27 İyun 14:05
1 337
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah İranda erkən prezident seçkisi keçiriləcək, yarış beş namizəd arasında gedəcək. Seçkiyə bir gün qalmış namizədlərdən ikisi Əmir Hüseyn Qazizadə Haşimi və Əlirza Zəkani geri çəkilib. Ölkədə aparılan sorğular üç namizədi önə çıxarır – Məsud Pezeşkiyan, Məhəmməd Baqir Qalibaf və Səid Cəlili. Son sorğuların nəticələrinə inansaq, Azərbaycan əsilli Pezeşkiyan marafondakı əsas rəqiblərini bir qədər geridə qoyur. Bəs real seçki kimi ölkənin siyasi olimpinin ən yüksək zirvəsinə daşıyacaq?

Məsələni Teleqraf.com-a şərh edən politoloq Vüqar Zifəroğlunun fikrincə, hər üçü şanslı namizəd hesab edilir, hər birinin spesifik xüsusiyyətləri var:

“Məsələn, parlament sədri Qalibaf İranın mühafizəkar düşərgəsi, eləcə də hərbi strukturları, xüsusən də SEPAH tərəfindən ciddi şəkildə dəstəklənir.

Səid Cəliliyə gəlincə, onun belə bir ləqəbi var: “Canlı şəhid”. Cəlili İran-İraq müharibəsi iştirakçısıdır, əlavə olaraq, bundan əvvəlki prezident İbrahim Rəisi kimi “Məşhəd klanı” tərəfindən dəstəklənən namizəddir.

Təbrizin millət vəkili Məsud Pezeşkiyan parlamentdə iqtisadi, sosial və siyasi mövzularla bağlı kifayət qədər açıq, bəzən də tənqidi çıxışları ilə seçilir. Seçki kampaniyası dönəmində də kifayət qədər maraqlı fikirlər səsləndirdi. Pezeşkiyanın bir üstünlüyü də onun sosial-siyasi problemləri qabartmaqla yanaşı, İranda yaşayan müxtəlif millətlərin də rəğbətini qazana bilməsidir. Burada yalnız Azərbaycan türklərini nəzərdə tutmuruq, kürdlər, ərəblər, bəluclar və digər millətləri deyə bilərik. Pezeşkiyan çıxışları ilə bu millətlərin rəğbətini qazanıb.

Pezeşkiyanın bir fərqi də ondan ibarətdir ki, islahatçı qanadın öndə gedən və nüfuzlu simaları ona dəstək verirlər. Məsələn, Məhəmməd Cavad Zərif dəstəklədi, Rəfsancaninin qızının bir açıqlaması oldu və sair. Yəni Pezeşkiyan islahatçı qanad tərəfindən kifayət qədər dəstəklənir. Bəli, Pezeşkiyan həm də sorğularda həm Qalibaf, həm də Cəlinini müəyyən qədər üstələmiş kimi görünür”.

Bəs sistem belə bir namizədin seçilməsinə göz yuma bilərmi?

Politoloq bunu da maraqlı məqam hesab edir və İranın dini lideri Əli Xameneyinin bu yaxınlarda səsləndirdiyi fikirlərə diqqət çəkir:

“Xameneyinin son çıxışını xatırlatmaq istəyirəm, bu, İran mediasında kifayət qədər müzakirə olundu. Xemeneyinin çıxışında Pezeşkiyanı işarə etdiyi iddiası var. Məsələn, ABŞ, İranın xarici siyasəti və daxildə etnik siyasətlə bağlı. Yəni Xameneyi bəzi maraqlı məqamlara toxundu. İranın bəzi şərhçiləri bunu Xameneyinin Pezeşkiyana işarə etməsi kimi şərh edirlər. Bütün hallarda indiki məqamda nəsə demək olmur.

Maraqlı bir məqam da budur ki, seçkilərlə bağlı kifayət qədər boykot çağırışları vardı. Bu çağırışlar maraqlı fikirləri ortaya çıxardı. Təkcə Güney Azərbaycan türkləri yox, İranın əhli-sünnə icmasının rəhbərləri də boykot çağırışı etdilər. Hətta əhli-sünnə icması seçkilərdə iştirak etməyəcəklərini açıqladı. Nüfuzlu siyasi məhbuslardan da boykot çağırışları edildi. Belə bir fonda sistemdə seçki fəallığı ilə bağlı narahatlığı vardı. Çünki son parlament seçkilərində iştirak çox aşağı olmuşdu. Təsadüfi deyil ki, Xameneyi qeyd etdiyim çıxışında insanları seçkilərdə aktiv iştiraka dəvət edib. Ehtimal olunur ki, belə tənqidi və açıq çıxışlar edən birinin – Pezeşkiyanın namizədliyinin qeydə alınması və ya seçkiyə buraxılması prosesə başqa bir rəng qatmaq, insanları seçki məntəqələrinə gətirməyə inandırmaq və təşviq etmək məqsədi daşıya bilər. İndi Pezeşkiyanın seçkidən qalib çıxıb-çıxmayacağını söyləmək çətindir.

Mühafizəkarların səslərinin parçalanması məsələsi də var, Cəlili və Qalibaf mühafizəkar qanadın təmsilçiləridir, bu düşərgədə nüfuzları və dəstəkləri olan insanlardır. Amma səslər parçalanır. Bu halda da fikir bildirmək çətindir. Amma ümumi fonun yaratdığı ehtimal budur ki, Qalibafın qalib gəlmə şansı bir qədər yüksək görünür.

Bu seçiləri özəl edən bir məqam da var, burada təkcə prezident seçilmir, həm də gələcək dini liderin kimliyinə aydınlıq gətirilməlidir. Yəni bu, adi bir prezident seçkisi deyil, bununla həm də İrandakı dini-siyasi-hərbi elitalar testdən keçirilir, proseslərin hansı yöndə gedəcəyi müəyyən edilir”.

Yeni prezidentlə yola davam edəcək İranın Azərbaycana münasibəti necə olacaq?

Vüqar Zifəroğlu dəyişən bir şeyin olacağını düşünmür: “İranın oturuşmuş xarici siyasəti var. Tehranın Cənubi Qafqaz siyasəti də bu qəbildəndir. Seçkidə hansı namizədin qalib gəlməsindən asılı olmayaraq, olduğu kimi davam edəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər