Professor Əhməd Qəşəmoğlu: ““Ahəngyol” elmində Lütvi Zadəni maraqlandıran məqamlar var”
“Müasir elmin təkmilləşməsinə ehtiyac var”
Bu yaxınlarda Amerikanın ən nüfuzlu elmi jurnallarından birində “Ahəngyol” elmi ilə dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin qeyri- səlis riyaziyyatı arasındakı mühüm əlaqə barədə ciddi bir məqalə nəşr olunacaq. “Ahəngyol” elmi-nəzəriyyəsinin müəllifi də azərbaycanlı alim, riyaziyyat elmini sosiologiya elminə tətbiq edən professor Əhməd Qəşəmoğludur. Onun yeni elmi nəzəriyyəsi təkcə ağıla, məntiqə, intellektə deyil, həm də qəlbə, ruha, duyğulara əsaslanır. Özü isə “Ahəngyol”u həm də belə adlandırır: iki cahanın elmi. Alimlə “Ahəngyol” elminin mahiyyəti, praktikaya tətbiqi, Azərbaycan və dünya elm ictimaiyyətində bu yeniliyə münasibət barədə söhbətimiz oldu.
“Müasir elm rasional amillər üzərində formalaşıb”
-“Ahəng” dedikdə, harmoniya, uyğunluq yada düşür. “Ahəngyol” elmi konsepsiyanızı daha sadə və anlaşıqlı dildə necə izah edərdiniz?
- Milyard illərdir ki, bütün kainat - ən kiçik hissəcikdən tutmuş planetlərə qədər bütün varlıqlar yalnız ahəng prinsipi ilə mövcuddur və fəaliyyətdədir. Dünyaya nizam verən qüvvənin təsir mexanizmi ciddi bir sistem üzrə, ahəng prinsipi əsasında baş verir. “Ahəngyol” elminin əsas müddəası budur: bütün yer üzü, istənilən cəmiyyət, insan bu sistemin bir elementi, hissəciyi olduğu üçün onun yalnız o fəaliyyəti dayanıqlı, faydalı uğur gətirə bilər ki, bu fəaliyyət ahəng prisnsiplərinə uyğun olaraq baş versin. Əks halda, əldə edilən uğur müvəqqəti və başqa sahələrdə ahəngin pozulmasına gətirib çıxaracaq.
“Ahəngyol” elmi münaqişələrin baş verməsini də qəbul edir və bunu inkişaf üçün təbii sayır. Amma bu elmə görə yalnız və yalnız o münaqişə arzu ediləndir ki, o sonunda daha yüksək səviyyəli ahəngin yaranmasına kömək etsin, buna səbəb olsun.
“Ahəngyol” yeni bir paradiqmadır. Bu elm indi mövcud olan dünyəvi elmi sistemi mükəmməl hesab etmir. Çünki bu elmi sistem əsasən XV əsrdən sonra Qərb düşüncəsi – rasional, praqmatik düşüncə hesabına formalaşıb. Amma hər kəsə məlumdur ki, həyatdakı heç bir proses yalnız və yalnız rasional amillərin təsiri altında baş vermir. Proseslərə həm də rasional olmayan amillər təsir edir. “Ahəngyol” elmi bu sahədə orta əsr islam elmi dünyagörüşünün - təsəvvüf elminin də axtarışlarını, astronomiya, fizika, biologiya, statistika, ehtimal nəzəriyyəsi və s. elmlərin də nəticələrini nəzərə alaraq rasional olmayan bilgilərin də tədqiqata cəlb olunması metodlarını təklif edir. Müasir riyaziyyat elmi də əsasən rasional amillər üzərində tədqiqat aparmaq sahəsində formalaşıb. “Ahəngyol”a görə riyaziyyat elminin yeni sahələrinin - rasional olmayan amilləri də nəzərə ala bilən metodların hazırlanması günün ən vacib problemlərindən biridir. Bu sahədə dahi Lütfi Zadənin qeyri-səlis riyaziyyatı ilk addımlardandır.
“Ahəng yolu elə Allahın yoludur”
- Yazıçı Böyükkişi Heydərli belə deyir: irfan ilahi elmlərin məcmusudur. “Ahəngyol” elmi ilə irfanı necə müqayisə edərdiniz?
- Bildiyiniz kimi, mən Böyükkişi Heydərlinin fikirlərinə, yazdıqlarına diqqətlə yanaşıram. O, bizim, layiq olduğu qədər tanınmayan, amma dəyərli fikir adamlarımzdan biridir. Onun bir çox hallarda obrazlı şəkildə dediklərinə də diqqətli yanaşmağa ehtiyac var. İrfan elminin mahiyyətini dərindən izah etmək üçün təsəvvüf elminin mahiyyətini bilmək lazımdır. Təsəvvüf elmini sufilər Qurandan ilham alaraq yaratdılar. İrfan elmində təfəkkür Qurandakı ayələrin – dünya nizamı barədə vəhy vasitəsilə alınmış, kodlaşmış informasıyaların nuru ilə öz məntiqi sistemini qurur. İrfan elminin həqiqi təmsilçisi haqq yolunun – Allahın tələb etdiyi yolun yolçusudur. İrfan elmi təsəvvüf elmində deyilən ariflərin elmidir. Allaha qovuşmaq yolunda olan elmdir. İrfan yolunun yolçusu nəfsini Allahın tələb etdiyi şəkildə tərbiyə etməli, öz daxili aləmini təmizləməli və bununla Allahdan daha çox nur almaqla, haldan-hala düşərək ona qovuşmaq üçün daimi fəaliyyətdə olmalıdır.
“Ahəngyol” elminin söykəndiyi əsas mənbələrdən biri və birincisi təsəvvüf elmidir. “Ahəngyol” sistem nəzəriyyəsindən, müasir Qərb elminin bir çox uğurlu nəticələrindən, dini kitabların fəlsəfi yönündən istifadə edərək yaranıb. Allahın yolu dedikdə elə ahəng yolunu nəzərdə tutmaq olar.
Ahəng yolu bütün dini sistemlərin kəsişmə sahəsidir. Ahəng bütün kainatın mövcudluq və fəaliyyət prinsipidir. Kainat bir sonsuz sistem olmaqla yanaşı o da bir varlıqdır. O varlıqdırsa, deməli, onun yaradanı, fəaliyyətini tənzimləyən bir qüvvə də var. “Ahəngyol”a görə, insan o şeyə sonsuzluq deyə bilər ki, o insanın idrakı xaricindədir. Kainatı - sonsuz ölçülü varlığa nizam verən qüvvəni də dərk etmək insanın idrakı xaricindədir. Amma insan əksər hallarda dərk edə bilmədiyi, gözü ilə görə bilmədiyi varlığın əlamətlərinə görə də o varlıq barədə düşünə bilər. Allahın - kainatın nizamını təmin edən qüvvənin də insan tərəfindən duyula bilən əsas əlaməti ahəngdir. Ahəng Allahın dəsti xətti, ahəng yolu elə Allahın yoludur. “Ahəngyol” elmi bu yolda həm də dünyəvi elmlərin köməyi ilə getməyi öyrədir.
- Bu nəzəriyyənin yaranması hansı zərurətdən irəli gəldi?
- Mən uzun müddət Azərbaycan Komsomolu Mərkəzi Komitədə və Azərbaycan Milli Məclisində Elmi Mərkəzlərin rəhbəri olmuşam. Əsas işim ölkənin tərəqqisi üçün elmi təminat metodlarını hazırlamaq olub. Problemləri daha dərindən təhlil etdikcə hiss edirdim ki, indiki qlobollaşma dövründə ölkəmizin qarşılaşdığı əsas problemləri yalnız indiki dünyəvi elmlərin tövsiyyələri ilə həll etmək mümkün deyil. Qarabağ problemindən tutmuş, mədəniyyət problemi, təhsil problemi, səhiyyə problemi, şəhərsalama problemi və s. problemlər yalnız rasional düşüncə ilə duyulan amillərdən ibarət deyil. Onları deyək ki, iqtisadiyyatın, siyasətin, mədəniyyətin, ekologiyanın, demoqrafiya, idarəetmə elmlərinin indiki metodları ilə həll etmək mümkün deyil. Qarşıda duran suallara cavab tapmaq üçün uzun müddət dini kitabları fəlsəfi baxımdan öyrənməyə çalışdım. Şərq fəlsəfəsini dərindən öyrəndikcə müasir elmi sistemdə xeyli boşluqların olduğunu hiss etdim. Şükür ki, elmi fəaliyyətimlə bağlı uzun illər Moskvada əyani aspiranturada təhsil aldığım, işlədiyim vaxt müasir Qərb fəlsəfəsi barədə də məlumat toplamışdım. Baza təhsilim də riyaziyyatdır. BDU – nun mexanika riyaziyyat fakultəsini əla qiymətlərlə bitirmişəm. Əsas elmi fəaliyyətim də riyaziyyatın sosiologiya elminə tətbiqi sahəsidir. Bu mənə sistem nəzəriyyəsini daha dərindən öyrənməyə kömək etdi. Təsəvvüf fəlsəfəsi mənə sualların cavabını harada axtarmağın yolunu göstərdi. Nəticədə “Ahəngyol” elmi yarandı.
“Ahəngyol”da Lütvi Zadəni maraqlandıran məqamlar var
- Azərbaycan elmi ictimaiyyəti elmi konsepsiyanızı necə qarşılayır?
-“Ahəngyol” barədə mən ilk dəfə 2005-ci ildə bir kitab yazdım. Təəssüf ki, ətrafımdakı elm adamları onu qəti olaraq qəbul etmək istəmədilər. Onların bir qrupu, fəlsəfədəki ənənəvi nəzəriyyələrə aludə olduqlarından mənim fikirlərimi qəbul edə bilmirdilər. Bəziləri də xırda paxıllıq hisslərindən. Mənim “müasir elmi sistemdə böyük boşluq var!” fikrim heç cür qəbul edilmirdi. Olduqca tanınmış müxtəlif Azərbaycan professorlarının fikirlərindən misal çəkim: “Azərbaycanın bu qarışıq dövründə burada belə bir elm yarana bilməz!”, “Hansı alimlərdən bəhrələnərək bunları deyirsiniz?”, “Öz başınızı cəncələ salmayın!”, “Siz deyənlər hamıya məlumdur”, “Siz kimsiniz ki, yeni bir elm sahəsi yaradasınız?” və s. Bu münasibət hesabına mənim monoqrafiyamın çapı 3 il yubandı.
Amma 2011-ci ildə ölkəmizin dünya şöhrətli alimi Rafiq Əliyevlə bu barədə danışdıq və mən onun seminarında çıxış etdim. “Ahəngyol” onun diqqətini çox çəkdi və biz bu elmin tezislərini zəmanəmizin dahi alimi Lütvi Zadəyə göndərdik. Rafiq müəllim dedi ki, “Ahəngyol”da Lütvi Zadəni maraqlandıran məqamlar var. Nəticə biz gözlədiyimizdən xeyli yaxşı oldu. Dahi alim biz göndərdiyimiz tezisləri elm sahəsində ən nüfuzlu mənbələrdən biri olan BİSC elektron jurnalına qoydu.
Hətta bu hadisədən sonra Azərbaycanda bir professor bir az sıxıla-sıxıla, yarı rişxəndlə dedi: - Əhməd müəllim, bu “Ahəngyol” elmidir, ya “Əhəngyol”? Mən də təmkinlə dedim:- başa düşənlər üçün “Ahəngyol” elmidir, başa düşməyənlər üçünsə Əhəngyol.
Ən xoşa gəlməyən hal isə odur ki, hələ ölkədə heç kim bu elm sahəsinin inkişaf etdirilməsinə maraq göstərmir. Hələlik mən tək çalışıram. Halbuki bu elmə verilən dəstək ölkənin nüfuzuna ciddi kömək edə bilər.
Azərbaycanın “Ahəngyol”u dünyada yayılıb, ölkəmizdə yox
- Beynəlxalq elm ictimaiyyətində necə reaksiya verilib?
- Çox yaxşı haldır ki, ümumiyyətlə, Azərbaycan elminin uğuru sayılan “Ahəngyol” elmi dünyada yayılmaqdadır. Oxuculara məlum olduğu kimi, onun tezisləri Lütvi Zadə tərəfindən 2011 – ci ildə dünyanın ən nüfuzlu elmi mənbələrindən olan BISC elektron jurnalında yerləşdirilib. Ondan sonra 12 ölkədə ya bu elmin təqdimatı keçirilib, yaxud da “Ahəngyol” haqda məqalələr çıxıb. Ötən il Serbiyada cox ciddi bir təqdimat oldu. İndi İtaliya və Polşada təqdimat üçün dəvət almışam. İnşallah, bu yaxınlarda Amerikanın ən nüfuzlu elmi jurnallarından birində “Ahəngyol” elmi ilə qeyri-səlis riyaziyyat arasındakı mühüm əlaqə barədə də ciddi bir məqalə nəşr olunacaq.
- “Ahəngyol” elmi nəzəriyyəsinin praktikaya tətbiqinin hansı əhəmiyyəti və üstünlükləri var?
-“Ahəngyol” elmi universial bir elm sahəsidir. Bütün sahələrdə tətbiq oluna bilər. Bu elmin uğurlu tətbiqi zamanı istənilən sahədə uğur qazanılacağına tam təminat vermək olar. Çünki “Ahəngyol” elmi hər bir sahəni təbii-kainatın tələb etdiyi yolla idarə etməyə yardım edir. Təbiiliyə yaxınlıqsa hər zaman hökmən uğura aparır.
“Şagirdin həyat ahəngini pozub, sındırmaqla ona təhsil vermək olmaz”
- Əhməd Qəşəmoğlu həm də Azərbaycanın “Alternativ təhsil” konsepsiyasının müəllifidir. Təklifinizə Təhsil Nazirliyindən necə reaksiya verilib?
- Elə dediyiniz “Alternativ təhsil konsepsiyası” da “Ahəngyol”un praktikaya tətbiqinin bir nümunəsidir. Bu konsepsiyada deyilir ki, hər bir ölkədə təhsil sisteminin əsas təyinatı ölkənin, ümumiyyətlə bütün yer üzünün tərəqqisinə, bununla da ahəngə kömək edə biləcək kadrlar hazırlamaqdır. Təhsil müəssisələrinin borcu, təhsil alanların potensialını düzgün qiymətləndirib onlara bu potensialı daha ahəngdar şəkildə açmağa kömək etməkdir. Yoxsa deyək ki, orta məktəbdə bir sinifdə 30 şagird varsa, onlardan yalnız 5-i əlaçıdırsa, yerdə qalan 25-ni 11 il danlamaqla, bununla şəxsiyyətini sındırmaqla, həyat ahəngini pozmaqla təhsil vermək düzgün deyil. “Ahəngyol” elmi təhsilin mükəmməl sistemini yaratmağın, ölkəyə vacib və zəruri olduğu qədər mütəxəssisi yetişdirməyin yollarını göstərir.
- Siz eyni zamanda Azərbaycanda Qori Müəllimlər Seminariyasının təcrübəsinin təqdim edilməsini təklif etmisiniz. Bu fikirləriniz də “Ahəngyol”dan gəlir?
- Bəli. Mən Qori Müəllimlər Seminariyasının fəaliyyətini misal olaraq göstərmişəm. Yəni, necə olurdu ki, 100 ildən də çox əvvəldə Gürcüstanın bir bölgəsində yaranmış adi bir seminariya dahilər yetişdirdiyi bir halda, bu işi indi niyə universitetlər belə görə bilmir? Çünki Qori seminariyası, təhsil alanların daxili potensialını müəyyənləşdirərərək, onların ahəngdar inkişafı üçün şərait yaradırdı. Qori seminariyasının əsas qüdrəti bu ahəngi tapmaq, qorumaq idi.