Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında müzakirələrə başlanılıb.
Teleqraf.com xəbər verir ki, sənədi Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimovun təqdim edib.
General qeyd edib ki, pandemiya dövründə dünyada işsizliyin artması insan alveri üçün potensial risklər yaradıb.
Onun sözlərinə görə, 2021-ci ildə dünyada milyonlarla şəxs insan alverinin qurbanı olub:
"Vətəndaşların və ictimai təşkilatların insan alverinə qarşı mübarizədə fəal iştirak etməsi üçün müvafiq işlər aparılıb. Həmçinin qurbanlar üçün sığınacaqların təşkil edilməsi məsələsində qeyri hökumət təşkilatları ilə sıx əməkdaşlıq edilib. İnsan alveri qurbanlarına təxminən 125 min manat yardım edilib. 300-ə yaxın polis əməkdaşı insan alverinə qarşı mübarizə mövzusunda xüsusi seminar və təlim kurslarında iştirak edib. Milli Kordinator və komandası eyni zamanda insan alverinə qarşı mübarizədə ixtisaslaşmış beynəlxalq qurumlarla və xarici ölkələrin Azərbaycandakı səfirlikləri ilə informasiya mübadiləsi aparıb.
Küçələrdə dilənən 450 uşaq müəyyən edilib, onlara qayğı və yardım göstərilməsi üçün müvafiq qurumlarla birgə işlər görülüb".
General qeyd edib ki, hesabat ilində 95 insan alveri qurbanı müəyyən edilib. Onlara psixoloji, hüquqi yardım edilib, onların reablitasiya prosesinə qeyri hökumət təşkilatarı da iştirak edib.