Türkiyənin Dənizli bölgəsində Azərbaycan və Türkiyə millət vəkillərinin, ziyalıların, türk dünyasının müxtəlif bölgələrindən gəlmiş tanınmış aydınların, Azərbaycanın Türkiyədəki Baş Konsulluğu rəsmilərinin, Dənizli rəsmilərinin, QHT, KİV rəhbərləri və yüzlərlə yerli sakinin iştirakı ilə Qarabağ parkı və Xocalı soyqırımı abidəsinin açılış mərasimi keçirilib.
Teleqraf.com-un məlumatına görə, mərasimdə çıxış edən Dənizli bələdiyyə başqanı Osman Zolan bildirib ki, bir neçə ay əvvəl bölgədə Qarabağ problemi ilə bağlı konfrans verən millət vəkili Qənirə Paşayeva Dənizlidə Qarabağ parkı təklifi ilə çıxış etdiyi zaman bir bələdiyyə başqanı olaraq qısa zamanda bu təklifin reallaşacağını söyləyib və bu gün bu parkın açılışını həyata keçirməkdən məmnundur.
Dənizlinin mərkəzi bölgəsində yerləşən və böyük bir ərazini əhatə edən yüksək səviyyəli Qarabağ parkını ziyarət edəcək hər bir insan Qarabağ, Xocalı soyqırımı həqiqətləri ilə bağlı məlumatları əldə edə biləcəklər. Bələdiyyə başqanı Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə qoyulmuş Qarabağ parkında iki qardaş ölkənin bayrağının bərabər dalğalanacağını deyib.
Millət vəkili Q.Paşayeva Dənizli bələdiyyə başqanına və əməyi keçən hər kəsə təşəkkür edib. O, Ermənistanın işğalçılıq siyasəti, Xocalı soyqırımı, işğal edilən torpaqlarımızda törədilən vandalizm aktları, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün hələ də öz evinə dönə bilməməsi, beynəlxalq təşkilatların bunun üçün rəsmi İrəvana heç bir təzyiq göstərməməsi, ikili standartlar barədə geniş çıxış edib. Q.Paşayeva qeyd edib ki, bu gün Dənizlidə Qarabağ parkı və Xocalı soyqırımı abidəsinin açılışı dosta da, düşmənə də ciddi mesajdır.
Açılış mərasimi bəzi televiziyalar tərəfindən canlı yayımlanıb.
Səxavət