“Xalq Cəbhəsi” qəzeti 15 yaşını qeyd edir. Qəzetin ilk nömrəsi 20 noyabr 2001-ci ildə çapdan çıxıb. Baş redaktor Elçin Mirzəbəyli ilə müsahibədə bu barədə danışdıq:
-“Elçin müəllim, gəlin “Xalq Cəbhəsi” qəzetinin üstünlük verdiyi mövzulardan başlayaq...
- Qəzetimizin əsas məqsədi Azərbaycan mediasının təməl prinsiplərinə xidmət etmək, Həsən bəy Zərdabidən başlayan maarifçiliyi davam etdirmək, Bütöv Azərbaycançılıq, milli dəyərlər söykənən kurs yürütməkdir. İstənilən peşəkar mətbuat orqanının xarakterinə uyğun olaraq dürüstlük, qərəzsizlik, obyektivlik bizim qəzetin də əsas hədəfləridir.
-Həftədə neçə dəfə çıxa bilirsiz? Tiraj nə qədərdir?
-Azərbaycanda gündəlik mətbuat orqanları kimi qəzetimiz həftədə 5 gün çıxır. Tiraj 3 min və ya bir az artıq olur. Situasiyadan asılıdır. Amma “Xalq Cəbhəsi”nin “qəzet aclığı” dövrlərdə daha böyük tirajla çıxdığı vaxtlar olub. Daha sonra internet medianın inkişafı dünyanın hər yerində olduğu kimi, bizdə də çap mediasına mənfi təsiri göstərdi. Ancaq problem təkcə internet mediası ilə bağlı deyil. Azərbaycanda marketinq, yayım, reklam bazarının məhdudluğu kimi problemlər də var və bunlar tiraja təsir göstərir.
Azərbaycanda gündəlik pressanın problemləri faktiki eynidir. Mən zamanla bu problemləri, bu mərhələləri keçəcəyimizi düşünürəm. Dünyada tirajı 1-2 milyona çatan nüfuzlu nəşrlərin də sayı düşüb. İnternet media insanların bütün maraqlarını özünə cəlb edib.
Vaxtilə kino yeni yarananda teatr üçün nəzərdə tutulmuş salonların əksəriyyəti kinozallara çevrildi. Həmin dövrün mətbuat orqanlarında teatr epoxasının başa çatdığını elan edən məqalələr dərc olunurdu. Zaman keçdi, teatr yaşamağa davam elədi. Teatr bu gün də yaşayır.
Qəzet canlı ünsiyyət vasitəsidir. Çap mətbuatının özünəməxsus qoxusu var –onu hiss edirsən, duyursan, qoxulayırsan. İnternet medianın qoxusu yoxdu, duymaq olmur... Fikrimcə, zamanla insanlar qəzet qoxusu üçün darıxacaqlar.
-Dediniz, “Xalq Cəbhəsi” qəzetinin böyük tirajla çıxdığı vaxtlar olub. O zaman tiraj nə qədər idi?
-15 min tirajımız vardı. Daha sonra azala-azala gəldik... Vaxt vardı Azərbaycanda populyar qəzetlər 25-30 min tirajla çap olunurdu.
-Hər gün planlaşdırma aparırsız?
-Səhər redaksiyaya ən tez mən gəlirəm. İşə nadir hallarda gecikirəm. Planlaşdırmanı isə həftəlik edirik. Çünki qəzet mahiyyət etibarı ilə funksiyası dəyişib. Biz gündəlik xəbərlərlə işləmirik. Operativ xəbərləri internet media anında yayır, gündəlik xəbərlərin səhəri gün heç bir əhəmiyyətli olmur. Ona görə analitik materiallara, şərhlərə üstünlük veririk. Hər hansı önəmli hadisə baş verərsə, bunun ətrafında xüsusi müzakirə aparmağa ehtiyac yaranarsa, redaktorlarla yığışıb fikir mübadiləsi aparırıq.
-Elçin müəllim, qəzetdə indi iş hansı saatda bitir?
-İşimizin nə vaxt bitdiyini bir Allah bilir (gülür). Önəmli hadisə baş verməsə, redaksiyadan tez çıxa bilirəm. Gecəyəcən işdə olduğumuz vaxtlar da olur. Mən hər gün işdəyəm, hətta şənbə günləri də gəlirəm...
-Oxucu zəngi alırsızmı?
-Zənglər də olur, hətta məktub da alıram. İndi rabitə imkanları genişlənib. İnsanlar sosial şəbəkələr vasitəsilə də problemlərini yazırlar. Məktublar adətən ucqar rayonlardan gəlir. Əksəriyyəti şikayət məktubları olur. Onların arasından xüsusi qeyd edəcəyim məktub yoxdur. Məktublar da elə qəzetlərimiz kimi ağ-qaradır.
-Özünüz hansı qəzetləri oxuyursuz? Sonuncu dəfə hansı qəzetdə hansı yazı xoşunuza gəlib?
-Mən səhər işə gələndə gündəlik qəzetlərin əksəriyyəti masamın üstündə olur. Onları oxuyuram demək doğru olmaz, həmin qəzetlərə sadəcə baxıram. Bütün qəzetləri izləmək mümkün deyil. Rəsmi qəzetlərdən başlayaraq “Xalq qəzeti”, “Yeni Müsavat”, “Bakı xəbər” və digər qəzetlərə göz gəzdirirəm. Məni cəlb edən xüsusi məqalə gözümə sataşsa, boş vaxt tapıb həmin yazını oxuyuram. Gün ərzində beynimizdən o qədər fikir keçir ki, yaddaşımız kompüter yaddaşı kimi dolur. Xatırlanası nəsə qalmır. Adətən maraqlı reportajı oxuyuram. Son günlər Dilqəm Əhmədin Türkiyədən hazırladığı reportajları, “Yeni Müsavat” qəzetində “Bizim Qonaq” rubrikasındakı söhbəti qaçırmıram, öz qəzetimizdə “Qızılbaş” adlı araşdırma yazısını oxuyuram. Yaşlı nəsli oxuyub bitirmişik deyə, gənclərin şeirlərinin, köşə yazılarının da oxucusuyam. Müsahibədən öncə köşə yazılarına baxırdım.
-Qəzetinizin nə qədər işçisi var? Daha çox hansı müxbirin yazısını bəyənirsiz?
-Ümumi heyətimiz 15 nəfərdir. 3 redaktor, 5 nəfərlik texniki heyət, qalanı da müxbirlər... Hamısının yazısını bəyənirəm. Baş redaktor kimi aralarında fərq qoymuram. Hər müxbirimizin öz dəsti-xətti var, fərqləndirməyə çətinlik çəkirəm. Hətta yazısını çox oxuduğum müxbir olsa belə, onu demərəm...
-Redaksiyada işçiləri görmədik...
-Dediyim kimi, qəzetdə situasiya başqadır. Reaksiyada qaynar vaxt saat 16-17:00-dan sonra başlayır, işçilər həmin vaxt topladıqları materiallarla redaksiyada olurlar. İndi kabinetdə görüləsi bir iş yoxdur. Redaksiyada adətən texniki heyəti və məni görə bilərsiniz.
-Necə bir qəzet çıxarmaq istədiniz?
-Şübhəsiz, istərdim Azərbaycanda yüksək poliqrafiya imkanları olsun, qəzetimiz rəngli çıxsın. Bundan əlavə, qəzetin ayrıca mədəniyyət əlavəsini çıxarmağı arzulayıram, səhifələrin sayı çox olsa, nə gözəl... Qəzetimizi bəzəyən reklamlar görmək istərdim. Bunlar böyük arzulardır...
-Qəzetə reklam verən olurmu?
-Çox nadir hallarda... Problemin kökü sahibkarlıqla bağlı məsələlərə gedib çıxır. Təəssüf ki, sahibkarlar medianın mahiyyətini ya başa düşmür, ya da başa düşmək istəmirlər. Onlar bu ölkədə yaşayıb, bu ölkənin imkanları hesabına bacarıqlarına uyğun pul qazanırlarsa, anlamalıdırlar ki, ilk növbədə mediaya dəstək verməlidirlər. Mediadan çox şey asılıdır. İctimai rəyi müəyyənləşdirir, yetkin vətəndaş yetişdirməyə xidmət edir. Alıcılar yetkin vətəndaşlardır. Biz zövqlü insanlar formalaşdırmalıyıq.
Azərbaycanda təəssüf ki, milli burjuaziyanın bu istiqamətdə düşüncələri arzu etdiyimiz səviyyədə deyil. Yaxşı olardı, bu yöndə müəyyən fəaliyyət olsun. Mətbuat Şurası belə bir fəaliyyət planlaşdırmışdı. Hesab edirəm ki, iş adamlarına Azərbaycan mediasının əhəmiyyəti izah edilməlidir.
-Elçin Mirzəbəyli necə baş redaktordur?
-Əməkdaşlardan soruşsanız, tərifləyəcəklər... Burdan gedən işçilərdən də soruşsanız, yenə məni tərifləyəcəklər. Çünki bizdə mühit sağlamdır. İşçilər arasında heç vaxt hər hansı konflikt yaşanmır. Hamımız dostuq.
Qəzetdə baş redaktor, redaktor, korrektor fərqlənmir. İstənilən mövzuda danışa bilərik. Əsas odur yaradıcı mühit var. Korrektor xəstələnəndə mən jurnalistə demirəm ki, korrektoru əvəz elə Özüm səhifələri götürüb, korrektə edirəm.
- “Xalq Cəbhəsi” qəzetinin ad gününü kimlər təbrik etdi?
- Çox adam. İndi sosial şəbəkələrdə təbrik etmək daha asandır. Status yazırlar, mesaj göndərirlər, bununla təbrik məsələsi həll olunur. Millət vəkili Qüdrət Həsənquliyev başda olmaqla vaxtı ilə qəzetdə çalışanlar, şəxsi dostlarım, ayrı-ayrı mətbuat orqanlarının rəhbərləri bizi təbrik etdilər. Mən xüsusi gözləntisi olan adam deyiləm, kimdənsə xüsusi təbrik gözləmirəm.
-Qəzetin ad gününü necə qeyd etdiniz?
-Dünən qəzetin kollektivi ilə ad günümüzü qeyd etdik. Qənaət rejiminə keçmişik. Əlbəttə, istərdik geniş məclis quraq. 10 illiyimizi o cür geniş keçirmişdik...
İlhamə ƏBÜLFƏT
Elçin Murad