada olan Alban xaçlarını erməniləşdirməyə başladılar. Onlar bu xaçları dəyişməklə tək kifayətlənməyib. Divarlarda erməni dilində yazılar yazmağa başladılar. XIX əsrin əvvəllərindən Cənubi Qafqazda kütləvi şəkildə kök salan ermənilər, Alban mədəniyyətinin bu nümunələrindən dərhal yararlanmağa başladılar. Onlar qədim xalq obrazı yaratmaq, bununla da ermənilərin digər xalq və millətlərdən daha üstün olduqlarını nümayiş etdirmək üçün, öz mədəniyyətlərinin, dini rəmzlərinin və xaçlarının təkmilləşdirilməsi ilə məşğul olmağa başladılar.
Amma nə qədər etsələr də, Albaniyanın hüquqi-siyasi-mədəni və tarixi varisləri olan bizlər kimliyimizi qoruyub saxlaya bildik. İndi də dünyaya sübut edirik. Bunun üçün isə bir yol var. Tarix kitablarının çoxun yığıb bir yerə yandırmaq lazımdır. Eyni zamanda onların bütün əlyazmalarını da məhv etmək mütləqdir. Saxta tarixi elmdən və təhsildən silsək Albaniya başda olmaqla qədim tariximizi düzgün və qərəzsiz yazmaq olar”.