30 ilə yaxın müddət ərzində Qarabağ və onun ətrafında yerləşən yeddi rayon erməni işğalçıları tərəfindən nəzarətə götürülmüşdü. Azərbaycanın 12 faizə qədər ərazisini meşə örtür ki, bunun təxminən 50-55 faizi də işğal olunan torpaqlarımızın payına düşür. İşğal altında olan ərazilərimiz həm meşəlik cəhətdən, həm də su tələbatı birə iki qat artıq olan ərazilərdir.
Bu fikirləri Teleqraf.com-a Azərbaycan Ekologiya Standartları Monitorinq Fondunun rəhbəri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Rauf Sultanov deyib.
Onun sözlərinə görə, Füzulidə və digər ətraf rayonlarda su anbalarını erməni işğalçılarından azad etməklə kənd təsərrüfatını geniş miqyasda inkişaf etdirmək üçün imkanlarımız yaranır:
“Ekologiya Standartları Monitorinq Fondu olaraq Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının tərkibində fəaliyyət göstəririk. Vaxtilə Sərsəng su anbarı ilə əlaqədar beynəlxalq layihə üzərində işlədik. Dünyaya sübut etmək istədik ki, Sərsəng su anbarı nəinki işğal altında olan, onun ətrafında yerləşən dörd rayonun da su təminatını ödəyir. Sərsəng su anbarı Azərbaycan üçün əvəzolunmaz faktordur. Bu, Avropa Birliyi ölkələrinin Parlament Assambleyasında da müzakirə edildi. Məsələ ilə əlaqədar Avropa Birliyi Azərbaycana dəstək verdi. Hesab edirik ki, su anbarı işğal altında olan və onun ətraf rayonları üçün istifadə edilməlidir. Bizim 3-4 gölümüz, bir neçə su anbarımız işğal altındadır. Onların azad olunması bizim üçün böyük əhəmiyyət kəsb edir”.
Professor bildirib ki, Qarabağ və onun ətrafında yerləşən ərazilərin əksəriyyəti subtropik zonadır: “Subtropik zonada yağan yağışla buxarlanan yağış arasında fərq var. Dağlıq Qarabağ ərazilərinə yağan yağış buxarlanan yağışdan iki dəfə çoxdur. Yəni, o ərazilərin torpağı hər zaman suya lazımı ehtiyacı ödədiyi üçün orada kənd təsərrüfatının inkişafı başqa ərazilərlə müqayisədə on dəfə artıqdır.
Həm də Dağlıq Qarabağa yağan yağışlar çaylar vasitəsilə Azərbaycanın digər bölgələrinə axır. Bunlar da kənd təsərrüfatının inkişaf etdirilməsində böyük rol oynayır. Bu gün şəksiz-şübhəsiz demək olar ki, Dağlıq Qarabağ ərazisində olan su ehtiyatı Azərbaycan üçün əvəzolunmaz bir mənbədir. Ona görə də bu ərazilərin işğaldan azad olunması Azərbaycanın kənd təsərrüfatına, iqtisadiyyatına çox böyük təsir göstərəcək.
Ümumiyyətlə, Azərbaycanın suya olan tələbatının 1/3-ni ölkəmizdəki çaylar, 2/3 hissəsini isə Gürcüstan, Ermənistan və Türkiyədən gələn çaylar ödəyir. Suya, suyun varlığına olan ehtiyacımız olduqca çoxdur”.
Rauf Sultanov Zəngilan torpaqlarının işğaldan azad olunmasının ekoloji baxımdan əhəmiyyətindən də söz açıb: “Ermənistan İranla birlikdə Araz çayı üzərində işğal altında olan ərazimizdə iki böyük su anbarı tikib. O, həm su elektrik stansiyası, həm də su anbarıdır. Zəngilan rayonu azad olunduğu üçün artıq bundan istifadə edə biləcəyik. Bu, infrastrukturun inkişafına böyük təkan verir.
Azərbaycan Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonu azad etməklə demək olar ki, kənd təsərrüfatını 2-3 dəfə artırmaq imkanına malikdir. Orada Azərbaycanın 60 faiz mineral resursları işğal altında idi. Dünya miqyasında böyük investisiyalar qoyulacaq ki, orada sənayenin artımı mümkün olacaq. Su olmayan yerdə inkişaf etmək qeyri-mümkündür. Azərbaycanın sürətlə inkişaf etməsi üçün su resurslarının əhəmiyyəti olduqca böyükdür”.