25 Oktyabr 2016 16:51
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Diaspor Mərkəzi (BDM) Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə oktyabrın 16-23-də Belarusda tədbirlər həyata keçirib.

Teleqraf.com-un məlumatına görə, tədbirlər Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə baş tutub.

İlk tədbir Yanki Kupala adına Qrodno Dövlət Universitetində keçirilib. Universitet rəhbərliyi başda olmaqla professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə BDM tərəfindən rus dilində “Nezavisimiy Azerbaycan-25” adlı film nümayiş etdirilib. Daha sonra BDM sədri İsmayıl Ağayev, BDM sədrinin birinci müavini Samir Adıgözəlli, Qrodno Azərbaycanlıları Konqresinin sədri Namiq Vəliyev və sədr müavini Arif Xudayarov Azərbaycanın müstəqillik tarixi və siyasi-iqtisadi inkişafından bəhs edən çıxışlar ediblər. Daha sonra universitetin birinci prorektoru İrina Kiturko, hüquq fakültəsinin dekanı Svetlana Çeburanova, iqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini İosif Dvornyak, tarix və turizm fakültəsinin dekan müavini Viktor Belozoroviç, beynəlxalq əlaqələr şöbəsinin rəisi Olqa Minova və başqaları çıxış edərək, Belarusla Azərbaycan arasındakı xoş münasibətlər və təhsil sahəsində əməkdaşlıq haqqında fikirlərini bildiriblər. Sonda azərbaycanlı tələbələr də çıxış edərək universitet haqqında xoş təəssüratlarını bölüşüblər.

Layihə çərçivəsində növbəti tədbir Baranoviç Dövlət Universitetində baş tutub. Öncə universitetin rektoru, professor Vasili Koçurko və BDM nümayəndə heyəti arasında görüş keçirilib. Daha sonra universitetin professor-müəllim və tələbə heyətinin iştirakı ilə Azərbaycanın müstəqilliyinə həsr edilmiş tədbir düzənlənib. Tədbiri giriş sözü ilə açan birinci prorektor Aleksandr Unsoviç BDM nümayəndə heyətini salamlayıb, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə universitet adından Azərbaycan xalqını təbrik edib. Sonra BDM sədri İ.Ağayev tədbirin keçirilməsinə şərait yaratdığına görə universitet rəhbərliyinə minnətdarlığını bildirərək, Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyi və Belarus-Azərbaycan münasibətləri haqqında çıxış edib. Çıxışdan sonra BDM tərəfindən hazırlanmış rus dilində “Nezavisimiy Azerbaycan-25” adlı film nümayiş etdirilib.

Keçirilən tədbirlərdə həmçinin BDM tərəfindən hazırlanmış hədiyyələr hər iki universitetin rəhbərliyinə təqdim olunub. Eyni zamanda bukletlər, filmlər, kitablar və digər hədiyyəlik əşyalar müəllim və tələbə heyətinə paylanılıb. Səfər müddətində BDM nümayəndə heyəti Qrodno Azərbaycanlıları Konqresində və Minskdə diaspor fəalları ilə görüşlər keçirib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər