Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təmsilçisi Qazaxstanın hakim “Nur Otan” Partiyasının gənclər qolu olan “Jas Otan”ın dəvəti ilə Astanada keçirilən “Xüsusi Gənclər Sessiyası – Dünya XXI əsr” adlı tədbirdə iştirak edib.
Teleqraf.com-un məlumatına görə, toplantının əsas məqsədi Nursultan Nazarbayevin BMT Baş Assambleyasının 70-ci sessiyasında səsləndirdiyi manifestə fikir bildirmək və dünyada sülhün bərqərar olması, həmçinin nüvə silahlarından imtina etməyə çağırış olub. Görüşdə Qazaxstan, Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Tacikistan, Qırğızıstan, Çin Xalq Respublikası, Monqolustan və Almaniya təmsil olunub.
Sessiyanı giriş sözü ilə “Nur Otan” Partiyasının ideoloji məsələlər üzrə katibi Farxad Kuanqanov açıq elan edib, sonra isə “Jas Otan”ın sədri Şaxmardan Baymanov manifestin əhəmiyyəti barədə fikirlərini bildirib.
Mövzu ətrafında çıxışlar zamanı YAP Gənclər Birliyi şurasının üzvü Fərid Nəsibov N.Nazarbayevin bu manifestinin yüksək hörmət və diqqətə layiq olduğunu, həmçinin bu manifestin gənclər və bütün bəşəriyyət üçün önəmli olmasını bildirib.
Azərbaycanın əsrlər boyu tolerantlığı, multikulturalizmi və sülhü dəstəkləyən və təbliğ edən ölkə olması iştirakçıların diqqətinə çatdırılıb.
Səxavət