Artıq müqəddəs Ramazan ayı başlayıb. Bu gün Ramazanın 4-cü günüdür. Cəmiyyətimiz rəngarəngdir, insanlar arasında oruc tutanı da var, tutmayan da. Bəs onların orucluğa, eləcə də bir-birilərinə münasibəti necədir? Bununla bağlı sorğu keçirdik.
Millət vəkili Musa Quliyev deyir ki, son 2-3 ildir oruc tutmur: “Təzyiqim var deyə daim müalicə alıram, dərman içirəm, oruc tuta bilmirəm. Oruc tutmayanlara münasibətim normaldır. Biz demokratik ölkədə yaşayırıq. Bizim islam dininin daşıyıcısı olmayan vətəndaşlarımız da var. Hər kəsin inanclarına hörmətlə yanaşmaq lazımdır”.
REAL hərəkatının icra katibi Natiq Cəfərli bildirdi ki, bütün ayı oruc tutmur, amma bir neçə gün oruc tutmaq fikri var: “Oruc inanc və nəfs məsələsidir. Hər bir şəxsin özünün verə biləcəyi qərardır. Bütün inanclı insanların seçiminə hörmətlə yanaşıram”.
“Təmiz Dünya” İctimai Birliyin sədri Mehriban Zeynalova deyir ki, oruc tutmasa da, oruc tutanların əməlinə hörmətlə yanaşır: “Hesab edirəm ki, dini ayinləri icra edənlər orucun tələblərini dürüst yerinə yetirməlidirlər”.
Mehriban Zeynalova qeyd edib ki, orucun faydası haqqında nəsə deyə bilməz: “Bu sadəcə olaraq dini ayindir və Allaha sitayişin bir formasıdır. İslam dinin tələblərinə uyğun orucun tutulması əsas şərtlərdəndir. Lakin dinin buyurduğu hər bir şərt sidq ürəklə və dürüst niyyətlə icra edilməlidir və məndə bu cür icra edənlərə böyük hörmətlə yanaşıram”.
“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyevin sözlərinə görə, oruc hər kəsin fərdi ibadətidir: “Kim istəyər tutar, kim istəməz tutmaz. Mən uzun illərdir oruc tuturam, tutmayanlara da hörmətlə yanaşıram. Arzu edirəm ki, oruc tutmayanlar da oruc tutanlara münasibətdə belə davransınlar. Oruc tutanları qıcıqlandırmağa çalışmasınlar.
Oruc təkcə günün işıqlı zamanında ac və susuz qalmaq deyil, ümumilikdə nəfsin imtahanıdır. Oruc tutan insan dürüst olmalı, yalan danışmamağa çalışmalı, ətrafdakılara müsbət enerji bəxş etməlidir”.
İlham Quliyev deyir ki, gün ərzində 17 saat ac və susuz qalmaq həm də Allahın yaratdığı nemətlərin dəyərini anlamaq fürsətidir: “Adi günlərdə su içmək, qidalanmaq bizə adi təsir bağışlayırsa, 17 saat ac-susuz qaldıqdan sonra iftar süfrəsinə oturduqda onların nə qədər dəyərli olduğunu anlamış olursan. Bütün oruc tutan bacı-qardaşlara səbir və iradə arzulayıram. Allah oruclarını, niyyətlərini qəbul etsin!”
Millət vəkili Musa Qasımlının sözlərinə görə, ölkəmizdə din dövlətdən ayrıdır. Buna baxmayaraq, dövlətimizin qanunları hər bir vətəndaşın dini inanclarını yerinə yetirmək üçün şərait yaradır: “Ölkəmizdə hər bir şəxs dini inanclarına riayət etməkdə azad və sərbəstdir. Oruc tutmaq hər bir şəxsin inam məsələsidir. Mən oruc tutmağın insana həm fiziki, həm də mənəvi baxımdan faydası olduğu qənaətindəyəm. Çünki insan bu zaman daha da mərhəmətli, xeyirxah olur”.
Fəlsəfə doktoru Leyla Nəzirzadə deyir ki, ümumiyyətlə, dini inanc individual məsələdir: “Bu, Allahla insan arasında fərdi münasibətdir. Oruc tutmaq hər şeydən əvvəl nəfsin tərbiyəsidir. Aclıqdan, susuzluqdan, kasıblıqdan əziyyət çəkənlərlə mənəvi həmrəylik deməkdir. Dini əqidəsindən asılı olmayaraq mənim üçün insan məfhumu önəmlidir. Oruc tuturam, amma bu davranışım məni heç kimdən üstün və ya fərqli etmir”.
Filosof xatırladır ki, dində məcburiyyət yoxdur: “Ailədə mən, həyat yoldaşım, hətta 13 yaşlı oğlum da oruc tutur. Həm də bəzi fizioloji hallar və xəstəlikər var ki, onlara ümumiyyətlə oruc tutmaq olmaz. Biz tolerant ölkəyik, multikultural cəmiyyətdə yaşayırıq, ona görə də maddi və mənəvi dəyərlərə hörmətlə yanaşmaq lazımdır”.
İdmançı Həsən Əliyev deyir ki, oruc tutur: “Oruc tutmayan insanların oruc tutmaları üçün dua edirəm. Ramazan bağışlanma aydır. Oruc tutmağın faydaları çoxdur. Biz idmançılar məşqlər etdiyimiz üçün bəzi zamanlarda oruc tutmuruq”.
İlhamə ƏBÜLFƏT