Ermənistan və Azərbaycan arasında Zəngəzur dəhlizi məsələsi həllini tapacaq, amma tezliklə yox.
Teleqraf.com xəbər verir ki, bunu "Svpressa" portalına rusiyalı politoloq Dmitri Juravlyov deyib.
Ekspertin fikrincə, sülh müqaviləsinin imzalanmasına mane olan bəzi problemlər var:
“Ermənistanla Azərbaycan arasında çox mürəkkəb, dolama sərhəd var, bu məsələ üzərində anlaşılmazlıq mövcuddur. Digər yandan, bu, Zəngəzur dəhlizi problemi ilə əlaqəlidir. Əlbəttə, məsələ həllini tapacaq, amma tezliklə yox. Azərbaycanın (əsas hissəsindən) Naxçıvan və Türkiyəyə çıxmaq üçün Zəngəzura ehtiyacı var. Ermənistan da Zəngəzur dəhlizinə nəzarəti saxlamaq istəyir”.
Analitik bütün çətinliklərə baxmayaraq, sülh müqaviləsinin imzalanacağını proqnozlaşdırır.
Vasitəçilik məsələsinə gəlincə, Juravlyova görə, Ermənistan bu mövzuda seçimini Qərbdən yana edib:
“Artıq bütünlüklə Rusiyadan üz döndərib, gözünü ABŞ-a çevirən, NATO-ya daxil olmaq arzusunda olan Ermənistan üçün Vaşinqtonun vasitəçiliyi daha üstündür. Neytral Azərbaycan Rusiyanın vasitəçiliyinə etiraz eləmir.
Rusiya Cənubi Qafqazda mövcudluğunu itirir. Artıq orada Türkiyədən geri qalırıq. İran əvvəllər öncəlik iddiasında idi, indi isə mövqeyini bir qədər itirib. Biz onun əsas müttəfiqinin Türkiyə olduğunu unudaraq, Azərbaycanla münasibətlərimizlə fəxr edirik. Bunu etiraf etməyin vaxtıdır.
Ermənistana gəlincə, hər şey aydındır, amerikapərəst kurs var, gec-tez orada Amerikanın hərbi bazaları yerləşəcək. Bəli, Gümrüdəki hərbi bazamız hələlik oradadır, amma iki strateji rəqibin hərbi bazalarını bir ərazidə saxlamaq absurd olardı, razılaşın. Deməli, məncə, Rusiyanın Ermənistandakı hərbi bazasının ləğvi zaman məsələsidir. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalansa, İrəvanın NATO-ya üzvlük yolu açılacaq”.
İrəvanın hazırkı situasiyada KTMT və Avrasiya İqtisadi Birliyindən çıxmamasına gəlincə, Juravlyovun fikri belədir: “Ermənistanda çox yaxşı anlayırlar ki, amerikalılar onlar üçün döyüşməyəcək və regional münaqişə yaranarsa, müdafiə etməyəcəklər. Buna görə də KTMT-də qalırlar. Eyni şey Avrasiya İqtisadi Birliyinə də aiddir”.