11 Mart 2022 09:05
2 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Araz" marketlər şəbəkəsi mal ətindən hazırlanan 400 qramlıq kolbasanın qiymətinə 50 faizdən artıq endirim tətbiq edib – məhsula alıcı cəlb etmək üçün 5.99 manatdan 2.89 manata endirib.

Maraqlıdır, satışa verilən kolbasanın satış dəyəri digər xərcləri qarşılayırmı? Tərkibi nə dərəcədə təmizdir?

Teleqraf.com mövzunu araşdırıb.

“O kolbasada ətdən əsər-əlamət yoxdur”

Beynəlxalq münsif, qida üzrə baş mütəxəssis Ağa Salamov həmin məhsulun tərkibinin naməlum əlavələrdən ibarət olduğunu deyir. Onun sözlərinə görə, ətin qiyməi ilə kolbasanın qiyməti arasında tarazlıq olmalıdır:

“Ətin kilosu 14 manatdır. 400 qram kolbasa üçün sərf olunacaq ətin maya dəyəri 5.60 manat edir. Buraya dadlandırıcı da əlavə edilərsə, qiymət 6-7 manatı keçir. Market 50 faiz endirimlə bunu necə sata bilər? Satıcının nə marağı var? Deməli, kolbasada ətdən əsər-əlamət yoxdur. Kolbasaya qatılan ət bir neçə dəfə üyüdüldüyünə görə ehtimal var ki, orada sümük, dəri, heyvanın bir çox içalatı da daxil edilir. Bunu laboratoriya şəraitində müəyyən etmək olar.

Ətin maya dəyəri 5.60 manat edir, bunun kommunalı, işçi xərci var. Bu halda təyin olunan qiymət heç kimə sərf etməz.

Hər hansı məhsulun son istifadə tarixinə az müddət qaldıqda aksiyaya cəlb oluna bilər, amma indiki halda 50 faiz endirim yüksəkdir. Bu baxımdan inanmıram ki, o kolbasanın tərkibində xalis ət olsun.

Kolbasa ağız sualandıran məhsul sayılır və tərkibinə E621 kodu ilə tanınan monosodium qlutamat maddəsi, oksidləşməyə qarşı əlavə kimyəvi qatqı maddələri vurulur ki, rəngi, dadı, görünüşü itməsin. Bunlar sayəsində kolbasaların rəf ömrü uzadılır.

Onların tərkibində inanmıram ki, 100 faiz mal əti olsun, mütləqdir ki, toyuq əti, dəri kimi qatqılar əlavə edilir. Təəssüf ki, Azərbaycanda qida məhsullarının laboratoriya şəraitində yoxlanılması sıfıra bərabərdir. Mən görməmişəm ki, aidiyyəti orqanlar kolbasa yoxlanışları həyata keçirsinlər. Yalnız kiçik sexləri araşdırmaqla iş bitmir. Böyük şirkətləri də yoxlamaq lazımdır, problem də məhz onlardadır.

Kolbasaya qatılan ətin miqdarı onun yağlılığına görə dəyişir. Yağsız ətdirsə, məsələn, quyruq yağından istifadə oluna bilər. Əgər 1 kiloqram ətdirsə, 100 qramı yağ olmalıdır. Yerə qalan qatqı maddələri də çox cüzi miqdar təşkil edir. Məsələn, 1 ton ətə 1 kiloqram ədviyyat, qatqı maddələri vurulur”.

“Kolbasa ev şəraitində hazırlansa yaxşı olar”

Ekspert bildirib ki, sənaye üsulunda hazırlanan kolbasalar tərkib baxımından etibarlı sayılmır: “Ümumiyyətlə, qatqı maddələri insan orqanizminə ziyandır. Doğrudur, insan oksidləşməyə qarşı olan məhsulları bədəndən ata bilir. Amma onun çox istehlak olunmamasına diqqət edilməlidir.

Kolbasa məhsulları delikates kimi istehsal olunmalıdır. İnsanlar onu doyumluq yeməli deyillər. Kolbasa məhsulları xərçəngə yoluxma riskini artırır.

Hazırda dördüncü sənaye inqilabı - işbazların əsridir, ucuz xammalla keyfiyyətsiz məhsullar hazırlanır. Amma ev şəraitində kolbasa hazırlamaq daha yaxşı olar. Bişmiş 1 kiloqram əti bir neçə dəfə maşından çəkib, 1 diş sarımsaq əlavə edib, yağ, ədviyyatlarını əlavə edərək, hazırlaya bilərlər. Ev şəraitində hazırlanan kolbasanı 3 ay buzluqda, soyuducunun digər bölümündə isə 3 gün saxlaya bilərlər. Amma sənaye üsulunda hazırlanan kolbasaları dondurucuda saxlamaq olmaz”.

“Azərbaycana gətirilən kolbasaların 80 faizi keyfiyyətli deyil”

Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin (AİB) sədri, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ictimai şuranın üzvü Eyyub Hüseynov kolbasa istehsalı sahəsində ciddi problemlərin olduğunu deyib.

Onun sözlərinə görə, ölkədə normal standartlara uyğun kolbasa istehsalı müəssisələri olsa da, 20-yə qədər kolbasa məhsulunun hazırlanması üçün ətin necə gəldi əldə edən istehsalçılar da mövcuddur: “Bu, hökümətin yanlış siyasətinin nəticəsidir. Qərara görə, biznes qurumlarına toxunmaq olmaz, vergi ödəyirlər - bu da istehlakçı hüquqlarının pozulmasına gətirib çıxarır. Üstəlik, xaricdən Azərbaycan bazarına gətirilən kolbasa məhsullarının təxminən 80 faizi keyfiyyətli məhsullar deyil. Baxmayaraq ki, yaxşı markalanıblar, dad vericilərlə zəngindir, qoxuları var, yerli istehsal məhsulları onlarla müqayisədə qat-qat keyfiyyətlidir”.

“Hindistandan camış əti gətirilir”

Ekspert kolbasa ilə ətin qiyməti arasında tərs-mütənasibliyə də aydınlıq gətirib: “Kəsim müəssisələri qocalmış heyvan ətinin kiloqlarımını 3 manata da ala bilir. Belə ətdən hazırlanan kolbasalar ucuz başa gəlir. Eləcə də ölkəmizə Hindistandan ucuz camış əti gətirilir. Bunlardan əmələ gələn kolbasalar da xeyli ucuz olur. Buna görə də AQTA araşdırmalar aparmalıdır. Mən AQTA-da dəfələrlə bu məsələni qaldırmışam, kolbasa sexlərində yoxlanışlar aparılmalıdır. Təəssüf ki, AQTA buna dəstək vermir”.


Müəllif: Aysel Azad