Hazırda yoluxanlar arasında ölüm halları artıb. Bu, insanların xəstəliyə laqeyd yanaşmaları ilə əlaqədardır. Təəssüf ki, xəstəliyin gedişatı zamanı müraciətlər gec olur. Ona görə hər hansı əlamət aşkarlanarsa, vaxtında həkimə bildirmək lazımdır. Hesab edirəm ki, maarifləndirmə işinə diqqət edilməlidir. Televiziya ekranlarında məsələ ilə bağlı tez-tez məlumatlar verilməlidir.
Bunu Teleqraf.com-a açıqlamasında tibb professoru Adil Qeybulla deyib.
Onun sözlərinə görə, COVID-19 virusunun 200-dən artıq mutasiya keçirmiş ştammları aşkarlanıb:
“Bunların bəziləri tamamilə zəif, bəziləri kifayət qədər aqressiv, yoluxucluq potensialı yüksəkdir. Xəstəliyin ayrı-ayrı adamlarda müxtəlif cür keçməsinin səbəblərindən biri də budur. Bu gün bütün Avropada epidemioloji vəziyyətin pisləşməsi qeyd edilir və rəsmən üçüncü dalğa artıq qeydə alınıb. Buna görə də ayrı-ayrı ölkələrdə yoluxma sayında və ölüm göstəricilərində artım müşahidə olunur.
Britaniya ştammının adı çəkilsə də, çox güman ki, başqa ölkələrdə də virusun mutasiya etmiş növləri var. Virusun bu şəkildə yayılması təbiidir. Hesab edirəm ki, vəziyyət pisləşərsə, daha sərt karantin tədbirləri görülə bilər. Bu, təmasların azaldılması üçün tətbiq olunan aktdır”.
Mütəxəssis bildirib ki, pandemiya ilə mübarizədə vaksinasiyanın uğurla və intensiv aparılması şərtdir: “Vətəndaşlarda immunizasiya səviyyəsi 70-75 faiz olduğu zaman kollektiv immunitetin formalaşmasından söhbət gedə bilər. Əsas işimiz bundan ibarətdir ki, karantin qaydalarını nisbətən sərtləşdirib, təmasları azaldıb, vaksinasiyanı intensivləşdirək.
Nəzərə alaq ki, COVAX platformasından bizə vaksin verilmədi, ikili standartlarla yanaşdılar. Amma Azərbaycan öz resursları, qardaş Türkiyənin vasitəçiliyi ilə bu vaksini əldə edə bildi. Baxmayaraq ki, Gürcüstana ikinci hissə vaksin verilir, Azərbaycan ödənişi etməsinə baxmayaraq vaksin verilməyib.
Bu, ədalətsizlikdir. Bütün bunlara baxmayaraq, Cənubi Qafqazda vətəndaşlarımızı immunizasiya edən ilk ölkə ola bilmişik”.