“Hizbullah” terror təşkilatının yeni lideri Haşim Səfiəddin də İsrailin məhv edəcəyi hədəflər sırasında olacaq.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov deyib.
“Həm HƏMAS, həm də “Hizbullah” rəhbərliyinin seçdiyi taktikaların yanlış olduğu barədə güclü təəssürat yaranıb. Bu təşkilatların rəhbərləri çox gözəl anlayırlar ki, irəli sürdükləri yeni liderlər də xarizmatikdir və məhvə məhkumdurlar. Yeri gəlmişkən, Nəsrullahın varisi həm mənəvi, həm də hərbi sahədə çox ciddi təcrübəyə malikdir”, - ekspert bildirib.
Tarasov vəziyyətin kifayət qədər qeyri-müəyyən olduğunu vurğulayıb: “Belə bir durumda “Hizbullah”ın başına yeni sima keçir, bəs o, İsrailə uyacaqmı? Düzünü desəm, buna şübhə edirəm”.
“Əl-Ərəbiyyə”nin məlumatına görə, Haşim Səfiəddin “Hizbullah” hərəkatının yeni baş katibi seçilib. O, əvvəllər bu təşkilatın icraiyyə komitəsinin rəhbəri vəzifəsində çalışıb.
Sentyabrın 28-də İsrail Müdafiə Qüvvələri Beyruta (Livan) hava hücumu zamanı Həsən Nəsrullahın öldüyünü açıqlayıb. “Hizbullah” məlumatı təsdiqləyib. Bəyanatda Nəsrullahın otuz ildən artıq davam edən rəhbərliyindən sonra “şəhidlər cərgəsi”nə qoşulduğu bildirilib.