Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti “Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi Qaydası”nı təsdiq edib.
Yeni qaydada xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi nəzərdə tutulur. 2021-ci il yanvarın 1-dən qüvvəyə minəcək qərara əsasən, xarici ölkədə 182 gündən çox müddətdə yaşayan, ortaaylıq gəliri yaşadığı ölkənin ortaaylıq əməkhaqqından az olan aztəminatlı azərbaycanlılar birdəfəlik pul yardımı ala biləcəklər.
Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov qərarı Teleqraf.com-a şərh edib.
O bildirib ki, Azərbaycan vətəndaşları xarici ölkələrdə çarəsiz vəziyyətdə olanda səfirliklər, konsulluq xidmətləri imkan daxilində köməklik edirlər: “Qəbul olunan layihənin adından göründüyü kimi, burada söhbət yalnız vətəndaşlardan getmir, həm də həmvətənlər nəzərdə tutulur. Xüsusən pandemiya dövründə xaricdə yaşayan həmyerlilərimizin çoxsaylı problemi özünü aktuallığı ilə göstərdi. Bəzən xaricə gedən soydaşlarımız çıxılmaz vəziyyətə düşürdü, qazancı əldən çıxırdı, ölkəyə qayıtmaq istəsə də, alınmırdı. Yaxud kiminsə yaxın adamı xaricdə rəhmətə gedirdi, onun ölkəyə gətirilməsi üçün çətinliklər olurdu. Buna görə belə bir layihə qəbul olunub”.
Ekspert deyir ki, əvvəllərdə də xaricdə yaşayan aztəminatlı azərbaycanlılara yardımlar göstərilirdi: “Dəfələrlə Heydər Əliyev Fondu bu cür şəxslərə köməklik göstərib. Bəzən dövlətlərdəki səfirliklər və ya Diaspor Komitəsi şəxsi imkanları hesabına yardımlar edib. Pandemiya dövründə xaricdə yaşayan Azərbaycan vətəndaşlarının dövlət hesabına ölkəyə gətirilməsi təmin olundu. Dövlətin vəzifələrindən biri də çıxılmaz vəziyyətdə olan vətəndaşlarına kömək etməsidir. Yeni qərara normal baxıram”.
Sahib Məmmədov sosial yardım üçün müəyyən büdcənin olacağını və orada müəyyən həddin müəyyənləşdirildiyini də deyib: “Bu hədd böyük məbləğ sayılmasa da, əksər hallarda kifayət edəcək. Birdəfəlik yardımın məbləği 3 min manat göstərilir. Bir var hansısa qeyri-hökumət fondları, səfirliklər köməklik edə, bir də var sosial yardım almaq üçün “Elektron hökumət” portalına və ya Azərbaycan Diasporuna Dəstək Fonduna müraciət edəsən. Burada müəyyən büdcə olacaq və çarəsiz vəziyyətə düşən vətəndaşlarımız yardım ala biləcəklər.
Xaricdə insanlar özlərindən asılı olmayan səbəblərdən müflis vəziyyətə düşürlər. Tutaq ki, vətəndaş qazanc arxasınca gedir, bir müddət işləyəndən sonra ya onu aldadırlar, ya da müflis olur. Xaricdə yaşayan insanlarımız fövqəladə hallarla üzləşə, müharibə və hərbi əməliyyatlar zamanı zərər çəkə bilər. Həmin şəxslər “Elektron hökumət” portalına və ya Azərbaycan Diasporuna Dəstək Fonduna müraciət edərək sosial yardım ala biləcək”.
Mütəxəssis sosial yardımın hər kəsə şamil olmayacağını da vurğulayıb: “Xaricdə yaşayan dedikdə söhbət yarım ildən çox – 182 gün yaşayanlardan gedir. Həmçinin ortaaylıq gəliri yaşadığı ölkənin ortaaylıq əməkhaqqından az olan aztəminatlı azərbaycanlılar nəzərdə tutulur. Tutaq ki, kimsə bir həftəlik xarici ölkəyə səfər edir və orada pulunu itirir. Yeni qaydalar onlara şamil olunmur. Təbii ki, onlar belə hallarda səfirliklərə və konsul xidmətlərinə müraciət edə bilərlər. Amma bu qaydalarda nisbətən uzun müddət yaşayan azərbaycanlılar göstərilir”.
Yeni qaydalardan sui-istifadə hallarına yol verilməsinə gəlincə, Sahib Məmmədov hər şeyin mümkün olduğunu deyib: “Bu, təklifi verənlərin niyyətinin saflığından asılıdır. Görünür, Diasporla İş üzrə Dövlət Komitəsinə bu insanlar tərəfindən həddən artıq müraciətlər olunur, onlar da çarəsiz qalırlar. Hər bir dövlət orqanının büdcəsi limitləşdirilib. Yəni, vəsait hansı maddə göstərilibsə, ora sərf oluna bilər. Görünür vəziyyətdən çıxış yolu kimi bunu ediblər.
Qərarın icra olunmasında kimlərsə sui-istifadə hallarına yol verə bilər. Sui-istifadə ikitərəfli də ola bilər. Birinci, yardıma iddia edən özünü çətin vəziyyətdə olmuş kimi göstərib pulu ala bilər. Subyektiv kriteriaları yoxlamaq mümkün olmaz. Necə ki pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə veriləndə belə hallar olmuşdu. İnsanın ehtiyacı yoxdur, amma obyektiv kriterialara baxanda görürsən ki, öz adına əmlakı, avtomobili yoxdur, heç yerdə işləmir və ona 190 manatı verdilər. Halbuki onun yaxın qohumlarının adına mağazası da var, obyekti də. Bunu yoxlamaq hökumət üçün o dövrdə mümkün deyil. Oxşar hallar burda da ola bilər.
İkincisi, hansısa bir məmur və ya bu işi icra edənlərin içərisində də bundan sui-istifadəyə cəhd edənlər ola bilər. Ümumilikdə niyyət safdır. Amma proqramın həyata keçirilməsində qüsurlar olacaqsa, gələcəkdə təkmilləşdirmə aparmaq olar”.