Qeyri-legitim parlamentin prezident seçmək səlahiyyəti yoxdur, Salome Zurabişvili Gürcüstanın prezidenti, Müdafiə Qüvvələrinin ali baş komandanı və xarici münasibətlərdə ali nümayəndəsi qalır.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın müxalif birliklərinin qəbul etdikləri birgə bəyanatda deyilir.
Sənəddə qeyd olunub ki, yeni və ədalətli seçkilər siyasi böhrandan yeganə çıxış yoludur:
“Gürcüstan vətəndaşları dövlətin gələcək taleyini azad və rəqabətli mühitdə həll etməlidirlər. Biz Gürcüstanın beynəlxalq tərəfdaşlarının dəstəyini yüksək qiymətləndiririk, onlardan növbəti fəaliyyət və kəskin addımlar gözləyirik”.
Bəyanatı “Birlik-Milli Hərəkat”, “Güclü Gürcüstan” koalisiyası, “Dəyişikliklər naminə koalisiya” və “Qaxariya Gürcüstan naminə” partiyası imzalayıblar. Bu müxalif təşkilatlar parlament seçkilərində mandatlar əldə etsələr də, səsvermənin nəticələrini tanımayıblar və qanunverici orqanda təmsilçilikdən imtina ediblər.
Qeyd edək ki, Gürcüstanda prezident seçkiləri dekabrın 14-də keçiriləcək. Növbəti beş il üçün dövlət başçısını 300 nəfərdən ibarət Seçicilər Kollegiyası müəyyənləşdirəcək.