7 Sentyabr 2016 18:28
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər təcili yardim xidmətinin ödənişli olacağı məsələsi müzakirə olunur.

Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının (BŞTTYS) baş həkimi Rauf Nağıyev bildirib ki, xidmətin ödənişli olacağı təklif mərhələsindədir: “Göstərilən xidmətin pullu olması bizim təklifimizdir. Məqsədimiz əsassız çağırışların qarşısını almaqdır. Çünki bəzən bizim xidmətə aid olmayan çağırışlar edirlər, xəstəliyi olan insanlar isə kənarda qalır”.

Baş həkim qeyd edib ki, təklif mərhələsində olan məsələyə icbari tibbi sığorta tətbiq olunandan sonra baxılacaq: “Tibbi sığorta olduqdan sonra xidmət təyinatı üzrə istifadə olunan xərclər dövlət büdcəsindən ödəniləcək. Amma xidmətindən sui-istifadə edən olsa, buna görə məsuliyyət daşıyacaqlar. Xidmətin ödənişli olacağının səbəbi bu cür məsələlərdən irəli gəlir.

Təbii ki, bunu qanun tənzimləyəcək. Biz sadəcə təklif edirik”.

Rauf Nağıyevin sözlərinə görə, bir nəfərə təcili tibbi yardım xidməti 100 manatdan baha başa gəlir. Bunun səbəbi il ərzində təcili yardım xidmətinə sərf olunan xərclərdir: “Bütün tibbi avadanlıqların xərci, kommunal xidmətlər, həkimlərimizin maaşı il ərzində daxil olan çağırışlara bölünür. Bir nəfərə düşən xərc bu məbləğə gəlib çıxır”.

Professor Adil Qeybullanın sözlərinə görə, Təcili Tibbi Yardım Xidmətinin pullu sistemə keçməsi dünyanın hər yerində icbari tibb sığortanın tərkib hissəsidir: “Hazırkı şəraitdə bu xidməti pullu sistemə çevirmək olmaz. Sadəcə, bu xidmətə ayrılan maliyyə vəsaiti, həkimlərin maaşı artırılmalıdır. Sosial müdafiənin xeyli zəiflədiyi bir dövrdə bu xidmətin pullu olması vətəndaşa böyük yük olar. Nəzərə almaq lazımdır ki, təcili tibbi yardıma müraciət edən şəxslərin əksəriyyəti kimsəsiz, köməyə ehtiyacı olan insanlardır”.

Adil Qeybulla deyir ki, bu məsələnin yeganə doğru həll variantı icbarı tibb sığortaya keçməkdir: “Vətəndaşların hər birinin sığorta vəsiqəsi olsun, doğuş və təcilli tibbi yardım da həmin sığortaya daxil edilsin. Əsassız çağırışlar zamanı fakt yerində araşdırılmalı və akt tərtib olunmalıdır ki, bu cür çağırışların qarşısı alınsın”.

Milli Məclis Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyir ki, Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevin çağırışların ödənişli olması ilə bağlı təklifin qəbulu mümkün deyil: “Əhalinin sağlamlığının zəmanəti Azərbaycan dövlətidir. Bu cür tibbi yardım təkcə Azərbaycan vətəndaşlarına deyil, vətəndaşlığı olmayan və Azərbaycanda yaşayan şəxslər üçün də pulsuzdur”.

Musa Quliyev deyir ki, icbari tibbi sığorta gələcəkdə tətbiq olunacaq: “Milli Məclis yaxın vaxtlarda icbari tibbi sığorta haqqında qanunu qəbul edəcək. Qanunda Təcili Tibbi Yardıma aid müddəa yoxdur. Bu, dövlət vəsaiti hesabına göstərilən xidmətdir. Onun pullu olması qanunvericiliyə uyğun deyil. Hazırda bizim qanunvericiliyə görə səhiyyə xidmətləri dövlət vəsaiti hesabına həyata keçirilir”.

Millət vəkilinin sözlərinə görə, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası "Elektron hökumət" çərçivəsində “Elektron səhiyyə” proqramını həyata keçirir ki, burada əsas məqsəd əsassız çağırışların qarşısını almaqdır: “Bu sistem həyata keçirləndən sonra vətəndaşların şəxsiyyət vəsiqəsi və ya elektron sağlamlıq kartına xüsusi çiplər yerləşdiriləcək. Bu zaman çağırışa gedib-getməmək barədə qərar veriləcək”.

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər