“Heç kəsə imkan vermədim ki, məni ad günü münasibətilə təbrik etsin. Siz təbrik etdiyiniz üçün təşəkkürümü bildirirəm”.
Bunu Teleqraf.com-a sabiq Təhsil naziri Misir Mərdanov deyib.
Qeyd edək ki, oktyabrın 3-də Misir Mərdanovun doğum günü idi. Ancaq o, mediayla hər hansı təmas qurmayıb. Çoxsaylı jurnalistlər sabiq nazirlə əlaqə yarada bilməyiblər.
Sabiq nazir daha sonra elmi fəaliyyətini davam etdirdiyini deyib: “Elmi fəaliyyətim ciddi şəkildə davam edir. İndiyə qədər bir neçə kitabım çıxıb. Bundan sonra da çıxacaq. Allah qoysa, görüşəndə sizə təqdim edərəm”.
Teleqraf.com sabiq nazirin qısa tərcümeyi-halını təqdim edir:
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdənov 1946-cı il oktyabrın 3-də Qərbi Azərbaycanın (indiki Ermənistan) İcevan rayonunun Göyərçin kəndində anadan olub.
Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1971-ci ildən 1989-cu ilədək Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində müəllim, baş müəllim, dosent, 1989-1990-ci illərdə Təhsil Nazirliyində ali təhsil idarəsinin rəisi, 1991-1992-ci illərdə təhsil nazirinin müavini işləyib.
1992-1996-cı illərdə BDU-nun tədris işləri üzrə prorektoru, 1997-1998-ci illərdə Bakı Dövlət Universitetin rektoru olub. 1998-2013-cü illərdə Azərbaycan Respublikasının Təhsil naziri vəzifəsində çalışıb.
2013-cü ilin aprel ayından Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktorudur.
Ailəlidir, 3 övladı var.
NEMƏT