Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Predanı və Stefan Şennakı qəbul edib.
Dövlət Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, qonaqları səmimi salamlayan M.Qurbanlı Avropa Şurası ilə Azərbaycan arasında sıx əlaqələrin mövcud olduğunu, Avropa Şurasının ölkəmiz qarşısına qoyduğu öhdəliklərin yerinə yetirildiyini və Azərbaycanın bu qurumun fəal üzvlərindən biri olduğunu bildirib.
Monitorinq Komitəsinin həmməruzəçisi S.Şennak Avropa Şurası ilə Azərbaycan arasında mövcud əməkdaşlığa toxunaraq bu əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. Azərbaycanın dini məsələlərlə bağlı tolerant ölkə olduğunu deyən qonaq buna əyani şahid olduqlarını da bildirib.
Görüşdə ölkəmizdəki dini vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb və qonaqları maraqlandıran suallar cavablandırılıb.
M.Qurbanlı ölkəmizdəki dini durum barədə ətraflı məlumat verərək bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri Konstitusiya və "Dini etiqad azadlığı haqqında" Qanunla tənzimlənir və dini etiqad azadlığı təminat altındadır. Bu gün Azərbaycanın tolerantlıq və multikultural dəyərlərə görə dünyada nümunə ola biləcək ölkələrdən biri olduğunu deyən DQİDK sədri adıçəkilən dəyərlərin dövlət səviyyəsində qorunduğunu diqqətə çatdırıb. O bildirib ki, Azərbaycanda dini durum sabitdir, müxtəlif konfessiyalar sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərirlər.
Azərbaycanda din və məzhəb ayrı-seçkiliyinə yol verilmədən insanların dini ibadətlərini sərbəst həyata keçirdiklərini bildirən M.Qurbanlı ölkəmizdə məscid, sinaqoq və kilsələrin insanların ixtiyarına verildiyini və ibadət evlərinin bir qisminin təmir və bərpasının Azərbaycan hökuməti hesabına həyata keçirildiyini deyib. Komitə sədri bildirib ki, bu gün Azərbaycanda 13 kilsə (pravoslav, Alban-Udi və katolik), 7 sinaqoq, 4 gürcü kilsəsi fəaliyyət göstərir, hətta Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə baxmayaraq, bu gün də Bakıda qorunub saxlanılan erməni kilsəsi mövcuddur.
Dövlət Komitəsinin sədri dini radikalizm və ekstremizm sahəsində dövlət tərəfindən aparılan qabaqlayıcı tədbirlər və mübarizə üsulları barədə də qonaqlara ətraflı məlumat verib.
Digər həmməruzəçi S.F.Preda da öz növbəsində, Komitə sədrinə qəbula görə təşəkkürünü bildirərək Azərbaycandakı dini vəziyyətin normal olduğunu qeyd edərək, dövlət-din münasibətləri, konfessiyalararası münasibətlərin vəziyyəti, qeyri-hökumət təşkilatları ilə əlaqələr və digər maraq doğuran məsələlər barədə fikirlərini bildirib.
Qonaqlar səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürlərini bildiriblər.
Yekunda M.Qurbanlı ingilis və Azərbaycan dillərində nəşr olunmuş "Azərbaycanın seçilmiş İslam abidələri" kitabını qonaqlara təqdim edib.
Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin katibi Delfin Freyman, Avropa Şurasının Bakı Ofisinin rəhbəri Draqana Filipoviç, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi şəxsləri iştirak ediblər.
Bəkir