8 Noyabr Zəfər Günü ərəfəsində əfv sərəncamının imzalanacağı barədə fikirlər səslənir. Tarixi günlər ərəfəsində verilən əfv sərəncamları, amnistiya aktları fonunda Vətən Müharibəsinin 4-cü ili münasibətilə belə bir hümanist addımın atılacağı deyilir.
Milli Məclisin deputatı, Əfv Komissiyasının üzvü Fazil Mustafa Teleqraf.com-a açıqlamasında bu barədə dəqiq fikir söyləyə bilməyəcəyini deyib.
“Amma bu ərəfədə hansısa addımlar atıla bilər. Belə bir qərar verilməmişdən iki-üç ay öncə müzakirələr aparılır. Əgər belə bir fikir olsa idi, müzakirələr aparılardı”, - deyə o əlavə edib.
Komissiya üzvü bildirib ki, əfv məsələsi ölkə Prezidentinin müstəsna səlahiyyətinə aiddir: “Hansı vaxtda, hansı əlamətdar günlə bağlı əfv sərəncamının verilməsi dövlət başçısının seçimidir. Ona görə də, hələ bu barədə bir məlumatım yoxdur. Hazırda Əfv Komissiyasının iclasları da keçirilmir”.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu əfvlə bağlı gözləntilərin olduğunu söyləyib: “Hələlik səs-səmir yoxdur. Çox istərdik əfv olsun. Qarşıdan Zəfər Bayramı gəlir. Bu tarixi günlə bağlı humanist addımın atılması yaxşı olardı”.
Novellə Cəfəroğluna görə, əfv sərəncamı çərçivəsində insanların azadlığa buraxılması ölkəmizin imicinə müsbət təsir edir.