Pandemiya səbəbilə 2 ilə yaxındır məktəblər distant və hibrid təhsil sistemi ilə fəaliyyət göstərirdi. Təhsil Nazirliyinin qəbul etdiyi qərara əsasən 22 sentyabrdan orta ümumtəhsil məktəbləri ənənəvi qaydada fəaliyyət göstərəcəklər. Maraqlıdır, bir şagirdin məktəb alış-verişi üçün nə qədər pul tələb olunur?
Teleqraf.com-un əməkdaşları mövzunu araşdırmaq üçün məktəb ləvazımatlarının satış mərkəzinə üz tutdub.
Yeni dərs ilinin satışa və qiymətlərə təsir edib-etmədiyini öyrənməyə çalışdıq.
Mağazanın sahibi Mustafa Aslanov deyir ki, ötən illə müqayisədə bu il satışlarda artım var: “İki ildir müştəri görmürük. Dərslərin başlamasına 2 həftəyə yaxın vaxt qaldığı üçün hələ ki, mağazaya axın azdır”.
Satıcılar qiymətlərin dəyişmədiyini desələr də, valideyn əskini düşünür. Deyirlər ki, qiymətlərdə 30-40 faiz artım var.
Təzadları nəzərə alıb, qiymətlərlə bağlı biz də araşdırma apardıq.
Qiymətlər aşağıdakı kimidir:
Çanta: 15-90 manat
Dəftər: 25 qəpik – 1 manat
Üzlüklər: 20 qəpik – 1 manat
Sadə qələmlər: 15 – 70 qəpik
Rəngli karandaş: 1-9 manat
Plastlin: 2-9 manat
Pozan: 20-70 qəpik
Su qabı: 4-12 manat.
Təbii ki, məktəb ləvazımatları bunlarla bitmir. Valideyni düşündürən əsas məsələlərdən biri də məktəbli formalarıdır.
Formalarda 1-6-cı sinif dəstin qiyməti 45 manat, 7-11-ci siniflərdə kostyumun qiyməti 55 manatdır. Ağ köynəklərin qiyməti isə 8-25 manat aralığında dəyişir.
Olduğumuz mağazalardakı qiymətlərdən yola çıxsaq deyə bilərik ki, birinci sinfə gedəcək şagird üçün valideyn ən azı 150 manat xərcləməlidir.