Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı dünən 56 yaşını qeyd edən həyat yoldaşı Tənzilə Rüstəmxanlını sosial şəbəkədə qeyri-adi formada təbrik edib.
Teleqraf.com xəbər verir ki, Sabir Rüstəmxanlı 20 il öncə həyat yoldaşının şərəfinə yazdığı “Yaşını demə” şeirini feysbukda paylaşaraq yazıb: “Çətin ömür yolumun etibarlı yoldaşı, əziz Tənzilə xanım, doğum günün dolayısıyla Səni təbrik edirəm. Nə yaxşı ki, bu şerin yazıldığı gündən keçən iyirmi il heç nəyi dəyişə bilməyib; nə Səni, nə bu misraları doğuran duyğuları...”
Sabir Rüstəmxanlının feysbuk paylaşımını təqdim edirik:
“Yaşını demə”
Tənzilənin ad gününə
Ad günün mübarək sevincim, dərdim,
Bu günə ən gözəl duyğumu verdim,
Sevgim gül-çiçəkdir, yoluna sərdim,
Çiçək yaşındasan, yaşını demə!
Bəlkə bahar gəldin, bəlkə qış gəldin,
Bəlkə məzarıma soyuq daş gəldin
Nə zaman gəldinsə mənə xoş gəldin
İstək yaşındasan, yaşını demə!
Həsrətim sel idi axını sənə,
Nə qədər nəğməm var, oxunur sənə,
Gülün ləçəyi də toxunar sənə,
Kövrək yaşındasan, yaşını demə!
Günəş şəfəqindən endirib bəlkə,
Məni bəxt atına mindirib bəlkə,
Allah cənnətindən göndərib bəlkə,
Mələk yaşındasan, yaşını demə!
Qanımı qaynadır, səndən hər soraq,
Ruhumu dincəldir bu ev, bu otaq,
Sirrimi oxuyan, dərdimə ortaq,
Kömək yaşındasan, yaşını demə!
Sevgi yaşayırsa ilin fərqi yox,
Könlüm sənindirsə, dilin fərqi yox,
Sinəmdə, sinəndə, gəlin, fərqi yox,
Ürək yaşındasan, yaşını demə!