1 Oktyabr 14:10
2 244
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın Şərqdə baş verən son olaylar Zəngəzur dəhlizinin reallaşmasını sürətləndirə bilər.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert hesab edir ki, İranın sözlü təhdidləri dəhlizin açılmasına mane olmayacaq:

“İranın mərhum prezidenti İbrahim Rəisi Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək Zəngəzur dəhlizinin “milli təhlükəsizliyə təhdid” kimi qiymətləndirmişdi. Rəisi Tehranda Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdə Zəngəzur dəhlizinin NATO-nun regionda mövcudluğu üçün əsas olacağını, ölkələr üçün milli təhlükəsizliyə təhdid yaradacağını iddia etmiş və İranın buna qəti şəkildə qarşı olduğunu vurğulamışdı.

NATO-nun Zəngəzur dəhlizinə nə aidiyyəti var? Tehranda bunun izahını kimsə verməyib. NATO-nun Zəngəzur dəhlizinə aidiyyəti varsa, Çin öz mallarını Orta dəhlizlə (Zəngəzur bunun tərkib hissəsidir) Avropa ölkələrinə daşıyarmı? NATO ilə Zəngəzur dəhlizi arasında əlaqə yaratmaq məntiqə sığmır.

Rəisi helikopter qəzasında həyatını itirdikdən sonra da iranlı rəsmilər, diplomatlar və mollalar Zəngəzur dəhlizi əleyhinə açıqlamalarına ara verməyiblər.

Ermənistan Baş naziri Nikol Paşinyan Məsud Pezeşkianın Tehranda andiçmə mərasimi çərçivəsində İranın dini lideri Əli Xameneyi ilə görüşmüşdü. Paşinyan Zəngəzur dəhlizi barədə fikir söyləməzkən, Xameneyi bu dəhlizin reallaşmasının əleyhinə olduğunu vurğulamışdı. Paşinyan Xameneyinin bu sözlərinə reaksiya vermədi, çünki bu dəhlizin İrana dəxli yoxdur, yolu Ermənistan ərazisindən keçəcək”.

Elxan Şahinoğlu İranın Rəisidən sonrakı prezidentinin məsələyə münasibətinə diqqət çəkib:

“İranın yeni Prezidenti Məsud Pezeşkian bu vaxta qədər Zəngəzur dəhlizinin əleyhinə fikir bildirməyib. Görünür, Pezeşkian daxilən anlayır ki, Zəngəzur dəhlizinin İran üçün təhlükəsi yoxdur, sadəcə o bu barədə açıqlama vermək istəmir. Əks halda, o, İranın mühafizəkar dairələrinin qəzəbinə tuş gələcək.

İranın baş dərddədir, imicinə böyük zərbə dəyib. İsrail İranın silahlandırdığı regional silahlı qrupları başsız qoyub, komandirlərinin mütləq əksəriyyətini öldürüb. İsrail raket zərbələriylə SEPAH generallarını müxtəlif ölkələrdə öldürməkdə davam edir. Tehran və Qum İsrailə qarşı bir şey edə bilmədikləri halda, Zəngəzur dəhliziylə bağlı hədələrinin heç bir əhəmiyyəti qalmayıb.

Beynəlxalq aləm də gördü ki, İrandakı siyasi-hərbi dairələr ancaq sözdə qorxu yaratmağa çalışırlar, reallıqda isə elə bir gücləri yoxdur, olsaydı, kiçik İsraillə savaşa başlayardılar. İranın parçalanması və bir neçə yerə bölünməsi təhlükəsi barədə ən doğru izahı elə ölkə Prezidenti Məsud Pezeşkian verib.

Yaxın Şərqdə baş verən son olaylar Zəngəzur dəhlizinin reallaşmasını sürətləndirə bilər. Bu Çindən başlayaraq hamının, o cümlədən Mərkəzi Asiya ölkələri, Azərbaycan, Türkiyə və Ermənistanın da xeyrinədir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər