1 Oktyabr 15:59
5 551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük cərəyanlar okean sularını daşıyan və Yer kürəsinin iqliminə nəzarət edən əsas arteriyalarıdır. Səth cərəyanlarını ölçmək və izləmək nisbətən asandır, amma okeanın dərinliklərində cərəyanlar sirr olaraq qalır.

Teleqraf.com xəbər verir ki, “Nature Geoscience”nin yeni araşdırması okean dibindən keçən cərəyanların sürət və istiqamətlərinin indiyədək elm adamlarının düşündükləri kimi olmadığını göstərir.

Əvvəllər hesab olunurdu ki, dib cərəyanları sabitdir, məsələn, müəlliflərin tədqiq etdiyi Mozambik sahillərində cənubdan şimala axır. Bununla belə, tədqiqatın nəticələri göstərir ki, dərin okean axınları əvvəllər məlum olandan qat-qat dinamikdir.

Araşdırmaya görə, dərinliklərdəki çöküntü süxurları və axınları izləmək və qədim okean şəraitini bərpa etmək üçün istifadə olunan müasir modellərin yenilənməsinə ehtiyac var.

Milli Okeanoqrafiya Mərkəzinin sedimentoloqu və baş tədqiqat müəllifi Mayk Kler deyir: “Planetimizi əhatə edən bu cərəyanlar dərslik modellərinin təklif etdiyindən daha mürəkkəbdir. Çox diqqətli öyrənmə tələb edirlər”.

Alimlər dənizin dibinə lövbər salan müasir ADCP sonar cihazlarından istifadə edərək dərin okean axınlarını ölçə bilərlər. Ancaq bu, çətin və bahalı bir işdir, buna görə də bir çox tədqiqatlarda nadir hallar və qısa müddət üçün istifadə edilib.

Bir şans olaraq, İtaliyanın neft-qaz şirkəti “Eni”nin sahildən kənarda, Mozambik kanalında təxminən 2500 kvadrat kilometr ərazidə sənaye məqsədləri üçün 34 ADCP yerləşdirdiyi bildirilir. Şirkət əldə etdiyi məlumatları bölüşərək, alimlərə dəniz dibinin unikal və təfərrüatlı görünüşünü təqdim edib.

Nəşr yazır ki, vasitələr 4 il ərzində hər 10 dəqiqədən bir cərəyanların sürət və istiqamətini ölçüb. Kalqari Universitetinin geofiziki Luyis Beyli ADCP-lərdən gələn məlumatlar təhlil etməyə başlayanda intensiv şimal cərəyanları ilə bağlı nəticələrin gözlənilən tendensiyasından çox fərqli olduğunu üzə çıxarıb. Amma bütün rəqəmləri hesabladıqdan sonra tədqiqatçılar okean dibindəki cərəyanların tez-tez sürətləndiyi, yavaşladığı, hətta istiqamətini dəyişdiyini aşkar ediblər. Beyli bu durumun elm adamlarını təəccübləndirdiyini söyləyir.

Tədqiqatçılar bu dalğalanmalara nəyin səbəb ola biləcəyini öyrənməyə çalışıblar. Cərəyanlar müxtəlif mövsümlər və qabarma-çəkilmə dövrlərində dəyişir. ADCP-lərdən alınan məlumatlar və okean dibindən təsvirlər göstərir ki, okean dibinin açıq yamaclarında cərəyanlar orta hesabla şimala yönəlir. Amma təqribən şərqdən qərbə istiqamətlənmiş sualtı kanyonlarda cərəyan tez-tez istiqamətini dəyişir.

Alimlər hesab edirlər ki, qabarma-çəkilmə və okean dibinin topoqrafiyası əsasən cərəyanların təbiətini müəyyən edir. Onlar etiraf edirlər ki, tədqiqat dünya okeanının yalnız bir sahəsində aparılıb və digər ərazilərdə əlavə məlumatların əldə edilməsi daha təkmil simulyasiyalar yaratmaq üçün əvəzsiz olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər