4 Dekabr 2020 16:37
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırda şəhid ailələrinin sosial təminatının gücləndirilməsi üçün 20 istiqamət üzrə birbaşa ödəniş və güzəştlər həyata keçirilir”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, Azərbaycan bu gün ərazi bütövlüyümüz yolunda canlarını qurban vermiş Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib: “Qələbəmizin əldə edilməsinə görə şəhidlərimizə borcluyuq. Artıq Azərbaycan üçün yeni mərhələ başlayır. Bu mərhələdə şəhid ailələrinin, eləcə də savaş qazilərimizin sosial təminatının daha da gücləndirilməsi əsas prioritetlərdən olacaq.

Hazırda şəhid ailələrinin sosial təminatının gücləndirilməsi üçün 20 istiqamət üzrə birbaşa ödəniş və güzəştlər həyata keçirilir. Bura şəhid ailələrinə 11 min manatlıq sığorta ödənişdən başlayaraq şəhid ailələrinə xərclənən vəsaitin müvafiq mərkəzi və yerli büdcələr, pensiya və müavinətlərə çəkilən xərclərin isə Dövlət Sosial Müdafiə Fondu və dövlət büdcəsi hesabına nağdsız qaydada ödənilməsinədək müxtəlif tədbirlər aiddir”.

Vüqar Bayramov deyib ki, yeni mərhələdə şəhid ailələrinin üzvləri və qazilərin işlə təmin olunması da sosial siyasətin əsas hədəflərindəndir:

“Özünüməşğulluq və digər sosial proqramlarda şəhid ailələrinin üzvləri və qazilərimizə üstünlük veriləcək və kvotalar artırılacaq. Məşğulluğa yönəlik sosial proqramlarda şəhid ailələrinin üzvləri və qazilərimizin iştirakının daha da genişləndirilməsi üçün həmin vətəndaşlarımıza xüsusi güzəştli kateqoriya olaraq ayrıca qeyd edilməsi məqsədəuyğundur.

Bütövlükdə, ölkəmiz üçün başlanan yeni mərhələdə şəhid ailələrinin üzvləri və qazilərimiz üçün dövlət proqramları ilə yanaşı, fərqli ictimai təşkilatların reallaşdırdığı layihələrin də genişləndirilməsinə ehtiyac var. Bu, hər birimizdən xüsusi diqqət və qayğı tələb edir”.


Müəllif: Yeganə Oqtayqızı