Azərbaycan Dillər Universitetində (ADU) Təhsil naziri Mikayıl Cabbarovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmrinə əsasən imtahan sessiyasının gedişini izləmək üçün növbəti monitorinq keçirilib.
ADU-dan Teleqraf.com-a verilən məlumata görə, 2015-2016-cı tədris ilinin yay imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, obyektivliyin və qərəzsizliyin təmin edilməsi məqsədi ilə universitetin Pedaqoji (ingilis dili-fransız dili), Filologiya və jurnalistika, Tərcümə, Əlavə təhsil fakültələrində keçirilən monitorinqdə ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov, tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev, İctimai Nəzarət Şurasının üzvləri, QHT nümayəndələri, KİV təmsilçiləri, təhsil ekspertləri və valideynlər iştirak ediblər.
Onların iştirakı ilə bütün fakültələr üzrə imtahan yazı otaqlarına baxış keçirilib. Monitorinq zamanı, həmçinin universitetdə sessiya ilə bağlı yazılı müraciətləri və təklifləri qəbul etmək üçün qoyulan müvafiq qutular da nümayəndələrin iştirakı ilə açılıb.
İzləmə prosesindən sonra ADU-nun rektor əvəzi Dünyamin Yunusov imtahan prosesinin müvafiq qaydalara uyğun təşkil edilməsi, tədrisin keyfiyyətinə nəzarət, fənlər üzrə imtahanların keçirilməsi və bu zaman obyektivliyin, qərəzsizliyin təmin olunması üçün lazımi tədbirlərin görüldüyünü bildirib.
1 iyun 2016-cı il tarixindən Azərbaycan Dillər Universitetində yay imtahan sessiyasına start verilib. İmtahan yazı yoxlama otaqlarına nəzarət kameraları da quraşdırılıb.
İlhamə ƏBÜLFƏT