21 Oktyabr 2016 13:57
6 385
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarının Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzin direktoru Sevinc Məmmədova cavablandırıb.

-Sevinc xanım, ginekoloji baxımdan Azərbaycan qadınlarının hazırkı sağlamlıq vəziyyətini necə dəyərləndirirsiniz?

-Azərbaycanda Səhiyyə Nazirliyinin mövcud əmrlərinə əsasən, hamilə qadınlar 9 ay ərzində qadın məsləhətxanasına qeydiyyata düşməlidirlər. Hamiləlik normal gedirsə, qadınlar həkim təlimatına uyğun hamiləlik müddətində 7 dəfə qadın məsləhətxanasına müayinə üçün gəlib, hər gəlişə uyğun müalicə keçməlidirlər. Bu qadınların doğuşu çox aşağı risk qrupuna aid olur. Çünki həmin qadınlarda yarana biləcək hər hansı problem vaxtında aşkarlanır, müalicə olunurlar, doğuş zamanı risk minimuma düşür.

-Hamiləlikdə hansı risk qrupları var?

-3 növ risk qrupu haqda danışmaq olar - yüksək, orta və aşağı. Yüksək risk qrupuna aid qadınlar hamiləlik dövründə 7 dəfə yox, tez-tez həkimə müraciət etməlidirlər. Yüksək risk qrupuna aid hamilə qadınlar yalnız mama-ginekoloq yox, həm də yüksək ixtisaslı mütəxəssislər tərəfindən müayinə olunurlar. Məsələn, şəkərli diabeti olan qadınlarda bir sıra fəsadlaşmalar var. Hamiləlik zamanı bu qadının daxili orqanlarında və bətnində böyüyən uşaqlarda müəyyən problemlər olur. Bu səbəbdən şəkərli diabeti olan hamilə qadın mütləq endokrinoloq və ginekoloq tərəfdən birlikdə müayinə olunmalıdır.

- Hamilə qadınlarda daha çox hansı xəstəliklərə rast gəlinir?

-Statistikaya görə, qadınlarda qan xəstəliyi, xroniki iltihab, endokrinoloji, ürək, mədə-bağırsaq xəstəliklərinə daha çox rast gəlinir.

-Həkim, Perinatal Mərkəzə adətən, hansı qadınlar gəlir?

-Bizim mərkəzə hamiləliyi və doğuşu yüksək risk qrupuna daxil olan hamilə qadınlar gəlir. Hamiləliyi 22 həftəlik müddətdən başlayaraq 34 həftəlik müddətə daxil olanlar, anamnezində uşaqlıq boyunun və aralığının 3-cü dərəcəli cırığı, çanaq sümüklərinin travması, qarın boşluğunda və kiçik çanaqda bitişmə xəstəliyi, anamnezində doğuş və hamiləliyin pozulmasından sonra yaranan fəsadlar, çoxdöllü hamiləlik (3 və daha çox döl), düyünlərin trofikasının pozulması, dölün doğulmasına mane olan törəmələr və anamnezində 3 və artıq qeysəriyyə kəsiyi əməliyyatı varsa, mütləq bizim mərkəzə gəlməlidirlər.

-İl ərzində risk qrupuna daxil olan nə qədər hamilə qadın Perinatal Mərkəzə müraciət edir?

-Statistikaya görə, dünyada 25-30 faiz, yəni hər 3 qadından birinin hamiləliyi riskli keçir. Riskli hamilələrin strukturu fərqlidir. Məsələn, xarici ölkələrdə risk qrupuna yaşlı, yaxud siqaret çəkən qadınlar daxildir. Azərbaycanda isə risk qrupları fərqlidir: erkən nikah, çox abort olunma və sair.

-Azərbaycanda nə qədər doğum evi var?

-Azərbaycanın 54 regionunda doğum evi var. Amma bizim doğuşayardım strukturumuz 3 səviyyəli prinsipə bölünüb.

Birinci səviyyədə hər bir rayonda hamiləliyi 37 həftədən yuxarı, risk qrupu olmayan və ya çox aşağı risk qrupu olan hamilə qadınlar həmin doğum evlərində uşağını dünyaya gətirə bilər. Bakıda 1-ci səviyyəyə uyğun 9, regionlarda isə 47 doğum evi var.

Qadın orta səviyyə risk qrupuna daxildirsə, qeysəriyyə kəsimi, ilkin tibbi yardım lazım olacaqsa, o zaman 2-ci səviyyə doğum evlərində uşaqlarını dünyaya gətirirlər. Bu səviyyə qrupuna Bakıda 8, regionlarda 11 doğum evi aiddir. Yüksək ixtisaslı tibb müəssisələri də var ki, onlar 3-cü səviyyə prinsipinə aiddir.

6 regional perinatal doğum evi Respublika Perinatal Mərkəzinə daxildir. Burada yüksək risk qrupuna aid hamilə qadınlar uşağını dünyaya gətirir.

3 səviyyəli doğuşayardım mərkəzi iki cür olur. Biri sırf perinatal mərkəzdir. Bu mərkəzə gətirilən hamilə analar özləri sağlam, uşaqları isə problemli olur.

Digəri isə 3-cü səviyyəli, amma geniş profilli xəstəxanalar nəzdində fəaliyyət göstərir.

-Sevinc xanım, bəs 3-cü səviyyəli doğuşayardım mərkəzinə kimlər gəlir?

-Hamiləlik vaxtı çatmış, amma rezus faktoruna görə konfiliktli olanlar bu mərkəzə gəlir. Çünki uşaq doğulan zaman biz ona əvəzləmə qan köçürürük. Uşaq doğulan zaman əvəzləmə qan köçürməni ölkədə bir neçə dövlət xəstəxanası edir. Bunu özəl xəstəxanaların həkimləri edə bilmirlər.

-Bəzi hamilə qadınlar dövlətin doğum evlərində uşaq dünyaya gətirmək istəmirlər. Hesab edirlər ki, uşaqlarını özəl xəstəxanada dünya gətirsələr, daha sağlam və problemsiz olar. Sizcə, bu yanaşma nə dərəcədə düzgündür?

-Bu gün Azərbaycanda 3 minə yaxın ginekoloq var. İldə 160-170 minə yaxın doğuş olur ki, onları bu həkimlər idarə edirlər. Bundan artıq həkimimiz yoxdur. Özəl klinikalarda işləyənlər də dövlət xəstəxanalarında çalışan həkimlərdir. Yarım gün dövlət xəstəxanasında, yarım gün də özəl xəstəxanada çalışırlar. Əlbəttə, bəzi özəl xəstəxanalar var ki, onların avadanlıqları daha yüksəkdir, amma son illər Səhiyyə Nazirliyi dövlət xəstəxanalarını yüksək texnologiyalı avadanlıqlarla təmin edib. Bu gün kim çıxıb desə ki, özəl xəstəxanalarda avadanlıqlar dövlət xəstəxanalarından daha yüksək səviyyədədir, məncə, bu, Allahsızlıq və insafsızlıq olar.

-Hamilə qadınlar dərmanla təmin olunurmu?

-Bəzi özəl xəstəxanalarda müalicəsi üçün istifadə olunan dərmanları valideyn məcbur olub özü alır. Valideynlər gəlib deyirlər ki, mənim uşağım özəldə doğulub, 2-3 min pul xəricləmişəm, daha onun müalicəsinə pulum yoxdur. Təcili tibbi yardım çağırırlar, ana və uşağı dövlət xəstəxanasına köçürürlər. Çünki bahalı dərmanlarla təminat yalnız dövlət xəstəxanalarındadır. Özəl klinikalarda uşağı 1 gün küvezdə saxlamaq üçün 100-150 manat pul ödənilir...

-Bəzi hamilə qadınlar var ki, onlarda doğuşdan sonra uşaqlığına faley balonlar yerləşdirilir. Bu, Perinatal Mərkəzdə edilirmi?

-Əlbəttə, mərkəzi cift gəlişi transportabel olduğu halda biz qeysəriyyə əməliyyatı ilə uşağı götürdükdən sonra qadının uşaqlığına faley balonlar yerləşdiririk. Faley balonların biri 120-130 avrodur, amma o balonlar Səhiyyə Nazirliyi tərəfindən alınır. Cift gəlişi olan hamilə qadınlar bilirlər ki, faley balonlar bizim mərkəzdədir. Onun uşaqlığa yerləşdirlməsi əməliyyatını həkimlərimiz aparır.

-Mərkəzi cift gəlişi transportabel olan hamilələr çox olurmu?

-Hər ay 10-12 nəfər mərkəzi cift gəlişli xəstələrim olur. Hamiləliyin çox ağır fəsadıdır.

-Hansı xəstəliklər anadan uşağa keçir?

-Genetik xəstəliklər anadan uşağa keçir. Hər il 5-6 hamilə qadınımız müraciət edir ki, onların hamiləliyi 32-37 həftəliyə çatır və onlarda xərçəng xəstəliyi olur. Onlar xüsusi göstərişlə mərkəzə gəlirlər. Yəni kateqoriyalarımız və kriteriyalarımız müxtəlifdir.

-Sevinc həkim, abort etdirən qadınlar risk qrupuna aiddirmi?

-3 və daha artıq abort etdirən qadınlar risk qrupuna aiddir. Abortların növləri və icra qaydaları var. Bu icra qaydaları pozularsa, abortun geridönməz fəsadları olar. Məsələn, gənc qadın hamilə qalır və uşağı dünyaya gətirmək istəmir. Hamiləliyin 11-12-ci həftəliyində aborta gedir. Həkim qadını abort edən zaman endametrium qatının əsas bünövrəsi olan bazal qatını elə çıxarır ki, o qadında endametrium qatı yetişmir. Nəticədə qadın hamilə qala bilmir. Hamilə qalsa da, hamiləlik inkişaf etmir.

-Abort etdirən qadın nə qədər müddətə kimi cinsi münasibətdə ola bilməz?

-Belə qadın 40 günə kimi özünü qorumalı və cinsi münasibətdə olmamalıdır. Amma bizim qadınlar abortdan 3-4 gün keçən kimi cinsi əlaqəyə girir, cinsi yolla müxtəlif infeksiyalara yoluxurlar.

- Hazırda əksər qadınlar təbii yolla uşaq dünyaya gətirə bilsələr də qeysəriyyə əməliyyatına üstünlük verirlər. Əslində hansı hamilə qadınlar bu əməliyyat etdirməldirlər?

-Bu gün hamilə qadın gəlib həkimə desə ki, məni qeysəriyyə əməliyyatı elə, heç bir həkimin ixtiyarı yoxdur ki, təbii doğuşla dünyaya uşaq gətirə bilən qadına bu əməliyyatı etsin. Qeysəriyyə əməliyyatına uşaqlıqda rekonstruktiv əməliyyatların aparılması, doğuş yollarının anomaliyarı və xəstəlikləri, dölün köndələn vəziyyəti və sair risklər zaman əl atılır.

Bundan əlavə, təxirəsalınmaz əməliyyatlar da olur ki, qadın yoxlanışa gəlir, həkim qərar verir ki, qeysəriyyə əməliyyatı olunmalıdır. Qərar veriləndən 30 dəqiqə ərzində əməliyyat yerinə yetirilməlidir.

-Qeysəriyyə əməliyyatı etdirən qadın hansı müddətdən sonra yenidən uşaq dünyaya gətirə bilər?

-Bizim təlimatlarda qadına qeysəriyyə əməliyyatından sonra ən azı 2 il ərzində hamilə qalmaq olmaz.

-Qeysəriyyə əməliyyatından sonra hansı fəsadlar yarana bilər?

-Çox fəsadlaşmaları var. Özəl klinakalarda çalışanlar qeysəriyyə əməliyyatı edir və evə göndərir, sonra xəstəsi ilə maraqlanmır.

-Sevinc həkim, əsl ginekoloq necə olmalıdır?

-İnsanlar düşünür ki, cərrah əla ginekoloji əməliyyat edirsə, o, əsl ginekoloqdur. Əslində elə deyil. Əsl ginekoloq hamiləliyi 9 ay müddətində fəsadsız başa çatdıran, doğuşu düzgün idarə edərək ana və balanı sağlam ailəyə təhvil verən həkimdir. Təkcə qeysəriyyə əməliyyatını icra etməsin, bu əməliyyatdan sonra qadında əmələ gələn fəsadları aradan götürə bilsin.

-Bir ara doğuş zamanı ölən qadınların sayında artım var idi. İndi vəziyyət necədir?

-Ana ölümü varsa, o demək deyil ki, Səhiyyə Nazirliyi pis işləyir. Hazırda hər bir ana ölümü geniş və dəqiq araşdırılır. Müəyyən xəstəliklərin diaqnostikası yaxşılaşıb deyə, biz riskli hamiləliyi vaxtında aşkar edib, üzə çıxarmağa nail oluruq. Gəlin etiraf edək ki, 2012-2013-cü illərdə bu cür statistika aparılmırdı. Son illər bu məsələ Səhiyyə Nazirliyinin diqqət mərkəzindədir.

Qadınlar xəstəxanaya kritik vəziyyətdə gətirilir və tələb edilir ki, uşağımı dirilt, mənə ver. Biz əlimizdən gələni edirik. Heç bir həkim istəməz ki, onun xəstəsi ölsün. Bu gün həkim və tibb bacıları qapı-qapı düşüb hamilə qadın axtarır və müayinə gəlmələri üçün məlumat verirlər. Hər bir xəstəyə eyni yardım göstərilir. Necə olur ki, 170 min doğuşa kömək edə bilirik, 25 anaya edə bilmirik? Ana ölümündə həkimlə yanaşı valideyn də günahkardır. Vaxtında müayinə olunsa, ana ölümü az olar.

-Sizin mərkəzə hamilə QİÇS xəstələri gəlirmi?

-Əslində bu cür qadınlar hamilə olan zaman Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda müalicə olunurlar, hazırda institut bağlı olduğu üçün onlar bizim mərkəzdə uşaqlarını dünyaya gətirirlər.

-İl ərzində nə qədər QİÇS xəstəsi qadın sizin mərkəzdə uşaq dünyaya gətirirlər?

-İl ərzində 30-40 HİV infeksiyalı qadın bizim mərkəzdə uşaq dünyaya gətirir. Onların doğuşu başa çatdırıldıqdan sonra istifadə olunan dəsmalların hamısı dezinfeksiya olunur və yandırılır.

-Bu il perinatal ölüm nə qədər olub?

-Bu ili deyə bilmərəm. Çünki perinatal ölüm hər 100 min diri doğulmuş uşağa hesablanır. İl sona çatmayıb deyə, statistika hazır deyil.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər