Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev Teleqraf.com-un suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik.
- Doktor, yoluxma sayı aşağı endikdən sonra kəskin artımın şahidi olduq. Bu, nə ilə əlaqədardır?
- Hazırda ölkəmiz üçün pandemiyanın heç bir təhlükəsi yoxdur. Önəmli olan yoluxma sayındakı artım yox, yoluxanlar arasında hansı yaş qrupunun xəstəliyi daha ağır keçirməsidir. Əgər xəstəliyi ağır keçirənlərin miqdarı 5 faizdirsə, ciddi təhlükədən söhbət gedə bilməz. Çünki indiyədək qrip epidemiyaları yaşamışıq və orada ağırlaşma faizi çox aşağıdır. Buna görə də heç bir karantin qaydaları tətbiq edilmirdi.
2019-cu ilin payızından dünyada COVID-19 virusunun yayılması başladı. O zaman xəstəliyin gedişatında ağırlaşma prosesi ciddiyə alınacaq dərəcədə idi. Təxminən 20 faiz insan xəstəliyi ağır keçirdirdi.
Araşdırmalar və müşahidələr nəticəsində məlumdur ki, heyvandan insana keçən virus insandan insana yoluxduqca yenidən mutasiyalara məruz qalır və zaman ötdükcə o, zəifləyir. Bu gün dünyada tüğyan edən Delta ştammına nəzər yetirsək, virusun bir il əvvəlki növü ilə müqayisədə öldürücülük dərəcəsi aşağıdır. Elan edirlər ki, virus gənclərə, uşaqlara da yoluxur. Əhali qruplarına görə yoluxma kontingentində artım ola bilər. Amma xəstəliyin ağırlıq dərəcəsi aşağı enib.
- Sizcə, hansı halda sərt karantin rejimi tətbiq edilməlidir?
- Əksər insanlar qorxur ki, karantin rejimi sərtləşər bilər. Vacib olan yoluxma sayı yox, yoluxanlar arasında xəstəliyi ağır keçirənlərin göstəricisidir. Delta hazırda ölkəmizdə yayılmaqdadır. Amma insanların nə qədəri xəstəliyi ağır keçirir? Bu barədə məlumatsızıq.
Əgər xəstəliyi ağır keçirənlərin göstəricisi azdırsa, heç bir sərt karantinə, əlavə tədbirə ehtiyac yoxdur. Əgər xəstəliyi ağır keçirənlərin sayı 10 faizdən çoxdursa, bu halda müəyyən karantin qaydaları barədə düşünmək olar.
- Çoxları düşünür ki, vaksinasiya aparılırsa, yoluxma sayı artmamalıdır...
- Aylardır izahını veririk. Vaksin olunmaq o demək deyil ki, virusa yoluxmayacaqsan. Vaksin insanı ölümdən 99 faiz qoruyur. Bu vaksin qısa müddətdə hazırlanıb. 10 ildə hazırlanan vaksinlər üzərində tədqiqatlar aparılır, bütün əks təsirləri ölçülür. Amma bu vaksinlər ekspress hazırlanıb. Ona görə də bu vaksinlər yoluxmanın qarşısını almaq yox, ölümü azaltmaq üçündür.
- İsrail vaksinasiya nəticəsində əldə etdiyi uğura görə nümunə göstərilirdi. Lakin COVID-in yeni ştammı onlardan da yan keçmədi...
- İsraildə peyvəndləmənin çox gözəl effekti var. Delta ştammı yayılanda panika keçirdilər. Lakin hazırda yoluxmada ciddi problem yoxdur, xəstəliyin ağır gedişatı müşahidə edilmir.
- Açıq havada maska taxmaq yenidən məcburi ola bilərmi?
- Açıq havada maska geyinməyə ehtiyac yoxdur. Yəqin qarşıdakı dövrdə də buna ehtiyac olmayacaq.
- Dünya üzrə virusla mübarizədə hansı ölkəni nümunə kimi görürsünüz?
- İsrail, Belarusiya kimi ölkələri nümunə göstərə bilərik.
- Delta ştammını fərqləndirən cəhətlər hansılardır?
- Delta ştammı digər mutasiyalarla müqayisədə daha yüngül keçir. Delta ştammında digərlərinə nisbətən yoluxuculuğu çoxdur. Britaniya ştammı əvvəlki ştamma nisbətən yoluxuculuğu çox idisə, Delta ştammı Britaniya ilə müqayisədə daha yoluxucudur. Amma bu o demək deyil ki, xəstəlik ağır keçəcək. Viruslar mutasiayaya uğradığı zaman yoluxuculuğu artır, öldürücülüyü azalır. Törədicinin öldürücülüyü yüksək olanda yayılmır, çünki yoluxduğu adamı öldürür. Törədicinin öldürücülüyü azdırsa, yayılma sürəti artır.
- Hazırda dəniz mövsümüdür. Dənizdən infeksiya qapmaq mümkündür?
- Dənizdə su yolu ilə keçən başqa infeksiyalar ola bilər. Lakin COVID-in dənizdən keçməsi ilə bağlı informasiyalar yoxdur. Dəniz yolu ilə bağırsaq infeksiyaları keçə bilir. Bu, insanlarda mədə-bağırsaq pozuntuları ilə özünü büruzə verir.
- Yoluxma sayının artdığı dövrdə əhaliyə tövsiyəniz nədir?
- Əhaliyə peyvənd olunmağı tövsiyə edirəm. Eşidirəm ki, saxta COVID pasportları satırlar. İnsanlar buna getməsin, pul verib özünü ölümə təhrik etməsinlər. Əgər insanın yanaşı xəstəliyi yoxdursa, immuniteti yüksəkdirsə, peyvənd 100 faiz qoruyur. Özlərini cahilcə təhlükəyə atmasınlar, peyvənd olunaraq qorunsunlar.
Mən özüm də, ailə üzvlərim də peyvənd olunmuşuq. Peyvənd olunanların ölməsi ilə bağlı yayılanlar sadəcə şayiə və təxribatdır.