Bir müddət əvvəl Bakı Dəmiryol Vağzalından reportaj hazırlayarkən məlumat vermişdik ki, vağzalın ətrafında təmir işləri gedir, obyektlərin sökülməsinə başlanılacaq.
Bir həftədən çoxdur ki, əsaslı təmirə görə vağzal ətrafı obyektlər sökülür. Deyilənə görə, 4-5 aylıq müddətdə yenisi tikiləcək. Mağazaları sökülən sahibkarları dinləmək üçün dəmiryol vağzalına yollandıq.
Havanın isti olmasına baxmayaraq vağzal ərazisində təmir işləri dayandırılmayıb, obyektlərin söküntüsü də davam edir.
Vağzalla Dövlət Dəmir Yolu Xəstəxanası arasında yerləşən mağazaların çoxu boşaldılıb. Malları mağazada qalanlar isə aparmağa gəlmişdilər.
“Kompensasiya ödənilmədi ”
Mağaza sahibi olan İntiqam kişinin sözlərinə görə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən deyiblər ki, 4 ay müddətinə təzə mağaza tikib onlara təhvil verəcəklər: “Bizə hər hansı kompensasiya nəzərdə tutulmayıb. Bu müddət ərzində harada və necə işləyəcəyimizi bilmirik. Onsuz da müştərilərimizi itiririk, yenidən müştəri yığmaq da asan deyil”.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun sözlərinə görə, vağzalda aparılan yenidənqurma işləri ilə əlaqədar ərazidə 30-a yaxın obyekt sökülür: “30 obyektdən qanuni sənədləri olanlara yenidənqurma işləri başa çatandan sonra yeni obyekt veriləcək. Biz həmin ərazidə obyekti olan sahibkarlara müraciət etdik ki, təmir işləri başa çatana qədər kimin obyektinin sənədləri hazır deyilsə, düzəldib bizə təqdim etsin. Əlbəttə, kim sənədlərini təqdim edəcəksə, onlara ərazidə müvafiq yerlər ayrılacaq”.
Nadir Əzməmmədov deyir ki, vağzal ərazisində fəaliyyət göstərən 30 obyektdən 5-nin qanuni sənədi var: “Digər obyektlər isə 1990-cı illərdə qanunsuz yolla müxtəlif insanlar tərəfindən zəbt edilib və icarəyə verilib. Yenidənqurma işləri başa çatdıqdan və yeni obyektlər tikildikdən sonra cəmi 5 sahibkara yer veriləcək. Çünki onlar mağazanı özəlləşdiriblər. Digər insanlar isə dövlət əmlakını icarəyə götürərək işləyə biləcəklər”.
QSC rəsmisi qeyd edib ki, sahibkarların “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə heç bir müqaviləsi olmayıb: “Onlar mağazalarda icarədar olublar, amma heç bir ödəniş etməyiblər. Təmir müddəti bitəndən sonra yeni mağazalar tikiləndə sahibkarlar müqavilə əsasında ödəniş edib, fəaliyyət göstərərcəklər”.
“Dedilər, yeni yer verəcəklər”
Sahibkar Vasif Quliyev mağazasındakı malları götürüb, ancaq hansı ərazidə işləyəcəyini hələ bilmir: “Dəmir yolu idarəsinin işçiləri biz sahibkarları yığıb dedilər ki, 4-5 ay müddətində yeni obyektlər tikiləcək, sizə də yerlər veriləcək. Bu müddətdə hara gedəcəyimiz, harada işləyəcəyimiz kiməsə maraqlı deyil”.
Məlumat üçün bildirək ki, Bakı sərnişin vağzalının müasir dövrün tələblərinə cavab verməsi üçün hazırda orada yenidənqurma işləri gedir. Təmir başa çatdıqdan sonra sərnişinlər elektrik qatarlarından düşüb, turniketdən keçdikdən sonra yeni tunelə daxil olacaq, birbaşa metronun “28 May” stansiyasının qarşısına çıxa biləcəklər.
Yeniliklər bununla bitməyəcək. Vağzalın ətrafında 16 mərtəbəli binada otel və “Azərbaycan Dəmiryolları” Qapalı Səhmdar Cəmiyyətin inzibati ofisi də fəaliyyət göstərəcək.
İlhamə ƏBÜLFƏT