28 iyun 2016-cı il tarixində Qəbələ şəhərində “Gənc xilasedici” IV Beynəlxalq yarışına və “Gənc xilasedici və yanğınsöndürən” V Ümumrespublika birinciliyinə start verilib.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, UNICEF-in Bakı ofisinin, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən tədbirin iştirakçıları, əvvəlcə, Bakı şəhərində Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, abidəsi önünə əklil qoyublar.
Sonra Şəhidlər Xiyabanında Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın məzarları ziyarət edilmişdir. Yarışların açılış mərasimində çıxış edən fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev yarış iştirakçılarına uğurlar arzulamış, belə yarışların keçirilməsinin gənclərin fövqəladə hallara qarşı mübarizədə təcrübə əldə etmələrinə geniş imkanlar açacağına əminliklərini ifadə etmişlər. İyulun 3-nə kimi davam edəcək beynəlxalq yarışda Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Pakistan, Gürcüstan və Belarusdan olan təmsilçilər iştirak edirlər. Ümumrespublika birinciliyində isə 10 rayon və şəhərin komandaları güclərini sınayırlar.