1 Noyabr 2016 13:39
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Məmməd Əmin Rəsulzadənin nəvəsi, əməkdar rəssam Rəis Rəsulzadənin 70 illik yubileyi ilə əlaqədar Beynəlxalq Mətbuat Mərkəzində tədbir keçirilib.

Teleqraf.com-un məlumatına görə, tədbirin təşkilatçısı, tarix elmlər doktoru Nəsiman Yaqublu bildirib ki, Rəis Rəsulzadə Azərbaycan mədəniyyətinə və incəsənətinə böyük töhfələr verib: “Azərbaycan ictimaiyyəti Rəis Rəsulzadəni Məmməd Əmin Rəsulzadənin nəvəsi kimi tanıyır. 500-dən çox sənət əsərinin müəllifi olan digər Rəis Rəsulzadə unudulub kənarda qalıb. Biz düşündük ki, nəhayət, Rəis müəllimi rəssam kimi ictaimiyyətə geniş şəkildə təqdim edək. O, ata tərəfdən böyük Rəsulzadənin nəvəsidirsə, ana tərəfdən nəsli də Naxçıvanın tanınmış ziyalılarıdır, Eynəli bəy Sultanov nəslindəndir. O, 1882-ci ildə ziyalılar cəmiyyəti yaradaraq bu mühitin maarifləndirilməsində rol oynayıb. Repressiyalar zamanı həm ana, həm də ata tərəfi Qazaxıstana sürgün edilib. Rəis Rəsulzadə Qazaxıstanda doğulub, Karakanda şəhərində təhsil alıb. 3 yaşında anasını itirəndən sonra həyatın çətinlikləri ilə üzlışən Rəis Rəsulzadə məktəbdə öz savadı ilə seçilib. Güclü şahmatçı olub, rəsm əsərləri təkcə Qazaxıstanda deyil, Moskavada da sərgilənib. Məktəbli ikən 50-yə yaxın əsəri sərgilərdə nümayiş etdirilib. Orta məktəbi bitirəndən sonra Bakıya qayıdıb və Əzim Əzimzadə adına rəssamlıq məktəbində oxuyub. 1969-cu ildə rəssamlıq məktəbini bitirəndən sonra 2 il sovet ordusunda hərbi xidmət çəkib. Kuznets mühitində də fərqlənmişdi, onun xidmət göstərdiyi hərbi hissə tərtibatına görə hərbi hissələr arasında 1-ci yeri tutmuşdu. Bir sözlə, o, hansı sahədə çalışıbsa, diqqəti özünə çəkə bilib. Hərbi xidməti bitirəndən sonra Azərbaycana qayıdıb. Bu nəslə diqqət etmişəm, əzablı günlər yaşayan Rəsulzadələr bütün varlığı ilə
Azərbaycanı sevdiklərindən ölkəmizə qayıdıblar”.

N.Yaqublu qeyd edib ki, onun atası Azər Rəsulzadə də rəsmə maraq göstərib: Karaqandada bir rəsm əsəri gördüm, od üzərində Məhəmməd Əmin Rəsulzadə, külün üzərində isə Azər Rəsulzadə yazılmışdı. Bu nəslin odu daha da alışıb yanmışdı, külə çevrilmədi. Novxanıda qonşu olan Mehdi Hüsyenzadə Azər Rəsulzadə ilə yaxşı dost idi. Hətta o, sürgünə göndəriləndə onun yarımçıq sənət əsərlərini davam etdirib, qonanarı da Qazaxıstandakı ünvanı öyrənib Azər Rəsulzadəyə göndərib”.

Nəsimi Yaqublu bildirib ki, Rəis Rəsulzadə Nadir Əbdürrəhmənovun məsləhəti ilə Azərbaycan Padaqoji İnstitutunda bədii qrafika ixtisası üzrə təhsil alıb: “Onun əsərləri 1975-ci ildən başlayaraq beynəlxalq sərgilərdə nümayiş etdirilməyə başlayıb. 1977-ci ildə onu peşəkarlığı və yüksək qabiliyyətinə görə institutda dərs demək üçün saxlayıblar. Hazırda indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində dosent vəzifəsində çalışmaqdadır. Pedaqoji fəaliyyəti nə qədər peşəkardırsa, rəssamlıq fəaliyyəti də o cür diqqətəlayiqdir. 1980-ci ildə əsərləri Əfqanıstan, Polşa, ABŞ-ın Hyuston ştatında nümayiş etdirilib. O, öz işinə inanıb irəli gedib. 11 pillə aşağıda yerləşən zirzəmidə 10 il ərzində yaşayıb, yüzlərlə əsər yaradıb. Qonşular şübhələnib ki, havasız yerdə necə çalışır. Rəis Rəsulzadə heç vaxt təmənna ummayıb. Onun babası Məmməd Əmin Rəsulzadə haqda Stalin də bu cür düşünüb. Rəsulzadəni Moskvaya özü ilə aparan Stalin ondan bir neçə dəfə nəsə istəyib-istmədəiyini soruşur. Sonda dözməyib qayıdır ki, belə yaxın dostuq, öz ehtiyacınızı dilə gətirib demirsiniz. Doğrudan da heç vaxt ehtiyacını dilə gətirməyib”.

Nəsiman Yaqublu bildirib ki, Rəis Rəsulzadənin fərdi sərgisi açılmalı və onun əsərlərini Azərbaycan ictimaiyyəti tanımalıdır.

Daha sonra çıxış edən deputat Rafael Hüsyenov qeyd edib ki, Rəis Rəsulzadə Azərbaycanın ən şərəfli nəsillərindən birinin övladıdır: “Məni cəzb edən nə onun məşhur şanlı soyadıdır, nə də Azərbaycan dövlətçiliyinin təməlində adları ucalan böyük şəxsiyyətlərdir. Məni cəlb edən Rəis Rəsulzadənin özünün şəxsiyyəti və Azərbaycana bağışladığı böyük irsdir. Məşhur soyadlar, adətən, yollar açır. Tale elə gətirib ki, məşhur soyadı, şanlı babası onun qarşısında nəinki yollar açıb, bəzən maneələr, müqavimətlər ortaya qoyub. O, nəyə nail olubsa, istedad və ağlasığmaz əməksevərliyinin, ardıcıllığın sayəsində olub. Bu inadkarlıq gərək insanlara nümunə olsun. Milli Məclisdə təmsil olunuram, bu dövlət və parlament varsa, bu dövlətin qurucusu olan Məmməd Əmin Rəsulzadənin övladlarının davam edən nəslinin bayramında dövləti təmsil edən insanların olması vacibdir, rəmzdir. Rəis Rəsulzadə gəncliyindən dünyaya rəssam kimi baxmağa başladı. Bir neçə yüz əsərinin əksəriyyətini görmüşəm. Düşünürəm ki, bu əsərlərin mayası haradan gəlir, niyə başqa cür yox məhz bu cür rəssamdır. Şairlik, rəssamlıq, sənət istedadı qanda olur və haçansa üzə çıxır. Məmməd Əmin Rəsulzadənin həyat yoldaşı da, bacısı da incə rəng duyumu olan insanlar idi. Rəis Rəsulzadənin yaradıcılığında əsas yer tutan məqam mənzərələrdir və rəng bolluğudur. Qarabağda rəng əlvanlığı səsdə təzahür edir. Rəssamların əksəriyyəti rəng baxımdan xəsis olan Abşeron və Naxçıvan torpağından çıxır. Mənşə etibarilə Rəis Rəsulzadə bir tərəfdən abşeronlu, digər tərəfdən naxçıvanlıdır”.

Deputat Vahid Əhmədov bildirib ki, Rəisl Rəsulzadənin bəxti ondan gətirib ki, Məmməd Əmin Rəsulzadənin nəvəsi kimi dünyaya göz açıb: “Müstəqil dövlətimizin qurucusu onun babası olub.1992-ci ildə Əbülfəz Elçibəy prezident seçiləndə ilk qərarlarından biri Rəsulzadə ailəsinə bəraət verilməsi ilə bağlı sərəncam oldu. Bu nəslin əksər hissəsi 1937-ci il repressiya qurbanı olmuşdu. Əbülfəz bəy həmin insanların bəraət alması üçün sərəncam imzaladı. Azərbaycan tarixində Məmməd Əmin Rəsulzadəyə layiqincə qiymət verməmişik. Onun haqda müsbət və mənfi fikirlər var. Müstəqil Azərbaycan olmağımızda onun xüsusi rolu var. Tariximizi də unutmamalıyıq. Tarixçilər, alimlərimizlə söhbətimizdə deyirəm ki, tarixi elə yazmalıyıq ki, həqiqəti əks etdirsin, yalançı tarix olmasın. Məmməd Əmin Rəsulzadənin yubileyi ilə bağlı son vaxtlar tədbirlər keçirildi, ancaq bu, kifayət deyil. Hesab edirəm ki, gənclərimiz ona bizdən çox qiymət verir. Rəis Rəsulzadənin də əsərlərinin sərgisini geniş şəkildə təşkil etməyi düşünürük. Necə ki Nadir Əbdürrəhmanovu, Tahir Salahovu görkəmli rəssam kimi tanıyırıq, onun da əsərlərini ictimaiyyətə təqdim etməliyik. Mədəniyyət xadimləri üçün verilən adlar gəldi gedərdir. Tarixdə qalan Məmməd Əmin Rəsulzadə və onun nəvəsi olmaq adıdır”.


Cəfər Cabbarlının nəvəsi Qəmər Seyfəddinqızı deyib ki, nümayiş olunan əsərləri ilə Rəis Rəsulzadənin zəngin mənəviyyatlı insan olduğu bir daha kəşf edildi: “Babam Cəfər Cabbarlı demokratik respublikanın quruculuğundan fəal iştirak edib. Məmməd Əmin Rəsulzadə ilə çox yaxın tanışlığı vardı, ailələr bir birinə rəğbətlə yanaşırdılar. Rəis müəllimi gözəl əsərlərinə görə və yubileyi münasibətilə təbrik edirəm”.

Deputat Fazil Mustafa söyləyib ki, nəinki Rəis Rəsulzadə hər bir azərbaycanlı Məmməd Əmin Rəsulzadə yolunu və əqidəsini daşıyır: “Azərbaycan cümhuriyyəti qurulanda heç Azərbaycan adı belə yox idi. Oğuzustan adı üzərində dayanmışdılar. Məmməd Əmin Rəsulzadə bu adı kəşf edərək dövlətə verdi. Rəis Rəsulzadənin rəssamlığının kökü Məmməd Əmin Rəsulzadəyə gedib çıxır. Çünki o, bayrağımızda 3 möhtəşəm ideyanı elə mükəmməl düzüb ki, onun mahiyyətini anlamadan kimsə bütöv azərbaycanlı ola bilməz. Rəis bəyin həyat yolu ilə tanış olanda insanın nələrə qadir olduğunu nümunə olaraq görə bilirik. Məmməd Əmin Rəsulzadə haqda müxtəlif böhtanlar səsləndi, amma həyatını diqqətlə izləyəndə görürsən ki, bu insan hansı şəraitdə olursa olsun, ziyalılığından geri çəkilməyib. Stalin, Atatürk belə onun ziyalı modeli qarşısında heyrətləniblər. Enişdə belə azacıq da dəyişmədi. Onun varisliyi yaşadılmalıdır”.

Daha sonra tədbirdə Rəis Rəsulzadənin həyat yoluna həsr edilən qısa videoçarx nümayiş etdirilib.

Nərgiz

FOTO: Elçin Murad


Müəllif:

Oxşar xəbərlər