Dahi fizik Albert Eynşteynin ABŞ prezidenti Franklin Ruzvelti dünyada ilk atom bombasını hazırlamağa çağıran məktubu hərracda 4 milyon dollara satıla bilər.
Teleqraf.com xəbər verir ki, 1939-cu ildə yazılan iki səhifəlik məktubda ABŞ nüvə proqramı qurmaq üçün sürətlə hərəkətə keçməyə çağırılır və nasist Almaniyasının artıq bu gücə malik ola biləcəyi barədə xəbərdarlıq edilir.
“Bu şəkildə yeni tipli son dərəcə güclü bombaların hazırlana biləcəyini təsəvvür etmək olar”, - məktubda deyilir.
Məktubda sadəcə Eynşteynin adı keçir, amma bu, prezidentin diqqətini çəkmək üçün dahi fizikin imzalayacağı ehtimalı ilə ixtiraçı Leo Silard tərəfindən qələmə alınıb.
Əlyazma 2018-ci ildə vəfat etmiş “Microsoft”un həmtəsisçisi Pol Allenə məxsus kolleksiya ilə birlikdə sentyabrın 10-da Nyu-Yorkdakı “Christie's”də satılacaq.
Eynşteynin orijinal məktubu Nyu-Yorkdakı Franklin D. Ruzvelt Kitabxanası və Muzeyində saxlanılır, amma dahi fizik Silarda saxlanmaq üçün verdiyi ikinci bir məktubu da imzalayıb.
Məktubda Eynşteyn və Silard uranın zəncirvari reaksiya yolu ilə nüvə enerjisinə çevrilə biləcəyi və bunun da son dərəcə güclü bomba istehsalına səbəb olacağını irəli sürür.
“Bu tip tək bir bomba ətraf bölgələrlə birlikdə bütün limanı məhv edə bilər”, - elm adamları yazırlar.
Eynşteyn və Silard prezidentə administrasiya ilə Amerikada zəncirvari reaksiyalar üzərində işləyən fiziklər qrupu arasında daimi əlaqə yaratmağı tövsiyə edir.
“Buna nail olmağın mümkün yollarından biri bu tapşırığı sizə güvənən, bəlkə də qeyri-rəsmi vəzifədə xidmət edə bilən birinə vermək olardı”, - məktubda qeyd olunur.
Yəhudi olan Eynşteyn nasizmin baş qaldırdığı günlərdə Almaniyadan ABŞ-yə gedir və məktubu Almaniya Polşanı işğal etməzdən bir aydan az əvvəl prezident Ruzveltə göndərir.
Məktubun yazılmasından iki il sonra, 1945-ci ildə Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atılan atom bombalarını hazırlamaq üçün C. Robert Oppenheymerin rəhbərliyi ilə Manhetten Layihəsi hazırlanmışdı.
Silard məktubu ömrünün sonuna qədər saxlayır, amma varisləri 1986-cı ildə onu 200 000 dollara Malkolm Forbesə satırlar.
Forbes məktubu aldıqdan sonra “The New York Times”a mesahibəsində belə demişdi: “Məktub inanılmaz bir tarixi mərhələni təmsil edir, məncə, 40 ildir sülh şəraitində yaşamağımızın səbəbi də budur”.
Forbes məktubu daha sonra, 2002-ci ildə 2.1 milyon dollara Allenə satır.
Prezident Ruzveltin göstərişi ilə Oppenheymer Nyu-Mexiko ştatının ucqarında uranı tədqiq etmək və atom bombası yaratmaq üçün elm adamları qrupu toplayır, amma 1945-ci ildə bomba sınaqdan keçirilərkən almanlar artıq məğlub olmuş və İkinci Dünya Müharibəsi bitmək üzrəydi.
Bomba istehsal edildikdən sonra prezident Harri Trümen müharibəni qəfil sona çatdırmaq üçün bu silahdan istifadəyə əmr edir. Birləşmiş Ştatlar dünyanın ilk atom bombasını Xirosimaya atır, 15.000 ton TNT-yə bərabər bir partlayış yaradır və şəhəri xarabalığa çevirir, 80 000 insan ölür.
Sonrakı həftələrdə qəlpə yaraları və radiasiya zəhərlənməsindən təxminən 50 000 adam həyatını itirir, ümumi ölənlərin sayı 140 000-ə çatır.
Üç gün sonra Naqasakiyə ikinci atom bombası atılır və 40 000 insan ölür, Yaponiya bir neçə gün ərzində təslim olduğunu elan edir.
Dağıntı o qədər böyük və qorxunc oldu ki, o vaxtdan bəri heç bir dövlət hələlik atom bombasından istifadə etməyib.
O zaman Eynşteyn ABŞ-yə sığındıqdan və Almaniya vətəndaşlığından imtina edərək amerikalı olduqdan sonra nasistlərin nüvə bombası yaratması ehtimalı barədə Ruzvelti xəbərdar etməyi öz vəzifəsi hesab etmişdi. Amma daha sonra Eynşteyn Ruzveltə məktub yazaraq o dövrdə Amerikanın nüvə silahı istehsal edən yeganə ölkəyə çevrilməsində oynadığı rola görə təəssüflənmişdi.
1947-ci ildə “Hər şeyi başladan adam” adlı məqaləsində Eynşteyn yazırdı: “Almanların atom bombası istehsal edə bilməyəcəyini bilsəydim, barmağımı belə tərpətməzdim”.