“Horizon-2020” çərçivə proqramına həsr olunan konfrans başa çatıb
Sentyabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Avropa İttifaqının “Horizon-2020” Tədqiqat və İnnovasiya proqramı çərçivəsində keçirilən 2 günlük konfrans işini yekunlaşdırıb.
ADNSU-dan Teleqraf.com-a verilən məlumata görə, konfransı giriş sözü ilə açan Avropa Birliyinin "Horizon-2020" Elmi Tədqiqat və İnnovasiya proqramının Azərbaycan üzrə milli təmsilçisi, texniki elmlər namizədi Tofiq Babayev "Horizon-2020"-nin büdcəsi və layihələrə ayrılan vəsaitlər haqqında məlumat verib.
Tofiq Babayev proqramda 14 milli təmsilçimizin olduğunu və 11 layihədə iştirak edildiyini diqqətə çatdırıb.
"Horizon-2020" Elmi Tədqiqat və İnnovasiya proqramı çərçivəsində görülən layihələrdən danışan Gürcüstan və Ukraynalı nüumayəndələr proqrama qəbul olunma tarixi və rəsmi statistik məlumatları konfrans iştirakçıları ilə bölüşüblər.
Konfransın sonunda "Horizon-2020" Elmi Tədqiqat və İnnovasiya proqramına təqdim olunan layihələr müzakirə edilib. ADNSU-nun 4 əməkdaşının təqdim etdiyi layihə ekspertlər tərəfindən bəyənilərək təqdim olunması və qrant ayrılması üçün "Horizon-2020" çərçivə proqramına göndərilib.
“Horizon-2020” və ya Avropa İttifaqının Elmi tədqiqatların və texnologiyaların inkişafı üzrə səkkizinci çərçivə proqramı Avropa tədqiqat məkanında elmi axtarışların dəstəklənməsi və təşviq olunması üçün Avropa Birliyinin yeddillik maliyyələşmə proqramıdır.
2014-2020-ci illəri əhatə edən Proqramın büdcəsi 80 milyard avrodur.
İlhamə ƏBÜLFƏT