15 Noyabr 2016 16:16
1 797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com boşanma prosesində yaranan problem və mübahisələrlə bağlı vəkil Asif Abdullayevdən müsahibə alıb. Müsahibəni təqim edirik:

–Asif bəy, ailə-məişət zəminli münaqişələrinin yaranmasının bir səbəbi də boşanma mədəniyyətinin olmamasıdır. Bu, özünü boşanma prosesində hansı şəkildə göstərir? Bununla nələri müşahidə etmisiniz?

–Təbii ki, digər ölkələrlə müqayisədə bizdə boşanmaya baxış fərqlidir. Əksər hallarda boşanma ailələr arasında düşmənçiliyə səbəb olur. Münasibətlər gərginləşir, qohum-əqrəba, tanışların hərəsi öz səviyyəsində əlaqələrini pozur. Münasibətlər bu səviyyəyə gələndə uşaqlar da əziyyət çəkir, iki tərəfin arasında qalırlar.

Uşaq anada qalır, onu ataya göstərmir. Ata da uşaq anayla qaldığından çalışır ki, alimenti ödəməsin, bu yolla acıq versin. Ən mənfi hal isə odur ki, bu prosesdə uşaqları da işə salırlar, qarşıdurmada onların özündən də istifadə edirlər.


Əslində, qanunvericilik imkan verir ki, boşanma prosesində iki tərəf detalları öz aralarında həll eləsin. Saziş bağlasınlar ki, digər valideyn uşaqla neçə dəfə görüşəcək, aliment məsələsi necə həll olunacaq, əmlak necə bölünəcək. Bütün bunları sivil şəkildə məhkəmədən kənarda da həll eləmək olur. Amma bizdə bu, mümkün deyil.

Bircə dəfə mənim götürdüyüm işdə olub ki, kənarda aliment məsələsində razılığa gəliblər. Qalan hallarda öz aralarında nəyisə həll etdiklərini görməmişəm. Təcrübədə belə hallara da rast gəlinir, ər-arvad gəlir ki, boşanırıq, uşaqla bağlı mübahisə yaranmır, razılıq əsasında anada qalır, ata deyir mənim bu qədər aliment ödəməyə imkanım çatır. Qadın da razılaşır. Yəni problemsiz boşananlar da var ki, bütün məsələləri özləri tənzimləyir.

–Problem və ya mübahisə yarananda məsələyə təkcə hüquqşünas kimi yox, bir insan kimi də müdaxilə edib, məsləhət verirsinizmi? Bu, işə yarayırmı?

–Təbii ki... Öz təcrübəmdən misal çəkim, 4-5 dəfə belə hal olub. Xanım boşanmaq üçün müraciət edib. Biz mənəvi tərəflərə çox da qarışa bilmirik ki, niyə boşanırsan, niyə həyat yoldaşınla yola getmirsən? Amma insan kimi çalışıram ümumi şəkildə araşdırım ki, nə məsələdir. Elə olur, baxırsan ki, narahatlıq üçün səbəblər var, amma çox primitivdir. Ya başqa cür olsa belə, görəndə ki, münasibətləri bərpa eləmək mümkündür, hələ imkanlar tükənməyib, deyirəm get bir həftə düşün, sonra gəl. Həyat yoldaşınla bir də otur söhbət elə, gör alınır, yoxsa yox? Bəlkə, fikrin dəyişdi.

Neçə dəfə belə olub və sonradan boşanmaq istəyən şəxs, ya ər-arvad bir yerdə gəlib ki, sağ olun, o vaxt prosesi başlatmadınız, vaxt verdiniz və biz boşanmadıq. Bu mənada məsləhətlər işə yarayır, barışıq olur. Çünki isti başla gəlirlər ki, tez ərizə yazıb boşansınlar. Mənə hətta gecə saatlarında mesaj yazanlar olub ki, səhər tezdən gəlirəm, ərizə yazım, məni boşayın. Amma sonradan barışıblar.

Belə məsələlərdə bizim də üstümüzə məsuliyyət düşür ki, onlara müəyyən yol göstərək. Statistika göstərək ki, baxın, sizin kimi cütlüklər çox olub, amma axırda boşanmayıblar. Siz də tələsməyin. Əsasən gənclər ailə məsələsinə də çılğın yanaşırlar, vəssalam, hər şey qurtardı. Onu görmək istəmirəm, filan. Amma sonra dərindən fikirləşirlər ki, gənc ailəyik, ortada körpə uşaq var, müəyyən çətinliklər olur və onlardan keçmək lazımdır. Hər bir ailə o çətin dövrü keçməlidir.

–Əvvəllər bizim ailələrdə qadın-kişi münasibətləri başqa cür idi. Yəni qadının hünəri nə idi kişidən boşansın, bunu ancaq kişi edə bilərdi. Amma indi vəziyyət dəyişib. Siz də elə düşünürsünüzmü ki, indi boşanma təkliflərini daha çox qadınlar edir?

–Belə deyək, məşğul olduğum işləri ümumiləşdirsəm, boşanmaq üçün daha çox qadınlar müraciət edib. Mənim təcrübəmdə bir neçə dəfə belə hal olub, qadın müraciət edib ki, mən boşanmaq istəmirəm, amma siz boşanma prosesini başlayın, bununla bağlı yoldaşıma xəbərdarlıq edin.

–Bu yolla kişiləri qorxudurlar?

–Hə, ərlərini qorxutmaq üçün yalandan boşanma oyunu qururlar. Sonra çox keçmir, zəng vururlar ki, artıq evdə vəziyyət dəyişib. Ərim gördü ki, mən boşanıram, üzr istədi, dəyişdi. Yəni belə hallar da olur...

–Bəs qanun icazə verirmi ki, belə yalançı boşanma prosesi başladılsın?

– Yalan olmur ki... Biz prosesi həqiqətən başladırıq, sonradan boşanmaq üçün müraciət edən tərəf ərizəsini geri götürür və proses başa çatır.

–Boşanmaq üçün məhz qadın müraciət etdikdə kişilərin reaksiyası necə olur?

–Daha çox kişilərin etirazı ilə qarşılaşırıq, boşanmaq istəmirlər. Kişinin düşüncəsinə görə, ailələri normaldır və boşanmaq üçün heç bir səbəb yoxdur. Yaxud görürsən, qadın ayrılmaq istəmir. İstənilən halda tərəflərdən birinin təşəbbüsü varsa və bu məsələdə israr edirsə, 3 ay tez, 3 ay gec boşanma baş tutur.

Təəssüf doğuran bir hal da var. Bu yaxınlarda bir qadın zəng elədi ki, ərim məni incidir, döyür, başıma oyun açır, mən ondan boşana bilərəmmi? Yəni sual verirlər ki, mənim belə hüququm varmı? Elə bilir ki, kişi onu döyüb-söyməlidir, o da ömür boyu dözməlidir. O, öz hüququnu bilmir. Ümumiyyətlə, bu sahədə müxtəlif ictimai şəxslərə müraciətlər hazırlamışam, müəyyən addımlar atıram ki, cəmiyyət maariflənsin.

Çox adam bilmir ki, onun nəyə ixtiyarı var, nəyə hüququ çatır, nəyə yox. Ona görə də hər gün mətbuatda “Filankəs arvadını doğradı”, “Arvad kişini bıçaqladı” kimi xəbərlərlə qarşılaşırıq. Əsasən qadınlara kölə kimi baxılır və onlar da bu münasibətə səslərini çıxarmır.


–Sizin məşğul olduğunuz boşanma prosesinin ölümlə, zorakılıqla nəticələndiyi olubmu?

–Yox, olmayıb. Məsələ o səviyyəyə gəlib çatmayıb. Adətən, ər qadını hədələyib ki, boşansan səni belə eləyəcəm, elə eləyəcəm. Amma heç bir pis hadisə baş verməyib, axırda boşanıblar.

–Bəs sizin özünüzə prosesi yarımçıq qoyasınız deyə belə hədələr olurmu?

–Ümumilikdə qarşı tərəf həmişə bizə neqativ fikirdə olur. Elə qadın olub, onu müdafiə etmişəm, amma əri üstümə gəlib ki, onu sən qızışdırmısan. Bu, onun işi deyil, sənin işindir. Yəni bu cür münasibətə biz öyrəşmişik. Ona görə də bu, problem yaratmayıb.

–Asif bəy, hər dəfə statistika göstərir ki, boşanmaların sayı artır, amma biz konkret səbəbləri bilmirik. Bu işin içində olan bir adam kimi ümumiləşdirmə aparıb deyə bilərsinizmi ki, bu boşanmalar daha çox hansı səbəblərdən baş verir?

–Səbəblərdən biri maddi çətinlikdir. Bir də gənclərdə bir xüsusiyyət var: tez alışıb, tez soyumaq. Sevir, evlənir, 6 ay sonra deyir ki, mən onunla yaşamaq istəmirəm. Bu da bir səbəbdir. Xəyanət məsələləri də olur, bununla bağlı daha çox qadınlar müraciət edirlər. Deyirlər ki, ərim xəyanət edib, artıq onunla yaşaya bilmərəm.

Əslində, bir yanaşma da var ki, qadın deyir, ərim çoxdan xəyanət edir, amma indiyə kimi göz yummuşam. İndi artıq məni döyür, evə baxmır. Yəni xəyanəti bağışlayırlar, amma artıq vəziyyət elə həddə çatır ki, dözə bilmirlər. Ümumiləşdirəndə boşanmalara səbəb daha çox maddi problemlər, xəyanət, xasiyyət uyğunsuzluğudur.

Bir vacib məqam da var: kənar şəxslərin ailələrə müdaxiləsi. Kənar şəxslər deyəndə qayınana, qayınata, baldızı və digərlərini nəzərdə tuturam.

–Son olaraq bir şeyi soruşum. Deyirlər belə bir tendensiya yaranıb ki, qadınlar məqsədli şəkildə evlənib-boşanaraq qarşı tərəfin mal-mülkünə şərik çıxmaq istəyirlər. İronik şəkildə desək, varlanmağın yeni üsulunu tapıblar. Belə davaların şahidi olursunuz heç?

–Boşanmaların əksəriyyəti əmlak üstündə mübahisələrlə müşahidə olunur. Bəziləri düşünür ki, ərə getmişəm, ondan uşağım da var, boşananda evini, maşınını mənə verəcək. Elə şey yoxdur. Bunu çox adam bilsə, elə saxta ailələr qurulmaz. Birgə nikah dövründə nə alınıbsa, nikaha xitam veriləndə də o bölünür. Nikahdan əvvəl alınan heç bir şey bölünmür. İstəyirsən onunla 1 il yaşa, istəyirsən 5 il, nə qədər uşağın olur da olur-olsun... Bunun məsələyə heç bir dəxli yoxdur.

Sadəcə, gələcəkdə ata rəhmətə gedəndə uşaq onun varisi ola bilər, uşağın və atanın o mal-mülkdən istifadə hüququ ola bilər. Əmlak mübahisəsi çox olur. Bəzi hallarda da əsassız olur. Gəlin köçür qayınatanın evinə, boşananda deyir mən də o evdə yaşamışam, o evdən mənə də pay düşür. Bir düşüncə də var ki, qız ata evindən qayınata evinə gedir, sonra boşananda deyir ərim mənə ayrıca ev verməlidir. Amma qanunla belə anlayış və yanaşma yoxdur ki, sən boşandınsa ərin sənə ev verməlidir. Bu, yanlış yanaşmadır.

Sevinc Fədai


Müəllif:

Oxşar xəbərlər