Moldovanın paytaxtı Kişineuda yerli və azərbaycanlı idman jurnalistləri arasında futbol matçı keçirilib. "Report"un məlumatına görə, dostluq görüşü Azərbaycanın dövlət müstəqilliyinin 25, Moldova İdman Junalistləri Assosiasiyasının 20 illik yubileyi münasibətilə təşkil olunub.
Bu məqsədlə Kişinyova Gənclər və İdman Nazirliyinin dəstəyilə 15 nəfərdən ibarət heyət ezam olunub. İdman Araşdırmalar Mərkəzinin də təşkilatçılığı ilə baş tutan qarşılaşmadan öncə rəsmi hissə olub. Moldova Milli Olimpiya Komitəsinin baş katibi Kristina Vasilyanova təmsil etdiyi qurum adından yarış iştirakçılarını salamlayıb, qonaq komandanın kapitanı Elnur Əşrəfoğluna xatirə hədiyyəsi təqdim edib. Eyni zamanda K.Vasilyanova və Moldova İdman Junalistləri Assosiasiyasının rəhbəri Eduard Çebanuya azərbaycanlı jurnalistlərlə dostluq əlaqələrinin inkişafındakı xidmətləri qarşılığında hədiyyə verilib.
Oyun Moldova Futzal Federasiyasına məxsus xalçalı meydançada baş tutub. Görüşün əvvəlində yerli komanda 2:0 hesabı ilə önə keçsə də, tezliklə toparlanan azərbaycanlı jurnalistlərdən Elnur Əşrəfoğlu və Nurani İsgəndərov ardıcıl 2 qolla tarazlıq yaradıblar. Fasilədən sonra da meydan sahibləri 2 dəfə hesabda önə keçiblər. Lakin hər iki halda komandamız əvvəlcə Anar Məmmədov, sonra isə Gündüz Abbaszadənin qolları ilə bərabərlik yarada bilib. Bununla belə, matçın sonlarında moldovalı jurnalistlər iki qol vuraraq, 6:4 hesablı qələbəyə nail olublar. Amma onların 5-ci qolundan sonra yerli hakimlər açıq-aşkar penaltini təyin etməyiblər. Halbuki həmin epizodda qaydanın pozulduğunu oyundan sonra təşkil olunmuş banketdə kapitan E.Çebanu ilə yanaşı, əllə oynayan futbolçu da etiraf edib.
Azərbaycan idman jurnalistləri səfərin təşkilindəki böyük roluna görə Gənclər və İdman Nazirliyinə, eləcə də AAAF Park və "İtaldizain Group"a təşəkkürünü bildirir.