9 Sentyabr 2016 12:14

Bakı metrosu qış qrafikinə keçir.

“Bakı Metropoliteni” QSC-dən Teleqraf.com-a verilən məlumata görə, sentyabrın 15-dən qatarların hərəkət intervalı gur saatlarda 2 dəqiqəyə endiriləcək.

Yay mövsümünün başa çatması, xüsusən yeni tədris ilinin başlanması ilə əlaqədar Bakı metropolitenində də sərnişin axınının get-gedə artması müşahidə olunur. Mövsümün tələbləri nəzərə alınaraq, sərnişindaşıma qabiliyyətini artırmaq, qatarlardan səmərəli istifadə etmək, həmçinin sərnişinə xidmət mədəniyyətinin səviyyəsini yüksəltmək məqsədilə metropolitendə bir sıra tədbirlər görülür. Onların arasında, ənənə üzrə, qatarların yeni hərəkət qrafikinin tətbiqi xüsusi yer tutur.

“Bakı Metropoliteni” QSC sədri Zaur Hüseynovun əmrinə əsasən, payız-qış mövsümünün tələbləri nəzərə alınaraq, sentyabrın 15-dən metropolitendə qatarların hərəkətinin yeniləşmiş qrafiklə tənzimlənməsinə keçiriləcək.

Qeyd edilən qrafikə əsasən, qatarların hərəkəti daha da sıxlaşdırılır. Hərəkət gur saatlarda 30 cüt qatar ölçülərinə uyğun təşkil edilməklə, xətlərdəki qatarların sayı artırılacaq və interval azaldılacaq. Nəticədə, «Həzi Aslanov» stansiyasından «28 May» stansiyası daxil olmaqla hər iki istiqamətdə interval gur saatlarda 2 dəqiqəyə endiriləcək.

Qeyd edək ki, gur hərəkət səhər saat 7ºº-dan 10ºº-a, axşam isə 17ºº-dan 20ºº-a qədərdir. Bu məqsədlə, gur saatlarda xətlərin «28 May-Dərnəgül» və «28 May-İçərişəhər» sahələrində qatarlar arasında interval iki dəfə çox, yəni 4 dəqiqə olacaq.

Sərnişinlərin nəzərinə çatdırırıq ki, «Həzi Aslanov-28 May» sahəsində, sərnişin axınının tələbləri əsas götürülməklə, qeyri-gur saatlarda hərəkət intervalı 2,5 dəqiqə, sərnişinlərin əsaslı şəkildə azaldığı müşahidə olunan axşam saatlarından gecəyə doğru 3 dəqiqə və daha çox olur.

Şənbə və bazar, eləcə də bayram günlərində isə fərqli hərəkət qrafiki tətbiq olunur.

Yeni qrafik 2017-ci ilin yayına qədər tətbiq ediləcək.

Metropolitendə hərəkət qrafiki il ərzində iki dəfə dəyişdirilir. Yay mövsümündə əhalinin istirahət məqsədilə daha çox şəhərdən kənara üz tutması, ələlxüsus tədris ilinin başa çatması ilə metropolitendə nisbətən yüngülləşdirilmiş yay qrafiki tətbiq olunur.

İlhamə ƏBÜLFƏT


Müəllif:
Загрузка...