19 Oktyabr 2021 13:34
1 809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həkim-pediatr Xəyalə Quliyeva Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

- Doktor, son dövrlərdə uşaqlar arasında infeksion xəstəliklərin sayı artıb. Bu nə ilə əlaqədardır?

- Bəli, uşaqlar arasında infeksion xəstəliklərə yoluxmada artım müşahidə olunur. Bunlar arasında ən çox yayılanı bağırsaq virusu olan ratavirusdur. Ratavirus əsasən qusma, ishal, yüksək hərarət kimi əlamətlərlə özünü göstərir. Bundan başqa, cüzi öskürək də müşahidə oluna bilər. Amma ən çox bağırsaq şikayətləri özünü göstərir. Əsasən 10 yaşa qədər uşaqlarda təsadüf olunur. Daha böyük uşaqlarda da rast gəlinir, amma yayılma tezliyinə görə 7-10 yaş arası uşaqlarda üstünlük təşkil edir. Əgər ailədə kimdəsə varsa, asanlıqla digər uşaqlara, hətta böyüklərə də yoluxa bilir.

- Xəstəlik neçə gün davam edir?

- Xəstəlik 3-7 gün arasında davam edir. Bu müddətdən sonra özünü bərpa dövrü başlayır. Xəstəlik özünün kəskin dövrünü itirmiş olur.

- Ratavirusun müalicəsi varmı?

- Xəstəliyin xüsusi müalicəsi yoxdur. Virus mənşəli olduğuna görə burada xüsusi antibiotik müalicəyə ehtiyac görülmür. Xəstəlikdə daha çox qusma və ishal olduğuna görə bədəndə xeyli miqdarda duz və su itkisi baş verir. Burada müalicə məhz su və duz itkisinin yerinə qoyulmasından ibarətdir.

Xəstəyə çoxlu maye qəbulu tövsiyə olunur. Ancaq maye qəbulu az-az və tez-tez olmalıdır.

Xəstəlikdən ev şəraitində müalicə mümükündür. Qusma və ishal halları on dəfəyə yaxın müşahidə olunarsa, müalicə xəstəxana şəraitində aparılmalıdır. Xəstəxana daxilində venaya müəyyən sistemlərin köçürülməsi vacibdir. Bu, su itkisinin bərpası üçündür.

Xəstədə hərarət yüksək olarsa, qızdırma əleyhinə siroplardan istifadə olunmalıdır. Antibiotik qəbuluna ehtiyac yoxdur. Şamdan istifadə məsləhət deyil. Hərarət əleyhinə şamlardan istifadə ishalı artırır.

- Bəs ratavirusa qarşı peyvənd varmı?

- Peyvənd var. Ancaq bu, məcburi peyvəndlər qrupuna aid deyil, könüllü peyvənd mümkündür. Çətin tapılan peyvənd olduğu üçün yalnız özəl klinikalarda olur. Peyvənd hər uşağa tətbiq edilmir. Özü də bahadır.

Peyvənd 6 aya qədər uşaqlara tətbiq olunur. Hər uşaq körpəlik dövründə, 7-10 yaşa qədər olan müddətdə ratavirusa yoluxur.

Son zamanlar artan viruslardan biri də göy öskürəkdir.

- Göy öskürəyin əlamətləri nələrdir?

- Bu xəstəlik əsasən quru, boğucu öskürəklə özünü göstərir. Uşaq gün ərzində öskürür, öyümə, qusma halları baş verir. Hətta körpə uşaqlarda qeyri-iradi nəcis ifrazı da ola bilər. Göy öskürəkdə reprizlər olur. Öskürək arası dərin nəfəs alma tutulmaları da mümkündür. Xəstəlik 4-6 aya qədər davam edir. Xüsusi müalicəsi yoxdur.

İlkin mərhələdə ağrılaşmaların antibiotiklər istifadə mütləqdir. Fikrimcə, son dövrlərdə göy öskürəyin yayılması anaların peyvənddən imtina etməsi ilə əlaqəlidir. Analar göy öskürək peyvəndinə çox panik yanaşırlar.

Göy öskürəyin yeganə profilaktikası peyvəndləmədir. Vaksinasiya düzgün aparılarsa, göy öskürəyə yoluxma hallarına daha az-az rast gəlinə bilər. Peyvənd olunmuş uşaqlarda ya yoluxma olmur, yaxud da yüngül dərəcədə keçirir.

- Doktor, uşaqlarda səpmə və hərarət kimi hallar müşahidə olunur. Bəs bu nə ilə əlaqədardır?

- Digər yayılmış xəstəliklərdən biri raseola infantumdur. Bu, 6-cı xəstəlik də adlanır, viruslar tərəfindən yayılır. Qızılca ilə oxşardır, çox vaxt onları səhv salırlar. Fərqi odur ki, qızılca zamanı qızdırma ilə səpki eyni anda olur, səpki mərhələli şəkildə baş verir.

Amma raseola infantum xəstəliyində əvvəlcə qızdırma olur. Hərarət aşağı endikdən sonra səpkilər başlayır. Səpki dövrü 1-3 gün çəkir, sonra müalicə tələb etmədən xəstəlik sağalır. Yalnız qaşınma halları müşahidə olunarsa, preparatlardan istifadə oluna bilir. Virus xəstəliyi olduğu üçün antibiotikdən istifadə etməyə ehtiyac yoxdur, öz-özünə sağalır. Düzgün diaqnoz qoymaq yetərlidir.


Müəllif: Aysel Azad