Gələn ildən etibarən Bakıda kondisioner sistemi olmayan avtobuslar xəttə buraxılmayacaq.
Bunu Trend-ə Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova deyib.
N.Allahyarova bildirib ki, avtobuslarda kondisioner sisteminin olması hazırlanmaqda olan Bakının Vahid Nəqliyyat Konsepsiyasında şərt irəli sürülüb.
O qeyd edib ki, bu gün Bakıda fəaliyyət göstərən 2010 avtobusdan cəmi 251-də kondisioner var və onların da 201-i “BakuBus” MMC-yə məxsusdur: “İndiyə qədər kondisioner sistemi ilə bağlı daşıyıcının qarşısında şərt qoyulmadığı üçün daşıyıcılar da kondisioner sistemi olan avtobuslar almayıb. Ancaq gələn ildən belə olmayacaq. İndi birdən-birə kondisioner sistemi olmayan avtobusların xətlərdən yığışdırılması nəqliyyatı iflic vəziyyətə sala bilər. Ona görə bu il üçün güzəşt edilir, ancaq gələn ilin yayından etibarən, yəni gələn il may ayının 25-dən sentyabr ayının 15-ə qədər kondisioner sistemi olmayan avtobuslar qalmayacaq. Kondisioner sistemi olmayacağı təqdirdə avtobuslar xətlərə buraxılmayacaq”.