Neftçala rayonunda "Azərbaycan əlifbası və Azərbaycan dili” gününün qeyd olunduğu bir zamanda “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa ətrafında görüş keçirilib.
Teleqraf.com xəbər verir ki, görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şairlər və ictimaiyyət nümayəndələri iştirak edib.
Görüş iştirakçıları tərəfindən Neftçala şəhərində ulu öndər Heydər Əliyevin əziz xatirəsinə ucaldılan əzəmətli heykəli ziyarət olunub, önünə gül dəstələri düzülüb. Ümummilli liderin əziz xatirəsi ehtiramla yad edilib və Heydər Əliyevin həyat, fəaliyyətini əks etdirən guşəyə baxış keçirilib.
Öncə Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Azərbaycnın Dövlət Himni səslənib.
Tədbirdə Elm və Təhsil Nazirliyinin məktəbəqədər təhsil və ibtidai təhsil elmi-metodiki jurnalının baş redaktor əvəzi Böyükağa Mikayıllı, Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsinin sədri Nəbi İbrahimli, Azərbaycan Yazıçılar İttifaqının üzvü, Beynəlxalq Rəsul Rza mükafatı laureatı, Prezident təqaüdçüsü, şair-publisist Elnur Uğur, “Gündoğar” qəzetinin baş redaktoru Bədirə Niftaliyeva və Rayon Ağsaqqallar Şurasının üzvü, təqaüddə olan təhsil işçisi Nəcəfqulu Hacıyev çıxış edərək bildiriblər ki, Azərbaycan dili müxtəlif dövrlərdə rəsmən dövlət dili kimi elan edilib. Lakin bir müddət fəaliyyət göstərsə də, dövlət dili statusu uzun sürə bilmədi. Yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin 1969-cu ildə ilk dəfə siyasi hakimiyyətə gəldikdən sonra milli dilimizin xilaskarı kimi tarixə öz əbədi imzasını qoydu.
Heydər Əliyev keçən əsrin 70-80-ci illərində apardığı fəal və ardıcıl dil siyasəti Azərbaycanda milli özünəqayıdış dövrü oldu. Ümummilli lider təşəbbüsü və iştirakı ilə 31 oktyabr 1995-ci ildə keçirilən gərgin müzakirələr zamanı Azərbaycan dilinin qanuni haqqını özünə qaytarması və Azərbaycan dilinin inkişafında Heydər Əliyevin fəaliyyəti haqqında iştirakçılara geniş məlumat veriblər.
Görüşdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov bildirib ki, Azərbaycan Prezidentinin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli 506 saylı Fərmanı, “Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiq edilməsi” haqqında 4 iyul 2001-ci il tarixli 76 nömrəli Sərəncamı, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi” haqqında 9 avqust 2001-ci il tarixli 552 nömrəli Sərəncam və 2 yanvar 2003-cü ildə qüvvəyə minən “Azərbaycan Respublikasının dövlət dili” haqqında qanun ölkəmizdə dil siyasəti, dil quruculuğunun mükəmməl konsepsiyasını, onun uzunmüddətli stategiyasını müəyyən edən tarixi qanunvericilik aktlarıdır: "Bu sənədlərin hazırlanmasında dahi və fenomen şəxsiyyət Heydər Əliyevin yüksək intelekti, zəngin dövlətçilik təcrübəsi, yenilməz məntiqi və ana dilimizə olan misilsiz məhəbbəti mühüm rol oynayır. Ümummilli lider Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması ana dilinin daha da inkişaf etdirilməsi məqsədini daşıyırdı".
RİH-in başçısı Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi, dilimizin yad təsirlərdən qorunması, dilimizin saflığı və təmizliyi istiqamətində Heydər Əliyevin yürütdüyü siyasət bu gün ulu öndər siyasiətinin davamçısı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Görüşdə “Heydər Əliyev və Azərbaycan dili” adlı videoçarx nümayiş olunub.