COVID-19 pandemiyası ilə mübarizədə vaksinasiya mühüm tədbirdir. Pandemiyanın sona çatması, infeksion zəncirin kaskad şəkildə yayılmasının önlənməsi üçün vaksinasiya vacib aksiyadır. Bu gün dünyada onlarla xəstəliyin adını çəkmək olar ki, vaksinasiya nəticəsində yoxa çıxıb. Koronavirusla vidalaşmaq üçün vaksinasiya ən optimal yoldur.
Bunu Teleqraf.com-a açıqlamasında professor Adil Qeybulla deyib.
Onun sözlərinə görə, vətəndaşlar vaksinasiya olunduqdan sonra qətiyyən rahatlaşmamalıdırlar: "Vaksinasiya olunduqdan sonra immunitet formalaşana qədər bütün karantin tədbirlərinə əməl etmək lazımdır. İmmunitet ilk vaksinasiyadan 42 gün sonra formalaşır. Bu zaman xəstəliyə qarşı orqanizm davamlı ola bilir".
Adil Qeybulla qeyd edib ki, vaksinasiyanın müəyyən əks təsirləri də mümkündür: "Fəsadlar yüngül, allergik reaksiyalardan, vaksinasiya yerində ağrılardan və digər əlamətlərdən ibarətdir. Ciddi reaksiyalara demək olar ki, nadir hallarda təsadüf edilir. Xüsusi allergiyası olan, nevroloji problemi olan şəxslər vaksinasiyaya əvvəlcədən hazırlanmalıdırlar".