11 Yanvar 2021 13:25
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Milli Məclisin deputatı Musa Quliyev ölkəyə COVID-19 vaksini gətirmək üçün özəl klinikalara da şərait yaratmağı təklif edib.

Məsələ ilə bağlı Teleqraf.com-a açıqlama verən tibb professoru Adil Qeybulla hesab edir ki, vaksinlərin ölkəyə dövlət səviyyəsində idxalı daha məqsədəuyğundur. Onun sözlərinə görə, buna birbaşa məsuliyyət daşımaq lazımdır:

“Həmin vaksinlərin gətirilmə, saxlanma qaydaları, bütövlükdə dövriyyəsi sisteminə dəqiq nəzarət olunmalıdır. Bu baxımdan hesab edirəm ki, bu işə özəl sektoru qatmaq düzgün deyil. Birbaşa Nazirlər Kabineti yanında Operativ Qərargahın nəzarəti altında peyvəndlənəcək insanların seçimi aparılmalı, lazımı qədər peyvənd ölkəyə idxal edilməli və proses dövlət səviyyəsində icra olunmalıdır. Dünyanın bütün ölkələrində proses bu şəkildə həyata keçirilir”.

Adil Qeybulla qeyd edib ki, peyvənd olunan şəxslərdə təxminən 42 gün sonra immunitet formalaşmağa başlayır: “Doğrudur, iki peyvəndin arasındakı zaman 21 gün təyin edilir. Amma immunitetin formalaşması ilk peyvənd dozası vurulduqdan 42 gün sonra başlayır. İmmunitet formalaşdıqdan sonra təkrar yoluxma mümkün deyil. Sadəcə peyvənd vurulduqdan sonra yoluxma riski immunitet yaranana qədər qalır”.

Məsələ ilə bağlı TƏBİB-dən Teleqraf.com-a bildirilib ki, vaksinasiya strategiyası ilə əlaqədar ictimaiyyətə yaxın zamanda rəsmi məlumat veriləcək.


Müəllif: Aysel Azad