Sentyabrın 25-də Milli Məclisin sədri Oqtay Əsədov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Referendumu Dəyərləndirmə Missiyası nümayəndə heyəti ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, Oqtay Əsədov AŞPA-nın Dəyərləndirmə Missiyasının ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olan ümumxalq səsverməsini müşahidə etməsinin önəmini qeyd edib. Milli Məclisin sədri ölkəmizdə keçirilən bütün seçkilər zamanı beynəlxalq təşkilatlardan, müxtəlif ölkələrin parlamentlərindən müşahidəçilərin dəvət edildiyini bildirib. “Onların arasında AŞPA müşahidəçilərinin olması bizim üçün mühüm önəm kəsb edir”, - deyə sədr əlavə edib. Oqtay Əsədov ümumxalq səsverməsini izləyəcək müşahidəçilərin bir çoxunun artıq Azərbaycanda olduğunu diqqətə çatdırıb. O, müşahidəçilərin referendumun beynəlxalq standartlara uyğun keçirildiyini görəcəklərinə əminliyini ifadə edib.
Missiyanın rəhbəri Aleksandr Nikoloski nümayəndə heyətinin tərkibi barədə məlumat verib. O, AŞPA müşahidəçilərinin ölkəmizdə keçirilən bütün prezident və parlament seçkilərini, eyni zamanda, referendumları izlədiklərini söyləyib.