“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsini müvəqqəti icra edən Köçərli Həsənov aprelin 14-də Naftalan şəhərində Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan sakinləri qəbul edib.
Teleqraf.com xəbər verir ki, qəbuldan əvvəl “Azərsu” ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən Köçərli Həsənov və Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Naftalan şəhəri Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan 29 nəfər iştirak edib. Vətəndaşların müraciətləri içməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub. Müraciətlərin araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.