19 Oktyabr 2016 17:07
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində “Silahlı Qüvvələr və media: informasiya qarşıdurması şəraitində əlaqəli əməkdaşlıq fəaliyyəti” mövzusunda dəyirmi masa keçirilib. Teleqraf.com-un məlumatına görə, Müdafiə Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının birgə təşəbbüsü ilə keçirilmiş toplantıda ölkənin tanınmış, ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrinin, internet xəbər saytlarının rəhbərləri, habelə müxtəlif güc strukturlarının media ilə işə məsul struktur bölmələrinin nümayəndələri iştirak ediblər.

Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev bildirib ki, media ilə Silahlı Qüvvələrin daimi təmasda olması müharibə şəraitində yaşayan ölkə üçün son dərəcə önəmlidir. Bu, həm də onunla əsaslandırılır ki, hazırda müharibənin informasiya cəbhəsi daha çox aktual əhəmiyyət daşıyır. İnformasiya texnologiyalarının geniş vüsət aldığı dövrdə qarşı duran tərəflər fəaliyyətlərini əsasən medianın gücündən yararlanaraq qururlar. Mövcud amilin doğurduğu şərtlər məsələyə həssas yanaşılmasını qaçılmaz reallığa çevirir. Buna görə də nazirlik Mətbuat Şurası ilə birgə belə bir tədbirin təşkilini vacib sayıb. K.Vəliyev onu da bildirib ki, istər Milli Ordu ilə əlaqədar cəmiyyətin informasiya təminatı məsələlərini gücləndirmək, istərsə də medianın cəhbə xətti ilə bağlı xəbər yayımındakı sistemliliyi və məqsədyönlülüyü artırmaq məqsədi ilə KİV rəhbərlərinin iştirakı ilə keçirilən müzakirələrə, təkliflərin qruplaşdırılmasına ehtiyac duyulmaqdadır.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov rəhbərlik etdiyi qurumun Müdafiə Nazirliyi ilə birgə təşəbbüslərinin ənənə halını aldığına diqqət çəkib. MŞ sədri ordu-media əməkdaşlığının davamlılığına ehtiyacın duyulduğunu əsaslandırarkən bir neçə məqam barədə söz açıb. O bildirib ki, 2014-cü ilin avqustunda cəbhə xəttində gərginlik yaranan zaman media məsələyə lazımi peşəkarlıqla yanaşmadı. Bu isə öz növbəsində problemlərə yol açdı. Ancaq 2016-cı ilin “aprel müharibəsi” dönəmində medianın fəaliyyət tərzi baxımından kifayət qədər peşəkar mənzərə var idi. Belə bir müsbət durumun yaranması isə qarşılıqlı əməkdaşlığın, aparılan məqsədyönlü işlərin nəticəsi idi. Ə.Amaşov mövcud xüsusda 2014-cü il avqustun 29-da Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin KİV rəhbərləri ilə keçirdiyi müşavirəni xatırladıb. O, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” sərəncamından irəli gələn vəzifələrin mövcud sahədə mühüm tənzimləyici rol oynadığını vurğulayıb. Ə.Amaşov çıxışında medianın cəbhə xəbərlərini işıqlandırması məsələlərinin daim diqqətdə saxlanılmasına ehtiyacın duyulduğunu qeyd edərək dəyirmi masanın bu baxımdan da müstəsna əhəmiyyət daşıyacağına əminliyini bildirib.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev bildirib ki, Milli Ordu quruculuğunun dərinləşməsi istiqamətində görülən işlərin, cəbhə xəttində yaşananların təqdimatı ilk növbədə peşəkarlığa söykənən fəaliyyət olmalıdır. Peşəkarlıq isə vətənpərvərliyə əsaslanmalıdır. O, müxtəlif internet informasiya ehtiyatlarının reytinq qazanmaq üçün cəbhə xəbərlərindən manipulyasiyaya yol vermələrinin yolverilməzliyindən bəhs edib. Belə hallara münasibətdə cəmiyyətin, o cümlədən mütərəqqi media ictimaiyyətinin səfərbərliyini zəruri edən cəhətləri sadalayıb.

Müdafiə Nazirliyinin mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general-mayor Rasim Əliyev də çıxışında diqqəti əsasən Milli Ordu sistemində baş verən olayların cəmiyyətə çatdırılmasındakı bəzi neqativ meyllərə çəkib. Mövcud xüsusda ayrı-ayrı KİV-lərin yanlış təəssürat formalaşdırmaqla cəmiyyətdə xoşagəlməz ovqat yaratdıqlarını deyib.

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib ki, Müdafiə Nazirliyinin media ilə təmaslarındakı səmərəlilik dövlətimiz üçün olduqca həssas mövzuya yanaşmanı formalaşdırmaq, ictimai rəyi düzgün şəkildə yönləndirmək baxımından son dərəcə əhəmiyyətlidir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı bu ilin 10 ayı ərzində mediada Milli Ordu, eləcə də cəbhə xəttindəki vəziyyətlə bağlı yayılan informasiyaların xarakterik xüsusiyyətlərinə dair təhlillə çıxış edib. O, çıxışında həmçinin Müdafiə Nazirliyinin əlaqədar strukturlarında ümumən informasiya işinin müxtəlif cəhətlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə də geniş məlumat verib.

Müdafiə Nazirliyinin zabiti, polkovnik Hidayət Əliyev düşmən tərəfin mənəvi-psixoloji hazırlığa təsir göstərmək üçün həyata keçirdiyi kiber təxribatlar, eləcə də onlara qarşı Müdafiə Nazirliyi tərəfindən reallaşdırılmaqda olan əks tədbirlərdən söz açıb. Polkovnik Əliyev habelə düşmənin müxtəlif ideoloji diversiya qruplarının fəaliyyətinə dair vacib məqamlara da toxunub.

Görüşdə çıxış edən KİV rəhbərləri media-Silahlı Qüvvələr əməkdaşlığının intensivləşməsini aktual edən məqamlardan söz açaraq istər səmərəliliyin artırılmasına, istərsə də cəmiyyətdə vətənpərvərlik təbliğatının gücləndirilməsinə yönələn təkliflərini səsləndiriblər. Təkliflər Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən qeydə alınıb və onların reallaşdırılması yolları ətrafında müzakirələr aparılıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər